Əsas Səhifə > Ölkə, Manşet > İcra başçısı Şəmkirdə “İpək yolu” korrupsiyasını necə ört-basdır edib?
İcra başçısı Şəmkirdə “İpək yolu” korrupsiyasını necə ört-basdır edib?26-04-2017, 09:19 |
“İpək yolu”nun çəkilişi zamanı yol verilən korrupsiya haqda çox yazılıb. Ziya Məmmədov nəqliyyat naziri olduğu dövrdə onun “İpək yolu”nun çəkilişindən böyük məbləğlər qazandığı haqda “WikiLeaks”in dərc etdiyi məxfi materiallarda belə məlumatlar yer almışdı. Hazırda Ziya Məmmədov nazir deyil. “İpək yolu”nun çəkilişində isə korrupsiya qalmaqdadır. Redaksiyamıza daxil olan məlumata görə, Şəmkirin Əliyaqublu kəndi ərazisində yolun keçəcəyi torpaqlarda vətəndaşların təsərrüfatları, istilikxanaları olub. Dünya Bankından alınan kredit hesabına yol layihəsi tərtib edilərkən belə halların olacağı da nəzərə alınıb və torpaqları yolun altına düşən vətəndaşlara kompensasiya ödənilməsi nəzərdə tutulub. “İpək yolu” Şəmkir Yol Polisinin postundan “Qırmızı körpü”yə qədər uzanır. Həmin ərazidən Əliyaqublu kəndi ilə yanaşı bir çox kəndlərin sakinlərini torpaqları da yolun altına düşüb. Kompensasiya verilişi zamanı isə böyük narazılıq yaranıb. Belə ki, Şəmkir Rayon İcra Hakimiyyəti rəsmiləri vətəndaşlara təsərrüfatlarının real qiymətindən dəfələrlə az kompensasiya təklif edib. Bir çox vətəndaşları kompensasiyanın azlığından narazı olsalar da, sonda kompensasiyanı elə təklif olunan miqdarda almaq məcburiyyətində qalıblar. İcra hakimiyyəti rəsmiləri onlara deyiblər ki, əgər təklif etdikləri kompensasiyanı almasalar, ümumiyyətlə, sökülüb yerlə-yeksan edilmiş təsərrüfatlarına görə heç qara qəpik də ala bilməyəcəklər. Naəlac qalan vətəndaşların bir çoxu narazı olsalar da, təklif olunan kompensasiyanı götürüb. Əliyaqublu kəndinin 4 sakini Arzu və Azər Məmməd oğlu Heydərov qardaşları, Abbas və Çingiz Ələmdar oğlu Yusifov qardaşları Şəmkir Prokurorluğuna rəsmi qaydada şikayətlər yazıblar. Məsələ ilə bağlı araşdırmalar başlanıb və çox ilginc korrupsiya sxemləri ortaya çıxarılıb. Məlum olub ki, Arzu Heydərova yolun altında düşən təsərrüfatına görə 121 min manat kompensasiya verilməli imiş. Amma vətəndaşa cəmi 20 min manat kompensasiya verilib. Onun qardaşı Azər Məmməd oğlu Heydərova dağıdılaraq üzərində yol çəkilən obyektinə görə 197 min manat verilməli imiş. Həmin pulu icra hakimiyyəti rəsmiləri ilə sıx əlaqədə olan Mirəli Həsən oğlu Həsənovun adına sənədləşdiriblər. Mirəli Həsənov 197 min manatdan cəmi 30 min Azər Heydərova verib. Abbas və Çingiz Yusifov qardaşlarına isə yolun altında qalan təsərrüfatlarına görə 308 min manat kompensasiya verilməli olub. Onlara ümumilikdə 70 min manat veriblər. Şəmkir Prokurorluğunda böyük korrupsiya cinayətinin araşdırılmasına Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti şöbəsindən də nümayəndələr qatılıb. Vətəndaşların şikayətləri yerində araşdırılıb və kompensasiyaların rəsmi sənədlərdə göstərildiyindən dəfələrlə az verildiyi təsbit olunub. İddiaya görə, həmin vaxt məsələyə Şəmkirin icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qarışıb. İcra başçının təkidi ilə təsbit olunan korrupsiya faktları ilə bağlı rəsmiləşdirmə aparılmayıb. A.Məmmədov prokurorluqdan tələb edib ki, işi bağlasınlar. Şəmkir prokuroru isə israr edib ki, işi bağlaya bilməyəcəklər, iş yalnız vətəndaşlara kompensasiya ödənəcəyi təqdirdə bağlana bilər. Bundan sonra vətəndaşlara çatacaq kompensasiya tam həcmdə özlərinə verilib. Hazırda “İpək yolu”nun Şəmkir ərazisindən keçən hissəsində torpaqları yolun altına düşən vətəndaşların bir çoxunun rayon prokurorluğuna şikayət yazdıqları bildirilir. Vətəndaşlar onlara çatacaq kompensasiyanın bu şəkildə mənimsənildiyini bildirir, məsələ ilə bağlı araşdırılma aparılımasını istəyirlər. P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq. \\musavat.com\\ Geri qayıt |