Əsas Səhifə > Ölkə, Manşet > "İcra hakimiyyətinin işçiləri çiyinlərini çəkib dururlar"

"İcra hakimiyyətinin işçiləri çiyinlərini çəkib dururlar"


18-11-2016, 09:50
"İcra hakimiyyətinin işçiləri çiyinlərini çəkib dururlar"
“Bağlarda, əkin sahələrində saysız-hesabsız dərin yarğanlar yaranıb. Göz görə-görə, sürüşüb gedirik. Qorxuruq hökumət bir də xəbər tuta ki, hamımız torpağın altında qalmışıq”. İsmayıllının Sədiyyan kənd sakini, 77 yaşlı Söhbət Əliyevin canına qorxu düşüb. Söhbət kişi özündən çox 16 nəvəsinin və 4 nəticəsinin taleyini düşünür. Deyir, dərin yarğanlar kənddəki evlərə yaxınlaşdıqca, bu həyəcan təkcə onun yox, bütün kəndlilərin canını sarmağa başlayıb. Nə edəcəklərini bilmirlər:

“6 hektarlıq əkin sahəmiz yarğanlardan yararsız vəziyyətə düşüb, yeraltı sular üzə çıxdıqca, məhsulumuz zay olub. Səbəb də odur ki, kənddə sürüşmə getdikcə güclənir. Burda hamının gözü bir-birinin üzərindədir. Çoxu uşağını məktəbə buraxmır. Dünən keçdiyin yerdən bu gün keçəndə baxırsan ki, dərin yarğan əmələ gəlib. Sürüşmənin ərazisi genişlənə-genişlənə gəlib kənd evlərinə çatıb”.

Eyni vəziyyət İstisu kəndində də hökm sürür. Kənd sakini Allahverən Şükürov deyir, bu yarğanların daha da dərinləşməyəcəyinə, faciə doğurmayacağına heç kəs zəmanət vermir:

“İcra hakimiyyətinin işçiləri çiyinlərini çəkib dururlar. Başımızı götürüb hara gedək, bilmirik. Davamlı yağıntılardan sonra bu vəziyyətə düşdük. Onu da deyim ki, əvvəlki illərdə bundan da güclü yağıntılar olub, ancaq belə bəlaya düşməmişik. Son illər meşələri qırıblar, çayların dibini eşib-töküblər, indi də növbə təbiətə çatıb, vaxtilə ona zərbə vuranların intiqamını bizdən alır”.

Kəndlilər nə qədər ki durum daha da dərinləşməyib, hökumətdən tədbir görülməsini istəyirlər.

DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt