Əsas Səhifə > Sosial, Manşet > Mikayıl Cabbarov bu adamla işləmək zorundadırmı?
Mikayıl Cabbarov bu adamla işləmək zorundadırmı?13-01-2015, 11:19 |
Bu gün regionlarda bir sıra məmurlar qanunsuzluqlara yol verirlər. Yalnız və yalnız öz maraqları çərçivəsində çalışırlar. Xalqın taleyi belə insanları maraqlandırmır. Xüsusilə də Astara Rayon Təhsil Şöbəsində neqativ hallar yaşanır. Şöbə müdirinin qanunsuz əməlləri ucbatından rayon təhsilində geriləmə müşahidə olunmaqdadır. Şöbə müdirinin fəaliyyətsizliyi ucbatında rayonda sakinlər arasında təhsilə maraq azalıb. Bizə verilən məlumata görə, Astara rayonunda yuxarı siniflərdə uşaq tapmaq mümkün deyil. Qızların təhsilə marağı olmadığından çıxıb evdə otururlar. Yuxarı siniflərdə ancaq oğlan uşaqlarını görmək mümkündür. Qeyd edək ki, Astara Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Qızbəs Məmməd qızıdır. Qızbəs Məmmədova. 1986-cı ildən 1995-ci ilədək Astara rayonunun Şiyəkəran kənd 2 saylı orta məktəbində müəllim işləmişdir. 1995-ci ildən 2001-ci ilədək Şiyəkəran kənd 2 saylı orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2001-ci ilin yanvar ayından həmin ilin may ayınadək Astara RİH Başçısının Şiyəkəran kəndi üzrə icra nümayəndəsinin müavini olmuşdur. 2001-ci ilin may ayından 2004-cü ilin aprel ayınadək Şiyəkəran kənd 2 saylı orta məktəbində direktor vəzifəsində çalışmışdır. 2004-cü ilin aprel ayından hal-hazırkı vaxta qədər Astara rayon Təhsil Şöbəsində müdir vəzifəsində işləyir. Astara sakinləri şöbə müdirinin fəaliyyətindən narazı olduqlarını bildirirlər. Belə ki, şagirdlərin keyfiyyətli təhsil almaları üçün məktəblərdə heç bir şərait yoxdur. Qış aylarında məktəblərdə istilik olmadığına görə şagirdlərin dərsə davamiyyəti sıfıra enir. Təkcə şagirdlər deyil, müəllimlər də dərslərdə iştirak etmirlər. Ona görə də dərsdən yayınan uşaqlardan savad gözləmək olmaz. Bundan başqa Astara rayonunun adı ən az abituriyentlərin qeydə alındığı rayonlar arasındadır. Bu rayondan ali məktəblərə daxil olanlar da barmaqla sayılacaq qədərdir. Bu səbəbdən də şagirdlərin valideynləri şöbə müdirinin işindən narazıdır. hətta valideynlər bildirir ki, elə məktəblər var ki, orada müəllim çatışmır: "Müəllim olmadığına görə uşaqlarımız dərsdən tez gəlirlər. Bu davamlı olaraq belə olur. Valideynlər direktora müraciət edirlər. Direktor isə yuxarılara bildirmişəm, tez bir zamanda müəllim göndərəcəklər deyərək bizi başından edir. Amma bir rübdür ki, artıq müəllim çatışmazlığı problemi ilə qarşı-qarşıyadırlar. İxtisaslı müəllimlərə Astara rayonunun dağ kəndlərində ehtiyac daha böyükdür. Kənd məktəblərində isə nə müəllim var, nə də şagird. Bu cür durumda hansı keyfiyyətli təhsildən danışmaq olar”. İnternet rayon təhsilinin vəziyyətinin acınacaqlı olduğunu ortaya qoyan məlumatlarla, tənqidi məqalələrlə doludur, desək yanılmarıq. Biz sadəcə onlardan bir neçəsinin sərlövhəsinə nəzər saldıq, təfərrüatlarına varmadıq. Çünki səhv, ya düz - başqa həmkarlarımızın yazdıqlarını təkrarlamaq fikrində deyilik, öz əldə etdiyimiz faktları sadalamaqla şikayətlənəcəyik, fikrimizcə Astara Rayon Təhsil Şöbəsinin müdiri nəinki vəzifəsindən kənarlaşdırmaq, onu hətta cinayət məsuliyyətinə cəlb etmək üçün yetərlidir. \\ gundelik-baku.com \\ Geri qayıt |