QƏZƏNFƏR AĞAYEV KİMİN ZAVALINA GƏLDİ?
Tarix: 23-09-2013, 15:14 |
Çap et
DİA.AZ: - Astara rayonundan kəndlərə çəkilmiş və dəyəri 3,6 milyon manat olan yolların aqibəti araşdırılır. DİA.AZ bildirir ki, bu barədə Bizimxeber.az-a rayondakı mənbələrdən məlumat daxil olub.
Dövlət büdcəsindən ayrılan pullarla inşa edilmiş yeni yolların hamısı sıradan çıxıb. Hətta bəzi kəndlərə çəkilmiş asfalt yollar tamamilə yararsız hala düşüb. Məsələ ilə bağlı rəsmi qurumlara müraciət edən rayon sakinləri isə mövcud durumdan şikayətçi düşüblər. Onların şikayətini nəzərə alan maliyyə qurumları da Astara rayonunda araşdırmalara başlayıblar. Məlumatlarda deyilir ki, Maliyyə Nazirliyinin bir qrup nümayəndəsi dünən Astaraya təşrif buyuraraq, yerdə vəziyyətlə tanış olub. Kəndələrə çəkilmiş yolların dağılmasına şahid olduqdan sonra xərclərin necə və hansı şəkildə aparılmasını müəyyənləşdirməyə qərar veriblər. İcra başçısı Qəzənfər Ağayev bərk narahatçılıq keçirir və gələn yoxlamanı yola salmaq üçün rayondakı idarə müdirlərinə tapşırıq verib ki, pul yığsınlar.
Onların qorxuya düşməsinin səbəbi isə bu pulların yeyintiyə məruz qalması və onların da bu prosesdə əllərinin olmasıdır. Eyni zamanda, yolun çəkilişini həyata keçirmiş Yol İstismar İdarəsinin müdiri də bu ərəfədə yoxa çıxıb. Adətən rayonun mərkəzində hər gün görünən idarə müdirinin hətta Astaradan qaçdığına dair iddialar var.
Bəzi bilgilərə görə, bu yoxlamalar yekunda kimlərinsə həbsinə belə gətirib çıxara bilər. Üstəlik, bu sırada rayonun məsul şəxslərinin də ola biləcəyi istisna deyil.