Əsas Səhifə > Ölkə, Manşet > “Özbaşına” banklar və cavabsız şikayətlər

“Özbaşına” banklar və cavabsız şikayətlər


5-03-2018, 09:18
“Özbaşına” banklar və cavabsız şikayətlər
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yarandığı gündən etibarən ciddi təndiqlərə məruz qalıb. Bunun da kökündə duran əsas məsələ Palatanın işində yol verdiyi nöqsanlar və qəbul etdiyi qərarlardakı boşluqlardır.

Bu günlərdə 2016-2017-ci illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında Qeyri-Həyat sığortaları üzrə yığım və ödənişlərin statistikası açıqlanıb. Məlum olub ki, ödənişlərdə olan azalmanın səbəbi Palatanın vətəndaşların şikayətinə adekvat reaksiya verməməsi üçündür. Ümumiyyətlə, Palatanın fəaliyyət müddətində bu cür şikayətlərə, nöqsanlara dəfələrlə rast gəlinib. Xüsusilə, banklara qarşı olan şikayətlərin böyük bir hissəsi cavabsız qalıb, ən yaxşı halda isə təmin olunmadığı haqqında cavab göndərilib.

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə şərhində Palatanın fəaliyyətində bu cür nöqsanların olduğunu istisna etməyib: “Banklarla məsələ aydındır, amma məndə olan məlumata görə sığorta şirkətlərinə nəzarət funksiyası Maliyyə Nazirliyinə aiddir. Əgər yeni bir dəyişiklik yoxdursa, bu nazirliyin balansındadır. Ancaq, bunun fərqi yoxdur. Hansı qurum nəzarət edirsə, mütləq qaydada şikayətlərə reaksiya verməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) isə təkcə bu sahədə narazılıq yoxdur. Yəni, Palatanın ümumi fəaliyyətində çatışmazlıqlar çoxdur.

Çatışmazlıqlar isə ondan ibarətdir ki, hər-hansı iqtisadi cəhətdən narahat bir dövr yarananda dövlət nəzarət orqanları zamanında reaksiya verib narazılıqları tənzimləsələr, sonra bu problemlər elə də qabarıq şəkildə üzə çıxmaz. Çox təəssüflər olsun ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəalliyyətində hələ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi olduğu dövrdə də ciddi çatışmazlıqlar var idi. Qiymətli kağızların dünya bazarına çıxarılması, vətəndaşların məlumatlandırılması, ölkədə Forex xidmətinin tətbiqi ilə bağlı çox böyük nöqsanlar var idi. Hələ o dövrdə biz monitorinq aparırdıq və məlum oldu ki, şikayətlərə cavab olaraq məktubda ya biz bu şikayətlərə baxmırıq yazırdılar, ya da sadəcə olaraq reaksiya vermirdilər”.

Fuad İbrahimov maarifləndirmə işinin də zəif olduğunu vurğulayıb və vətəndaşların məsuliyyət məsələsini gündəmə gətirib: “Ancaq son dövrlərdə sığorta ilə bağlı xidmətlərdə çox böyük irəliləyişlər var. Burada digər bir problem isə vətəndaşların öz işlərinə məsuliyyətsiz yanaşmalarıdır. Vətəndaş istər icbari, istərsə də digər sığorta müqavilələri alanda orada yazılan qeydləri oxumur və nəticədə hadisə baş verdiyi anda hansı addımı atacaqlarını bilmirlər. Ya avtombili hadisə yerindən çəkirlər. Ya gec zəng edirlər.

Yəni, ardıcıllığı pozurlar. Bu nöqteyi-nəzərdən əgər dövlət qurumu nəzarət mexanizmini həyata keçirirsə, mütəmadi olaraq maarifləndirici verilişlər, reklam çarxları yayınlanmalıdır ki, vətəndaşlar sadəcə olaraq görüb öyrənsinlər. Son zamanlar müşahidələr göstərir ki, piyada keçidlərində bütün sürücülər piyadalara yol verirlər. Çünki burada həm cərimə sanksiyaları nəzərdə tutulur, həm də maarifləndirmə yüksək səviyyədə gedib. Eyni zamanda təhlükəsizlik kəmərinin tətbiqi. Ancaq bütün hallarda nəzarət funksiyası olan dövlət qurumlarında nöqsanlar var. Hesab edirəm ki, bu nöqsanların aradan qaldırılması üçün ictimailəşdirilməsi vacibdir. Bu cür nöqsanların aradan qaldırılmasında əsas işi jurnalistlər görür. Nöqsanları işıqlandırır və bu da problemin aradan qalxmasına şərait yaradır”.

Geri qayıt