Əsas Səhifə > Ölkə, Manşet > Qardaş Türkiyədə HEYDƏR ƏLİYEV MÖHTƏŞƏMLİYİ...
Qardaş Türkiyədə HEYDƏR ƏLİYEV MÖHTƏŞƏMLİYİ...11-05-2017, 10:58 |
09.05.2017-ci il tarixdə Türkiyənin Tarsus şəhərindəki Heydər Əliyev adına parkda Ulu Öndərin anadan olmasının 94 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Tarsus bələdiyyəsinin sədri Şevket Can, Tarsus Kaymakamı Yüksel Ünal, Mersin Büyükşehir Bələdiyyə sədri Burhanettin Kocamaz, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov, Xətai bələdiyyəsinin sədri Əliyar Əliyev, Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, aparatın baş məsləhətçisi İnal Heydərli, Çamlıyayla bələdiyyə sədri İsmail Tepebağlı, MHP Mersin İl Başkanı Atsız Afşin Yılmaz, İlçe Jandarma Komutanı Mahmut Erin, MHP Tarsus İlçe Başkanı Ertuğrul Bodur, Tarsus Müftisi Hayri Erenay, Ticarət və Sənaye Odası Başkanı Ruhi Koçak, oda ve dərnək sədrləri, bələdiyyə və məclis üzvləri, muxtarlar və çoxsaylı qonaqlar iştirak ediblər. Tədbir folklor oyunları və kiçik yaşlı məktəblilərin çıxışları və Tarsus Bələdiyyə sədri Şevket Canın qızı İrem Canın Azərbaycan şeirini oxumasıyla başlanıb. Tədbirdə çıxış edən Tarsus bələdiyyəsinin sədri Şevket Can bildiririb: “Türkiyə və Azərbaycan xalqı qardaşdır. Xətai rayonu ilə Tarsus şəhəri 2007-ci ildən qardaşlaşıb, 2009-cu ildə isə Xətai rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tarsusda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu parkı açmışıq. Bu gün Heydər Əliyev Azərbaycanda nə qədər sevilib sayılırsa, bizdə də o qədər sevilir və sayılır. Böyük Öndər Heydər Əliyev həyatı boyunca bu qardaşlığın daha da güclənməsi üçün əlindən gələni etmiş, və “İki dövlət bir millət “ ifadəsi ilə bu münasibətlərə əbədilik qazandırmışdır. Ulu Öndər Mustafa Kamal Atatürk də “Azərbaycanın sevinci bizim sevincimizdir, hüznü bizim hüznümüzdür” demişdir. Biz də bu anlayışla yola çıxaraq Türkiyə-Azərbaycan dostluğu ve qardaşlığınn davamı üçün çalışacağıq. Çıxış edən Tarsus Kaymakamı Yüksel Ünal, Heydər Əliyevin türk dünyası üçün önəmli və əvəzsiz xidmətlərinin olduğunu bildirdi. Azərbaycanın Türkiyə üçün bir can olduğunu bildirən Mersin Büyükşehir Bələdiyyə sədri Burhanettin Kocamaz deyib: “Həqiqətən, əziz Atatürkün 1930-cu illərdə dediyi kimi bu günlərin gələcəyini dörd gözlə gözləyirdik. İnsanlarımızın bir araya gəlməsini, qaynaşmasını, bir-biriylə bütünləşməsini həmişə arzu edirdik. Bu gün Allaha minlərcə şükürlər edirik ki, Azərbaycanlı qardaşlarımız, qan qardaşlarımız artıq heç bir yerdən icazə almadan birbaşa gəlib bizimlə görüşə bilirlər, bizlər də eyni şəkildə oralara gedib qardaşlarımızla görüşə bilirik. Mən Tarsusda Heydər Əliyev ruhunun bu gün aramızda dolaşmasından, bizləri görüşdürməsindən həqiqətən qürur duyuram. Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov öz çıxışında bildirib ki, hər bir millətin tarixində müstəsna rol oynamış, millətin taleyini dəyişdirən, dövrlər, nəsillər dəyişsə də heç bir zaman unudulmayacaq liderlər vardır. Belə insanların böyüklüyü illər keçdikcə daha aydın hiss olunur. Bu insanlardan biri də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevdir. Sovet İttifaqı zamanından Müstəqil Azərbaycanın bu gününə qədər keçən tarixi dövr ərzində həm dünyada, həm Azərbaycanda çox şeylər dəyişmişdir. Amma bizim üçün dəyişməyəcək tək şey Heydər Əliyev şəxsiyyətinə olan sevgi və hörmətdir. Bilirsiniz ki, 1991-ci ildən müstəqilliyini yenidən qazanmış Azərbaycan Respublikası çoxsaylı çətinliklərlə qarşılaşmış, iqtisadiyyatı tamamilə çökmüş, daxili çəkişmələr və xarici təzyiqlər nəticəsində 1920-ci ildə olduğu kimi müstəqilliyini yenidən itirmə təhlükəsi ilə qarşı-qarşıya qalmışdır. Belə çətin bir dönəmdə yenidən siyasətə qayıdan Heydər Əliyev xalqının ondan gözlədiyi missiyanı uğurla tamamlamış, Azərbaycanı parçalanma təhlükəsindən qurtarmışdır. Heydər Əliyev hər zaman Türkiyə ilə olan münasibətlərə xüsusi önəm vermişdir. Çünki, Türkiyə və Azərbaycanı bir millət iki dövlət olaraq görmüşdür. Tədbirdə çıxış edən Milli Məclisin üzvü Hüseynbala Mirələmov bildirmişdir ki, Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyev, türk dünyasının dostluğu, qardaşlığı, əbədiyyən yaşayacaq, gələcək nəsillər bu qardaşlığı hər zaman davam etdirəcəkdir. Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov da öz çıxışında Türkiyə və Azərbaycan qardaşlığının, dostluğunun əbədi olacağını dilə gətirib. Daha sonra Ulu Öndərin adını daşıyan parkda ucaldılmış abidəsinin önünə gül dəstələri qoyulub, və parkın ərazisində ağaclar əkilib. Doğum günü tədbirləri çərçivəsində Tarsusda fəaliyyət göstərən “Kampus Okulları” orta ümumtəhsil məktəbində yeni açılacaq konfrans mərkəzinə Ulu Öndər Heydər Əliyevin adının verilməsi münasibətilə mərasim təşkil olunub. Mərasimdə iştirak edən Xətai nümayəndə heyətini məktəbin girişində məktəblilər gül-çiçəklə qarşılayıblar. Qonaqlar Azərbaycan, Türkiyə bayraqları, Ulu Öndər Heydər Əliyevin, böyük Mustafa Kamal Atatürkün böyük ölçülü portretləri ilə bəzədilmiş meydana daxil olublar. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib. Sonra Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, Vətən, torpaq yolunda canlarını qurban vermiş bütün Azərbaycan və Türk şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib. Mərasimdə çıxış edən məktəbin direktoru Ender Portakal bildirib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının lideridir və “Kampus Okulları” məktəbində bu gün açılışı olacaq konfrans mərkəzinə Ulu Öndər Heydər Əliyevin adı verilib. Digər çıxış edənlər Tarsus Bələdiyyəsinin sədri Şövkət Can, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, YAP Xətai rayon təşkilatının sədri, Millət Məclisin üzvü Hüseynbala Mirələmov Ulu Öndərin fəaliyyətindən, öz xalqına, millətinə xidmətindən danışıblar. Mərasimdə qarşılıqlı olaraq hədiyyələr təqdim olunub, açılış rəmzi olaraq qırmızı lent kəsilib. Tədbir zamanı qərara alınıb ki, Xətai rayonu ilə Tarsus şəhərinin qardaşlığının davamı olaraq bu tədris ocağı ilə Xətai rayon məktəblərindən biri arasında qardaşlıq münasibətləri qurulsun. Geri qayıt |