Əsas Səhifə > Sosial, Manşet > Oqtay Şirəliyevin əl gəzdirməli olduğu ünvan...

Oqtay Şirəliyevin əl gəzdirməli olduğu ünvan...


28-05-2015, 10:43
Oqtay Şirəliyevin əl gəzdirməli olduğu ünvan...
Bu günkü səhiyyənin durumu hər kəsə bəllidir. Təbii ki, heç xoş olmasa da, durum çılpaqlığı ilə göz önündədir. Səhiyyənin bu duruma gəlməsində günahkar kimdir desəniz? Bir çox faktları sadalamaq olar. İlk növbədə təbii ki, səhiyyəmizin belə bir duruma düşməsində səbəbkar və günahkar vəzifəsindən sui-istifadə edən bəzi həkimlərimizdir.

Onların məsuliyyətsizliyi, nəsə ummaları bu gün vətəndaşların həm həkimlərə, həm də səhiyyəmizə inamsızlığı ilə nəticələnib. Demək olar ki, artıq böyük bir kütlə əvvəlcədən özəl klinikaya pul köçürüb rahat olmağa üstünlük verir. Təbii ki, bu durumu hər kəsə şamil etmək olmaz. Çünki özəl klinikaların təklif etdikləri qiymətlər heç də, hər kəsin cibinə, büdcəsinə uyğun olmur. Elə bu səbəbdən də, dövlət xəstəxanasına müraciət edən vətəndaşlar olur. Lakin dövlət xəstəxanası olsa da, yaşananlar, həmin xəstəxanalardakı vəziyyət tamam başqadır. Belə ki, bu gün dövlət xəstəxanalarında şikayət edilən ilk durum, xəstəyə müalicə üçün yazılan bütün dərmaların öz hesablarına alınmasıdır. Bu kimi hallara paytaxtda yerləşən dövlət xəstəxanlarında rast gəlinsə də, bölgələrdəki dövlət xəstəxanaları da onlardan heç geri qalmır. Elə bu səbəbdən də, demək olar ki, hər həftə hansısa bölgənin səhiyyəsindən şikayətlər daxil olur. Elə bu günlərdə də, Salyan rayonundan şikayət daxil olub. Əslində bu durum artıq bizləri elə də təəccübləndirmir. Çünki bu kimi şikayətlər dəfələrlə redaksiyamıza daxil olub. Daxil olan şikayətə görə, Salyan rayon Mərkəzi Xəstəxanasında qanunsuzluq artıq dözülməz həddə çatıb. Sakinlər artıq xəstəxanadakı durumdan bezdiklərini və bu durumun artıq onları təngə gətirdiyini deyirlər. Xəstəxanaya müraciət edən hər kəs, buradakı şəraitsizliklə yanaşı, həm də, burada baş alıb gedən özbaşınalıqdan şikayətlənir. Belə ki, deyilənə görə, xəstəxanada çalışan ağ xalatlılar həkim yox, sanki bir cəlladı xatırladırlar. Hələ həkimə desən ki, pulum yoxdur, əlim bir az aşağıdır, heç nəinki xəstəyə baxmaz, səninlə bir kəlmə belə, danışmaz. Hələ xəstəxanadakı antisanitariyanı demirik. Əgər xəstə həkimə müraciət edirsə və xəstənin orada qalması qərarlaşdırılırsa, o zaman xəstəyə lazım olan bütün avadanlıqlar, həmçinin, pambıqdan tutmuş, spirtə qədər hamısı xəstənin yaxınlarına aldırılır. Bəs, görəsən, belə bir şəraitdə xəstələrdən nələrinsə güdülməsi hansı məntiqə sığır? Buradakı əsas problemlərdən biri də, savadsız kadrların həkim kimi fəaliyyət göstərməsidir. Bu isə çox acınacaqlı haldır. Bu zaman ortaya belə bir sual çıxır. Savadsız bir həkim xəstəni necə müayinə və müalicə edə bilərki? Təbii ki, edə bilməz. Bu zaman xəstə ya sonradan savadlı, onu müalicə edə biləcək bir həkim tapmalıdır, ya da ən pis halda dünyasını dəyişir. Hələ bu sadaladıqlarımız Salyan rayon Mərkəzi Xəstəxanasındakı bəzi nüanslardır. Şikayətçinin sözlərinə görə, buradakı durumu izah etməklə anlatmaq olmaz. Bu vəziyyəti bir dəfə görmək kifayətdir. Rayon sakinləri isə, artıq bu durumla illərdir ki, üz-üzədirlər.

Geri qayıt