Əsas Səhifə > Sosial, Manşet > Ağsunun icra başçısı əgər vəzifə başında 10 ilini tamamlarsa…

Ağsunun icra başçısı əgər vəzifə başında 10 ilini tamamlarsa…


23-01-2015, 10:39
Ağsunun icra başçısı əgər vəzifə başında 10 ilini tamamlarsa…
DİA.AZ: - «Ağsunun icra başçısı Ənvər Seyidəliyev rayonda əməlli-başlı «gestapo rejimi» yaradıb. Bu gün haqqı tapdanan ağsulu əgər «yuxarılara» şikayət edirsə, onun günü daha da qara olur. Çünki Ənvər Seyidəliyevin əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov kimi bir bacıoğlusu var. Nazirə güvənən icra başçısı nəinki Bakıya ünvanlanan şikayətlərin qarşısını alır, hətta şikayətçi düşənləri təqib etdirmə imkanına və cəsarətinə də malikdir». Bu sözlər DİA.AZ-a ünvanlanan müraciətdə yer alıb.

Müraciət edən narazı Ağsu sakinləri bildirirlər ki, Ənvər Seyidəliyev 2007-ci ildən rayona başçılıq edir: «İki il də vəzifə başında qalarsa, 10 ili tamamlanacaq. İndi özünüz təsəvvür edin, rayonu «ailə podratı» ilə və Azərbaycan dövlətinin yox, öz qanunları ilə idarə edən Ənvər Seyidəliyevə 10 il dözmək zorunda qalan ağsuluların halı necə ola bilər».

Müraciət müəllifləri dia.az vasitəsilə ölkə rəhbərliyinə də xitab edirlər: «Biz həmişə cənab prezidentimizi dəstəkləmişik və bundan sonra da belə olacaq. Lakin bizim bu sevgimizə Ənvər Seyidəliyev kimi icra başçısı kölgə salmaq, xələl gətirmək istəyir. Elə təəssürat yaratmağa çalışır ki, guya onun əməllərindən olan şikayətlər hakimiyyətdən olan narazılıqdır. Amma bu, belə deyil. Biz prezident İlham Əliyevi sona qədər dəstəkləyəcəyik və ölkə rəhbərliyindən xahişimiz odur ki, nazir qohumuna güvənən başçıya 10 il Ağsu sakinlərinə zülm etmə şansı tanımasın».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt