Əsas Səhifə > Ölkə, Manşet > Ağsuda icra başçısına söykənən TALAN
Ağsuda icra başçısına söykənən TALAN30-04-2016, 11:01 |
Hazırda Ağsu rayonu ərazisində 32 yerli özünüidarəetmə orqanı-bələdiyyə fəaliyyət göstərir. Qeyd edək ki, onların bir qismi yol verdiyi ciddi nöqsanlar, qanun pozuntuları səbəbindən sakinlərin haqlı narazılıqları ilə üzləşirlər. Bununla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, Ağsu bələdiyyəsinin sədri İlham İzayətdin oğlu Nurəhmədov rayon kəndlərinin bələdiyyə sədri vəzifələrinə məhz öz adamlarının təyin olunmasına nail olmaqla şəxsi maraqlarını reallaşdırmağa çalışır. Beləliklə, Ağsuda bələdiyyələrin fəaliyyətinin qənaətbəxş olmadığını vurğulayan mənbə bildirir ki, rayonda abadlıq işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər təyinatı üzrə xərclənmir: «Deyilənlərə görə, bələdiyyələrin büdcələrinə toplanmış vəsaitlər də tamam başqa istiqamətlərə sərf olunur. Məhz elə bu səbəbdən də rayonun özündə, eləcə də əksər kəndlərində uzun illərdən bəri mövcud olan problemlər olduğu kimi qalmaqdadır. Ağsu sakinləri də təsdiqləyə bilərlər ki, bu gün rayonun kəndlərində sosial durum acınacaqlı səviyyədədir. Bələdiyyə və icra nümayəndələri isə yaranmış problemləri yoluna qoymaq əvəzinə əhalini şirin vədlərlə aldatmaqla məşğuldur. Bu isə ondan xəbər verir ki, həm Ağsu bələdiyyəsinin sədri İlham Nurəhmədov, həm də kənd bələdiyyə sədrləri vəzifələrini layiqincə icra edə, öhdəliklərinə düşən işi lazımi səviyyədə yerinə yetirə bilmirlər. Təsəvvür edin ki, rayona ən yaxın kəndlərdə belə, mavi yanacaq yoxdur. Kənd sakinləri yalnız fasilələrlə verilən işıq enerjisilə kifayətlənmək məcburiyyətində qalır. Bir sözlə, bələdiyyə sədrləri rayonda əməlli-başlı «at oynadırlar». Ağsu rayonu Aratlı Curuğlu bələdiyyəsinin sədri Cabir Seyidrza oğlu Səfdərovun əməlləri barədə danışan məlumatlı şəxs iddia edir ki, bir müddət öncə kənddə yol çəkilişi layihəsi üçün büdcədən ayrılmış vəsait təyinatı üzrə xərclənməyib: «Belə ki, yol çəkilişi zamanı bələdiyyə sədri kənddə bir düz xətt boyunca heç bir standarta uyğun olmayan yol çəkib. Halbuki layihədə kəndin küçələrinə də yol cəkilişi nəzərdə tutulurdu. Cabir Səfdərov isə özünün və qohumlarının həyətinə qədər asfalt örtüyü çəkdirib. O, indiyədək heç bir nəzərəçarpacaq fəaliyyət nümayiş etdirməyib. Əgər müvafiq dövlət orqanları Ağsu bələdiyyəsinin sədri İlham Nurəhmədov və Aratlı Curuğlu bələdiyyəsinin sədri Cabir Səfdərovun fəaliyyətini araşdırsalar, o zaman yol verilmiş bir sıra qanun pozuntularının, eyni zamanda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin dövlət büdcəsini göyə sovuran bələdiyyə sədrlərini ciddi cəhdlə müdafiə etməsinin şahidi ola bilərlər». Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |