Əsas Səhifə > Sosial, Manşet > Qazaxda yerli məmurlar vətəndaşa problem yaradırlar...

Qazaxda yerli məmurlar vətəndaşa problem yaradırlar...


13-11-2015, 09:14
Qazaxda yerli məmurlar vətəndaşa problem yaradırlar...
DİA.AZ: - Redaksiyamıza müraciət etmiş şikayətçi vətəndaş məhkəmə qərarının icra olunmaması səbəbindən hüquqlarının pozulduğunu bildirmişdi. Həmçinin təqdim olunan açıqlamalardan belə qənaətə gəlmək olurdu ki, məhkəmə qərarının icrasını təmin etməli olan məmurun özü də öz vəzifə borcunu icra etməkdə acizdir. Başqa sözlə desək, məhkəmə qərarlarının icra şöbəsinin məmuru subyektiv səbəblər üzündən oz funksiyasını həyata keçirə bilmir. Bütün bu qanun pozuntularının kökündə isə Qazax Rayon Polis Şöbəsi rəisinin köməkçisi Renat Qədimovun yol verdiyi vəzifəsindən sui-istifadə əməli dururdu. Bu xüsusda şikayətçinin təqdim etdiyi məlumatda bildirilirdi ki, o, bir müddət bundan əvvəl Qazax rayon sakini Vəliyeva Nabat Qələndər qızının törətdiyi müəyyən əməllər nəticəsində maddi ziyan çəkmişdir. Bundan sonra Qazax Rayon Məhkəməsi tərəfindən maddi təzminat qismində Nabat Vəliyevadan müəyyən məbləğin tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə dair qərar verilmişdir. Lakin aradan bir müddət keçsə də, məhkəmə qərarının icrası təmin olunmamışdır. Belə ki, məlum olub ki, icraçıya məhz Qazax RPŞ rəisinin köməkçisi Renat Qədimov tərəfindən təzyiq göstərilir. Aldığımız məlumatda bildirilir ki, Renat Qədimov bir müddət əvvəl qanuni nigahda olduğu həyat yoldaşından boşanmışdır və hal-hazırda Nabat Vəliyeva ilə vətəndaş nigahı əsasında birgə yaşayır. Eyni zamanda Renat Qədimovla Nabat Vəliyevanın ortaq biznes maraqları da vardır. Belə ki, Nabat Vəliyeva hazırda polis əməkdaşına məxsus olan gözəllik salonunu işlədir. Məhz bu iki amil də Renat Qədimovu vəzifəsindən sui-istifadə edərək, icra məmuruna təzyiqlər göstərməyə təhrik etmişdir. Qazaxdan dünən aldığımız növbəti məlumatda isə, bu məsələyə dair yeni açıqlamalar təqdim olunub. Şikayətçi vətəndaş bildirir ki, məhz onun özünün atdığı müəyyən addımlar nəticəsində artıq Nabat Vəliyeva tərəfindən borcun ödənilməsi təmin olunmuşdur. Lakin nəticə etibarı ilə problem öz həllini hələ də tapmamışdır. Vətəndaş iddia edir ki, indi də onun hüquqlarını pozan şəxs qismində artıq bir başqası deyil, məhz Qazax rayonu Məhkəmə qərarlarının icra şöbəsinin rəisi Ramiz Şəmmədov özü çıxış edir. Vətəndaşın sözlərinə görə, icra məmurlarının Nabat Vəliyevadan ödəməli olduğu pulu ala bilməyəcəklərinə tam əmin olduqdan sonra, o, təxminən bir həftə bundan əvvəl, Daxili İşlər Nazirliyinə və Prezident Administrasiyasına məsələ ilə bağlı teleqram vurmuşdur. Bu günlərdə isə, məsələni yerində araşdırmaq məqsədilə Qazaxa DİN-in xüsusi müfəttişlik bölməsinin əməkdaşı Şirin müəllim gəlmişdir. Vətəndaş bildirir ki, onun şikayətinə son dərəcə operativ və obyektiv baxılmış, bundan sonra isə, qarşı tərəfdən borcu ödənilməsi təmin olunmuşdur. Yeri gəlmişkən, redaksiyamıza etdiyi müraciətində şikayətçi vətəndaş bu xüsusda ona göstərdikləri köməyə görə DİN-in rəhbərliyinə və məxsusi olaraq xüsusi müfəttişlik bölməsinin əməkdaşı Şirin müəllimə dərin təşəkkürünü bildirməyimizi də xahiş etmişdir.
Lakin problem bununla da öz həllini tapmamışdır. Məsələ bundadır ki, rəsmiyyətin gözlənilməsi üçün Nabat Vəliyeva tərəfindən ödənilən məbləğ birbaşa şikayətçiyə deyil, icra şöbəsinə təqdim olunmuşdur. Bundan istifadə edən Ramiz Şəmmədov isə, həmin məbləğin yalnız yarısını vətəndaşa təkli etmiş, digər yarısının da guya ki, icra xərcləri kimi şöbənin hesabına keçməli olduğunu bildirmişdir. Maraqlıdır ki, şikayətçi vətəndaş həqiqətən də bir müddət əvvəl Ramiz Şəmmədovla aralarında geri alınacaq pulun yarı bölünməsi barədə razılığa gəlindiyini inkar etmir. Lakin bu, yalnız o halda baş verməli idi ki, məhz icra şöbəsi borcun ödənilməsini təmin edə bilsin. Amma icraçılar məhkəmə qərarının icrasını təmin edə bilmədilər və yalnız DİN-in xüsusi müfəttişlik bölməsinin işə müdaxiləsindən sonra borc geri ödənildi. Bununla belə, Ramiz Şəmmədov ödənilən pulun yarısını mənimsəməkdə israrlıdır. Şikayətçi vətəndaş bildirir ki, yaranmış vəziyyətdə o, pulun qalan hissəsini də qəbul etməkdən imtina edib və hal-hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşır.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt