Əsas Səhifə > Ölkə, Manşet > Qəzalı evin sahibi: "Qrad" düşüb, amma başçı kömək etmir

Qəzalı evin sahibi: "Qrad" düşüb, amma başçı kömək etmir


31-05-2016, 10:12
Qəzalı evin sahibi: "Qrad" düşüb, amma başçı kömək etmir
Nərgiz İmanovanın sədrliyi qısa sürüb. İddiasına görə, başçının istəyi ilə onu sədrlikdən kənarlaşdırıb, yerinə başqasını qoyublar.

"Bələdiyyə sədri də, bələdiyyənin üzvləri də başçının istəyinə uyğun "seçilir”. Bələdiyyə sədri başçıdan xəbərsiz bir addım da ata bilməz. Gördüyü işlər barədə başçını vaxtlı-vaxtında məlumatlandırmalıdır”.

"YERİMƏ ÖZ ADAMLARINI QOYDULAR”

Nərgiz İmanova 2014-cü ilin dekabrında Ağdamın Zəngişalı bələdiyyəsinə sədr seçilib. Ancaq sədrliyi qısa sürüb. Deməsinə görə, başçının istəyi ilə onu bələdiyyədən uzaqlaşdırıb başqasını "seçiblər”.

Nərgiz İmanova sədr olduğu qısa müddətdə başına gələnlərdən sarsıldığını deyir:

"Mən bələdiyyə sədri seçiləndə başçı əvvəl məni alqışladı, sonra deyəsən, sədrliyim onu qane etmədi. Özü də başa düşmüşdü ki, məni idarə edə bilməyəcək. Ona görə də bir neçə aydan sonra onun tapşırığı ilə bələdiyyə üzvləri toplaşdı, iclas keçirib məni sədrlikdən uzaqlaşdırdılar. Öz adamlarını mənim yerimə qoydular”.

"600 MANATIMI QAYTARIN”

Nərgiz İmanovanın sözlərinə görə, sədr kimi işə başladığı ilk gündən üzə çıxıb ki, ondan əvvəlki 16 illik fəaliyyəti zamanı bələdiyyədə dəftərxana sancağı da olmayıb.

Başçı ona tapşırıb ki, ilkin fəaliyyəti dövründə binadakı xırda təmirə, nəqliyyata, rabitəyə, dəftərxana ləvazimatlarına, ştampa, müxtəlif bildirişlər üçün blanklara, kənd qəbiristanlığının, kəndarası arxların zibilliklərdən təmizlənməsinə xərcləri özü çəksin.

Çəkilən xərc 600 manat civarında olub. İşdən çıxarılanda həmin xərclər də ona ödənilməyib. Üstəlik, deyir, sədr işlədiyi vaxt döyülüb, kəllə-beyin travması alıb, başçının təzyiqi ilə məhkəmədə onu döyən adamla barışıq razılığına gəlib. Elə məhkəmənin gedişatında üstünə oğurluq cinayəti atıb şərləmək istəyiblər. Ancaq deyir, olan olub, keçən keçib, bir tərəfdən elə yaxşı ki, başçının idarəçiliyində olan bələdiyyəyə daha sədrlik etmir. İndi tələbi odur ki, 600 manatını qaytarsınlar:

"Ermənilər tərəfindən hər gün iri çaplı silahlardan hədəfə götürülən kənddə yaşayıram. Evim "Qrad”dan qəzalı vəziyyətə düşüb. Başçının da məni görən gözü yoxdur deyə, qəzalı evimin düzəldilməsi üçün etdiyim müraciətlərə baxmır. 17 ildir ki, həyat yoldaşım vəfat edib. Öhdəmdə qalan iki övladımdan biri mərmi səsinə tab gətirmədi, bağrı çatladı, öldü. Bir övladımsa ali məktəbdə təhsil alır və xroniki xəstəliyə görə daimi müalicələr qəbul edir. Maaşımı istəmirəm, heç olmasa, ilkin sənədləşməyə çəkdiyim 600 manatı qaytarsınlar”.

Qəzalı evin sahibi: "Qrad" düşüb, amma başçı kömək etmir

"OLA BİLSİN, İŞİNİN ÖHDƏSİNDƏN GƏLƏ BİLMƏYİB”

Ağdam rayon icra hakimiyyəti isə keçmiş bələdiyyə sədrinin ittihamlarını qəbul etmir. Qurumdan bildirilib ki, başçının bələdiyyənin işinə qarışacağı yoxdur:

"Bələdiyyə seçkili orqandır. Kəndin bələdiyyəsini kənd sakinləri yığışıb seçir. Ola bilsin, işinin öhdəsindən gələ bilməyib, necə seçiblər, elə də kənarlaşdırıblar. Onun dediklərinin heç birində həqiqət yoxdur. Bələdiyyə sədri bələdiyyə fondu ola-ola niyə öz cibindən xərc çəkməliydi, gülməlidir”.

Miq.az xatırladır ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə Məmmədov Raqub Allahverdi oğlu təyin edilib. Mətbuatda adı qalmaqallı hadisələrlə hallanan icra başçılarından biri də məhz adıçəkilən rayonun icra başçısı Raqub Məmmədovdur.

Geri qayıt