Əsas Səhifə > Sosial, Manşet > Poroşenkonun Bakıda biznes ortağı olan azərbaycanlı məmura batan yoxdur

Poroşenkonun Bakıda biznes ortağı olan azərbaycanlı məmura batan yoxdur


27-12-2014, 12:25
Poroşenkonun Bakıda biznes ortağı olan azərbaycanlı məmura batan yoxdur
Bir müddət əvvəl "Roşen" şirkətinin Azərbaycan filialında vaxtı keçmiş məhsulların əhaliyə satıldığını təsdiq edən video yayımlanmışdı. Həmin məlumatda vaxtı keçmiş məhsulların yenidən satışa çıxarılması üçün "Roşen"in mərkəzi ofisindən Azərbaycana üstündə istifadə vaxtı təzə göstərilən boş qutular və etiketlər göndərildiyi vurğulanıb.

Qeyd edilirdi ki, vaxtı keçmiş şirniyyat məmulatları "Roşen"in Azərbaycan filialının Sumqayıt şəhəri, Bakının Badamdar və Bakıxanov qəsəbələrində, Bakı Şampan Zavodu ərazisindəki xəlvəti depolarında etiketlənərək bazara çıxarılır. Bununla da əhaliyə "Roşen"in vaxtı keçmiş konfet və digər şirniyyat məhsulları yeni məhsul adı ilə sırınır. Məlumata görə, bu işləri həyata keçirmək üçün şirkətin Azərbaycan filialı fəhlələri məcburi şəkildə bu qanunsuz əmələ cəlb edir. Belə qara işləri həyata keçirmək istəməyən fəhlələr isə zaman-zaman işdən uzaqlaşdırılıblar. Onu da qeyd edək ki, bir neçə ay öncə metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən Bakı Şampan Zavodunun təsərrüfat sahəsində yerləşən və "Roşen"in xəlvəti saxta etiket vurma anbarında fəhlələrlə, şirkətin keçmiş anbardarı Vaqif adlı şəxs rəhbərliyə öz etirazlarını bildirərək işdən çıxıblar. Bundan sonra qanunsuzluğa etiraz edən "Roşen"in vaqonboşaltma üzrə ixtisaslaşmış 20 nəfər fəhləsi işdən uzaqlaşdırılıb. Bu fəhlələr uzun illərdir "Roşen"də çalışmalarına baxmayaraq, onlarla əmək müqaviləsi bağlanmayıb. Aparılan araşdırmalar göstərir ki, "Roşen" şokolad konserni Ukraynanın hazırkı prezidenti Poroşenkoya məxsusdur. Lakin Poroşenko prezident seçildikdən sonra şirkətdəki fəaliyyətini dayandırıb. Buna baxmayaraq, Ukrayna prezidenti hazırda da "Roşen"ə nəzarət edir. Təbii ki, bu kimi faktların, yəni "Roşen"in Azərbaycan nümayəndəliyinin istifadə müddətini başa vurmuş məhsulları yeni adı altında satışa çıxarması qəbuledilən hal deyil. Çünki həm müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, həm də ekspertlər vaxtı keçmiş ərzaq məhsullarının satışa çıxarılmasının təhlükəli hal olduğunu dəfələrlə vurğulayıblar. Belə ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov vaxtı ötmüş ərzaq məhsulları ilə bağlı mətbuata açıqlamalarında bildirib ki, mağazalarda satılan məhsulların böyük əksəriyyəti vaxtı keçmiş mallardır: "Bu, qanunla standartlara ziddir. Elə mallar var ki, tərkibinə çoxlu kimyəvi maddələr qatılır ki, bu da insan ömrünü qısaldır, sağlamlığa ciddi zərər vurur. Körpə qidalarının təxminən, 10 faizi vaxt keçmiş qidalardır. Əgər hansı malların üzərində buraxılma tarixi, yararlılıq müddəti yapışdırılıb qopardılan kağızlardırsa, həmin mallar kimyəvi mallardır. Məsələn, bu yaxınlarda "West Gold" yağlarının xüsusi yararlılıq tarixinin pozulmuş variantı aşkar olunub. Ümumiyyətlə, Azərbaycanda satılan ərzaq məhsullarının təxminən, 20-25 faizi yararlılıq müddəti keçmiş mallardır". Bizə çatan məlumatlara görə, mətbuatın məsələni ictimailəşdirməsinə rəğmən, "Roşen"in Azərbaycandakı filialında neqativ hallar səngimək bilmir. Bu barədə bildiyi informasiyanı bizimlə paylaşan şəxsin iddiasına əsasən şirkətin ölkəmizdə fəaliyyət göstərən filialında çalışan işçilərə qarşı qeyri-normal münasibət mövcuddur: "Fəhlələrin demək olar ki, heç birinin əmək müqaviləsi və sığortası yoxdur. Buna baxmayaraq, onların maaşından hər ay vergi və sığorta pulu tutulur. Bundan başqa, iş şəraiti çox ağırdır. Bəzi hallarda fəhlələr iş saatından artıq işlədilir, amma bunun qarşılığında onlara əlavə əməkhaqqı ödənilmir. Şirkətin Azərbaycan nümayəndəliyinin rəhbər işçiləri fəhlələrə qarşı aqressiv münasibət göstərirlər. Onlar çox vaxt işçiləri təhqir etməkdən belə çəkinmirlər. Şirkətin ölkəmizdəki filialında qanunsuzluq baş alıb gedir. Ən böyük qanun pozuntusu isə vaxtı keçmiş məhsulların təkrar satışa çıxarılması ilə bağlıdır". Yayılan məlumatlara görə, "Roşen"in Cənubi Qafqaz üzrə nümayəndəliyi azərbaycanlı məmurlardan birinin əlindədir. Deyilənə görə, bu şəxs Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. İddia edilir ki, komitə sədri ilə Poroşenkonun şərikliyi xeyli əvvələ gedib çıxır. Hətta bu münasibətlər komitə sədrinin "Roşen"in Cənubi Qafqaz nümayəndəliyini ələ keçirməsinə imkan verib. Məlumatda o da vurğulanır ki, Nazim İbrahimov Poroşenko prezident seçildikdən sonra onun adamlarına "Roşen"in zavodunu almağa hazır olduğunu da çatdırıb. Bu məlumatların həqiqətə nə qədər yaxın olub-olmadığını dəqiq deyə bilmərik. Hər halda, İqtisadiyyat və Sənaye Nazirliyinin məsul əməkdaşları "Roşen"in Azərbaycan filialının fəaliyyətini dərhal yoxlamalı və vaxtı keçmiş şirniyyat məhsullarının satışa çıxarılmasının qarşısını almalıdır.
\\ GünBakı \\
Geri qayıt