Əsas Səhifə > Ölkə, Manşet > Fazil Məmmədovun kuratoru olduğu rayonlarda BÖHRAN VƏZİYYƏTİ

Fazil Məmmədovun kuratoru olduğu rayonlarda BÖHRAN VƏZİYYƏTİ


12-05-2016, 09:45
Fazil Məmmədovun kuratoru olduğu rayonlarda BÖHRAN VƏZİYYƏTİ
Şəmkirdə “Şəmkir səbəti” adlı bazarın tikintisinə başlanıb. Bazarı əkin sahəsində, pay torpağında tikirlər. Bu haqda redaksiyamıza daxil olan xəbərdə deyilir ki, bazarın əkin sahəsində tikintisi qərarı verilsə də, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi torpağın tikinti təyinatlı olmadığını əsas gətirərək sənədləşdirmədən imtina edir.

Bu səbəbdən də bazar tikilməmiş komitə ilə yerli icra hakimiyyəti, rayonun qeyri-rəsmi qubernatoru olan vergilər naziri Fazil Məmmədov arasında ciddi narazılıq yaranıb. Məsələ böyüsə də, komitə torpağın təyinatının dəyişdirilməsinin qanunsuz olduğunu əsas gətirməklə bazarın digər ərazidə tikilməli olduğunu bildirir.

Aldığımız məlumata görə, F.Məmmədovun nəzarətində olan digər rayonda da eyni səbəbdən qovğa yaranıb. Belə ki, uzun illərdir rayon mərkəzində fəaliyyət göstərən Gədəbəy bazarının şəhərdən kənara çıxarılmasına qərar verilib. Amma qərarı verənlər belə obyektlərin tikintisi üçün tələb olunan normaların üzünə belə baxmayıblar. Ona görə də yeni bazar tikiləndən sonra Gədəbəydən Bakıdakı dövlət orqanlarına ərizə-şikayət axınının təmin ediləcəyi də birmənalıdır.

Belə ki, icra başçısı Ramiz Yediyarov Gədəbəy mərkəzi bazarını şəhərdən kənara çıxarmaq üçün obyektin sahibi Xanlar İsrafil oğlu Hüseynovla danışıq aparıb. Həmin danışıqdan sonra bazarın şəhərdən kənarda və daha geniş ərazidə salınması üçün razılıq əldə olunub. Ramiz Yediyarov bazarın sahibinə şəhərdən kənarda konkret ərazini nişan verməklə oradan 3-4 hektar torpaq sahəsinin alınmasını tapşırıb. İcra başçısına deyiblər ki, nişan verdiyi ərazidə əhalinin əkin sahələri yerləşir. Lakin bu, Ramiz Yediyarovun qərarının dəyişməsinə səbəb olmayıb. Başçı bazarın ərazidə tikilməli olmasında israr edib. Ona görə də bazarın sahibi əkin sahələrinin arasında 4 hektara yaxın yer alıb. Ərazinin qonşuluğunda əkin sahələri yerləşən kəndlilər indidən orada bazar tikilməsinə narazılıq edirlər. Deyirlər ki, bazarın yaradacağı antisanitariya onların ərazidə normal əkin işləri görmələrinə, əldə olunacaq məhsulun çirklənməsinə səbəb olacaq.

Məsələnin bu tərəfi də var ki, qanunla həmin ərazidəki torpaqlarda yalnız əkin-biçinə icazə verilir. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət Komitəsi Şəmkirdə olduğu kimi, Gədəbəydə də əkin sahəsində bazar tikintisi avantürasına “yox” deyib. Hər iki rayonun icra başçılarının diqqətinə çatdırılıb ki, ölkə başçısının torpaqların təyinatı ilə bağlı fərmanları var və həmin fərmanlar qanunlarla bərkidilib. Bu səbəbdən də torpaqların təyinatını dəyişmək uyğun deyil. Ölkənin iqtisadi durumunun aqrar sektorun inkişafından asılı olduğunu da diqqətinə çatdıran ƏMDK rəsmiləri bazar üçün digər ərazinin seçilməsini məsləhət biliblər. Və onlar bu məsələdə haqlı görünür.

Geri qayıt