Əsas Səhifə > Ölkə, Manşet > "Ancaq bu uşaq təhsil almalıdır axı..."

"Ancaq bu uşaq təhsil almalıdır axı..."


5-10-2017, 09:37
"Ancaq bu uşaq təhsil almalıdır axı..."
"Bədənim qəlpələrlə, tikişlərlə doludur. Bilmirəm canımın hayına qalım, yoxsa azyaşlı, xəstə övladımın təhsilinin dərdini çəkim. 5 aydır ki, uşağım məktəbə getmir. Məktəbə getməyən uşaqla heç bir dövlət qurumu maraqlanmır. Biz özümüz bu barədə dövlət qurumlarına müraciət edəndə elə davranırlar ki, sanki onlardan maddi umacağımız var. Bu vəziyyət də bizi ailə olaraq həm əsəbiləşdirir, həm də ruhdan salır". DİA.AZ bildirir ki, bunu Ağstafanın Eynallı kənd sakini, ikinci qrup müharibə əlili Asim Bağırov deyir. Onun sözlərinə görə, anadangəlmə nitqi qüsurlu olan oğlu Elvinin təhsil problemi var. Bu problem həllini tapmadıqca həm balaca Elvin, həm də ailə üzvləri ümidsizliyə qapılır.

Əlil deyir, dövlət qanunlarının xəstə uşağa verdiyi hüquqdan yararlanmasına şərait yaradılmır: “Üç övladım var. 13 yaşında olan qizım Aysel anadangəlmə əlildir, cəngolması var. 8 yaşında olan oğlum Elvin isə nitq qüsurlu əlildir. O da anadangəlmə xəstədir. Hər ikisi daimi müalicələr altında yaşayır. Həkim bildirdi ki, uşaq məktəbə getsə, nitqi qüsurların aradan qaldırılmasına böyük köməyi dəyər. Mən də rayon təhsil şöbəsinə müraciət etdim".

Atanın sözlərinə görə, 2013-cü il sentyabrın 15-dən Elvin Ağstafa şəhərindəki 1 saylı orta məktəbə gedib. Ancaq qısa müddətdən sonra valideynlər müəllimlərin nitqi qüsurlu uşaqla kobud davrandığını görüblər. Bu barədə əvvəl məktəbin direktoruna, sonra isə rayon təhsil şöbəsinə və yerli icra hakimiyyətinin aidiyyəti şöbəsinə müraciət ediblər. Müraciətləri və şikayətləri cavabsız qaldıqda isə balaca Elvin cəmi 6 aylıq məktəb həyatını evlə əvəzləməli olub.

Ata danışır: "Gördük, uşağa münasibət dəyişmir, məcbur olub evdə saxladıq. Ancaq bu uşaq təhsil almalıdır axı... Rayon təhsil şöbəsinə getdik, müəllimlərdən, direktordan şikayət etdik ki, xəstə uşaqlarla kobud davranırlar, şöbənin rəisi bizi qovdu. İcra hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasına müraciət etdik, oradan da səs çıxmadı. Bu uşaq təhsildən kənarda qalır, halbuki, icbari təhsil onun konstitusion hüququdur. Övladım hazırda bu hüquqdan məhrumdur".

Ümimiyyətlə Elvinin valideyninin əsas istəyi distant, yəni evdə təhsildir. O uşağa peşəkar loqopedin evdə təhsil verməsini istəyir.

Geri qayıt