Əsas Səhifə > Ölkə, Manşet > Gömrük monopolistləri yağın qiymətini kəllə-çarxa qaldırır...

Gömrük monopolistləri yağın qiymətini kəllə-çarxa qaldırır...


27-04-2017, 10:06
Gömrük monopolistləri yağın qiymətini kəllə-çarxa qaldırır...
DİA.AZ: - Bu gün ölkədə kərə yağının qiyməti görünməmiş şəkildə bahalaşmaqdadır və qeyd edək ki, bu proses az qala hər dəqiqə davam etməkdədir. Artıq market və dükanların yağların qiymətini hər gecə dəyişməsi adi hala çevrilib. Bunun isə səbəbləri var imiş. Bu barədə DİA.AZ-a danışan sahibkarlar bildirir.

Onların dia.az-a bildirdiyinə görə, Azərbaycana kərə yağı gətirən sahibkardan Gömrükdə hər ton üçün 2000 manata qədər rüşvət alınır. Bunu söyləyən sahibkar bildirir ki, elə bir neçə gün əvvəl Sumqayıt Gömrük İdarəsində sözügedən qiyməti deyiblər.

Rusiyadan Azərbaycana kərə yağı gətirmək istəyən sahibkarla Sumqayıt Gömrük İdarəsində olanda bu barədə bizə açıq danışdılar. Dia.az əməkdaşının da sahibkar olduğumu zənn edib onu da dedilər ki, Rusiyadan kərə yağı gətirmək müşkül məsələdir. Buna qeyri-rəsmi qadağa var. Şərti adı Zaman olan gömrük işçisinin dediyinə görə, bu ölkədən kərə yağı gətirmək elə bir adamın nəzarətindədir ki, heç ona Gömrük Komitəsinin sədri də bir söz deyə bilmir.

Sahibkar 24 ton kərə yağının artıq Rusiyadan Azərbaycana yola salındığını deyəndə vəziyyət bir qədər dəyişdi. Zaman adlı gömrük işçisi belə olan halda bir çıxış yolu qaldığını bildirdi. O, sahibkara kərə yağını onlara satmağı təklif etdi. Amma bir şərtlə ki, gətirəcəyi yağın hər tonuna görə, gömrüyə 2000 manat pul verməlidir. Bundan əlavə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsinə 1000 manat, yükün boşaldılması və s. xırda-para işlərə də 1000 manat pul ödəməlidir. Bu olmayacağı halda Rusiyadan Azərbaycana yola salınan yağ geri qaytarılmalıdır. Sumqayıt Gömrük İdarəsində sahibkara onu da məsləhət gördülər ki, ümumiyyətlə yaxşı olar ki, mal gətirməzdən əvvəl Sumqayıt Gömrük İdarəsindən məsləhət alsın.

Dia.az-a danışan sahibkarlardan biri isə bildirir ki, kərə yağını gətirən hər kəsdən gömrükdə elə məbləğ alınır ki, bu da hər gün qiymətlərin qalxmasına səbəb olur: "Söhbət nə dollarda deyil, nə də ölən manatda. Burada məsələ gömrükdəki özbaşınalıqdır. Sumqayıt gömrüyündə elə qiymətlər oxuyurlar ki, məcbursan gətirdiyin yağı baha qiymətə satasan. Dövlətin rüsumu ilə olsaydı, qiymətlər xeyli ucuzlaşardı".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt