Əsas Səhifə > Ölkə, Güney Press, Manşet, foto > Dərman biznesi onun inhisarındadır...
Dərman biznesi onun inhisarındadır...23-05-2017, 10:34 |
Bu gün elə ailə yoxdur ki, hansısa dərman peraparatlarından istifadə etməsin. Və əksər hallarda son söz bu olur: ”Dərman təsir etmir. İrandan, Türkiyədən dərman gətizdirdik”. Yəqin ki, maraqlıdır, nədən Azərbaycanda belə durum yaranıb və bunun kökündə nələr və kimlər dayanır. Apardığımız bir neçə günlük araşdırmanı nəzərinizə çatdırırıq. Ölkədə nə qədər aptek var? Araşdırmaya ilk olaraq bu suala cavab tapmaqla başladıq. Apteklər üçün hansı qaydalar mövcuddur?. İlk qayda apteklərin lisenziyaya sahib olmalarıdır. Amma son bir neçə il ərzində bu sahədə sözün həqiqi mənasında bir yiyəsizlik yaranıb. Çünki bu gün Bakıda və bölgələrdə fəaliyyət göstərən apteklərin 80 faizi lisenziyasız fəaliyyət göstərir. Sadəcə olaraq bu elə bir şəkildə həyata keçirilir ki, diqqəti cəlb etmir. "Gündəm Xəbər”in apardığı araşdırma nəticəsində aydın oldu ki, bu gün Azərbaycanda iki əsas şirkət aptek sahəsinə nəzarət edir. Bunlardan biri "Avromed”, digəri isə "Zəfəran” dır. "Avromed”in demək olar ki, şəhərin hər yerində aptekləri var və "Avromed”ə tabe olan daha bir neçə şirkət də mövcuddur. Və əsas məsələ də bu şirkətlərdə baş verir. Belə ki, aptek açmaq istəyən və lisenziya ala bilməyən şəxs "Avromed”ə daxil olan şirkətlərlə əlaqə yaratmalı və onların adıyla fəaliyyət göstərməlidir. Bu cür apteklərdən lisenziya tələb etdik də isə bildirilir ki, lisenziyaları "Avromed”dədir. Əslində isə elə bir lisenziya yoxdur və qaydalara əsasən lisenziya aptekin qapısı üzərinə vurulmalıdır ki, müştəri aptekə daxil olan kimi onu görsün. Amma apardığımız araşdırmalar göstərdi ki, əksər apteklərin lisenziyası yoxdur. Millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə yaradılan "Avromed” şirkətində baş verənlərdən bildirilir ki, Cavanşir Feyziyevin heç xəbəri də yoxdur. Çünki bu işi şirkətə daxil olan bir neçə şirkət həyata keçirir. Səhiyyə nazirliyi isə hələ də bu məsələyə göz yumur. Apteklər üçün sadə şərt Bu gün apteklərlə bağlı növbəti ciddi qanunpozuntulıarı apteklərin yerləşdikləri obyektlərlə bağlıdır. Rəsmi qaydaya görə aptek ən azı 38 kvm-lik yerləşməlidir. Amma baxın görək bu gün Bakıda neçə aptek bu qaydaya əməl edir?. Yəqin ki, 80 faiz aptekin bu qaydalara əməl etmədiyi açıq şəkildə görünür. Bu məsələdə də "Avromed”ə daxil olan bir neçə şirkətin "əziyyəti” var. Belə ki, məlum apteklərə himayədarlıq etməklə məsələni yoluna qoya biliblər. Dağıstandan gətirilən dərmanların sirri Dərman fırıldaqları və ya Çin necə Serbiya olur? Bu gün apteklərlə bağlı başqa və daha dəhşətli problem ölkəyə dərmanların gətirilməsi ilə bağlıdır. Apardığımız araşdırmalar göstərir ki, bu gün Bakıda tək-tük apteklərdə keyfiyyətli dərman tapmaq mümkündür. Çünki ölkəyə gətirilən dərmanların əksəriyyəti normaya cavab vermir. Hazırda ölkəyə gətirilən dərmanların çox böyük hissəsi Dağıstanda hazırlanır.Apardığımız araşdırmalar göstərir ki, Dağıstanda fəaliyyət göstərən dərman sexlərinin əksəriyyəti Belorusiyada fəaliyyət göstərən dərman zavodunun lisenziyasını ala biliblər. Amma hazırladıqları dərmanların keyfiyyəti aşağıdır. Bundan başqa azərbaycanlı işbazlar yeni üsul da yaradıblar. Belə ki, daha çox gəlir əldə etmək üçün dərmanların həcmini azaldırlar. Məsələn, hansısa dərmanın çəkisi 10 qram olmalıdır. Amma sifarişçi sifariş verib dərmanın çəkisinin 5 qram olmasını istəyir. Nəticə də dərman ona ucuz başa gəlir. Amma dərmanı qəbul edən xəstə burada itirir. Çünki 10 qramlıq dərmanla 5 qramlıq dərmanın təsirində böyük fərq var. Bu səbəbdən də əhali dərmanı daha çox Türkiyədən, İrandan almağa çalışır.Başqa maraqlı bir fakt isə aptek bazarında qanunsuz dərmanların dövriyyəsidir. Apardığımız araşdırmalar göstərir ki, ölkədə küstar üsullarla hazırlanan dərmanların da sayı çoxdur. Bunun üçün isə tutalım Belorusiyadan 4 ton dərman gətirilirsə, bazarda eyni dərman 10 ton satılır. Bu zaman aydın olur ki, 6 ton dərman Dağıstanda heç bir qaydaya əməl etməyən sexlərdə hazırlanıb və tərkibi bərbad haldadır. Çin necə Serbiya olur? Başqa ciddi məsələlərdən biri də Avropadan gətirilən dərmanlarla bağlıdır. Araşdırma təsdiqləyir ki, ölkəyə dərmanlar daha çox Serbiyadan gətirilir. Daha doğrusu Serbiyada fəaliyyət göstərən şirkətlərin lisenziyası ilə. Əslində isə bu dərmanlar aşağı keyfiyyətlə Çindən gətirilir. Bəs bu necə olur ki, Serbiya şirkətlərinin lisenziyası ilə satışa çıxarılır? Apardığımız araşdırmalar göstərir ki, Çindən olan iş adamları Serbiyada şirkət təsis edir, daha sonra bu şirkətin lisenziyasını alaraq Çində dərman istehsalına başlayırlar. Buna görə də dərmanlar Serbiya şirkətlərinin lisenziyaları ilə fəaliyyət göstərirlər. Halbu ki, Serbiyada bu şirkətlər faktiki olaraq fəaliyyət göstərmirlər. Beləliklə gördüyünüz kimi insanların həyatına böyük təhlükələr var. Bundan çıxış yolu isə hələ ki, görünmür. Araşdırmalarımız davam edir. Yazıda adı çəkilən "Avromed” rəsmilərinin mövqeyini dərc etməyə hazırıq. (Mənbə:GundemXeber.az) dia-az.life xatırladır ki, bu gün ölkədə dərman biznesinə nəzarət Səhiyyə Nazirinin müavini Elsevər Ağayevin əlindədir. Deməli, yuxarıdakı faktların, ittihamların nazir müavininə birbaşa aidiyyatı var. dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |