Əsas Səhifə > Ölkə, Manşet > Neftçalada məmurlar kəndçinin torpağına da göz dikiblər...

Neftçalada məmurlar kəndçinin torpağına da göz dikiblər...


24-03-2016, 11:04
Neftçalada məmurlar kəndçinin torpağına da göz dikiblər...
DİA.AZ: - Neftçala rayonunda pay torpaqlarının bölünməsində qanunsuzluğa yol verilməyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. DİA.AZ xəbər verir ki, bu barədə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində yaşayan Xalid Fərəcov məlumat verib. Onun sözlərinə görə rayonun min hektarlarla əkinə yararlı torpaqları adiyyatı olmayan insanlar tərəfindən zəbt olunub:

“Sovetlər dönəmində Aşağı Qaramanlı kəndində Nuruş Əliyev adına olan kolxoz bir neçə dəfə orden və mükafatlarla təltif olunub. Bu kollektiv müəssisə Azərbaycanda ən qabaqcıllardan biri olub. Onun əmlakı təsəvvür etdiyimizdən dəfələrlə böyük idi. Yüzlərlə əkin, becərmə, yükdaşıma texnikası, onlarla obyekti, heyvan sürüləri vardı. Xalqın yarım əsr ərzində yaratdığı əmlak tar-mar edildi. Kolxoz əmlakından əhaliyə pay çatan bircə quru torpaq oldu ki, bu məsələdə də misli görünməmiş ədalətsizliyə, saxtakarlığa yol verilib. O zaman rəhbər vəzifələrdə olan Nazirlər Kabinetinin işçiləri, rayon prokuroru, Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin rəisi, cinayət axtarış bölməsinin əməkdaşı, digər idarə, müəssisə rəhbərləri və vəzifəli şəxslər torpaqları zəbt etdilər. Əkinə yararlı torpaqları özlərinə götürüb, yerləri isə kənd sakinlərinə payladılar.”

Şikayətçi bildirir ki, o zaman ərazidə yaşayan 2400 nəfərin adından rayon rəhbərliyinə kollektiv müraciət edilib. Neftçala RİH-in ümumi şöbəsi bu müraciəti rəsmi qaydada qəbul edib və 5 gün müddətində cavab verəcəklərini bildirib. Amma bu və sonrakı müraciətlər araşdırılmayıb.

DİA.AZ bildirir ki, Xalid Fərəcov hazırkı vaxtda da kənddə saxtakarlığın davam etdiyini deyir:

“Ölkəmizin qida buğdasına olan təlabatının yerli istehsal hesabına ödənilməsi üçün fermerlərə ayrılan milyonlarla manat subsidiyanı mənimsəmək üçün saxta statistik məlumatlar verilir. Bu saxtakarlığın bariz nümunəsi balıq nohurlarında buğda “yetişdirilməyidir”. Biçin mövsümündə də aydın olur ki,ayrılan pullar havaya sovrulub, ortada məhsul yoxdur. Bələdiyyə adı ilə də torpaqlarımızın 30 faizi bir qrup şəxs tərəfindən ələ keçirilib. Hazırda 2500 ha torpaq sahəsi dövlətin fərmanlarını öz istəklərinə qurban verən şəxslərin əlində cəmləşib.”

Neftçala sakini hesab edir ki, aqrar sektorun inkişafı üçün, ilk növbədə, islahat aparılarkən və ondan sonrakı dövrdə yol verilən əyintilər aradan qaldırılmalı, torpaq sadə kəndlilərə verilməlidir.

Geri qayıt