Əsas Səhifə > Sosial, Manşet > Əkbər Hacıyevdən prezidentə şikayət olunacaq
Əkbər Hacıyevdən prezidentə şikayət olunacaq20-12-2014, 12:18 |
Bəzi dövlət təşkilatlarının qarşılıqlı borclarının olması hamıya məlumdur. Əksər hallarda bir-birlərinə borclu olan qurumlar məhkəmələrə müraciət edərək yaranmış borc qalmaqalını bu vasitə ilə yoluna qoymağa çalışırlar. Yadınızdadırsa, bir müddət əvvəl bəzi dövlət qurumlarının, o cümlədən "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə bir neçə milyon manat borcunun olması barədə məlumat yayılmışdı. "Ümid edirik ki, ödəyərlər. Amma bu təşkilatların adlarının açıqlanmasına səlahiyyətimiz yoxdur. Çünki bu abonentlə, təşkilatla "Azəriqaz" arasında olan məsələdir. Bəzən hansısa təşkilat həddən artıq yubanmalara yol verirsə, bu, araşdırılır və tədbir görülür. Məsələn, məhkəməyə müraciət edilir və bu barədə mətbuata məlumat verilir", deyə İB-dən bildirilib. "Dövlət təşkilatları ilə borca görə ciddi mübahisə yaradacaq problemimiz olmayıb. Borcla bağlı indiyədək hansı bir təşkilatı məhkəməyə verməmişik. Pulunu ödəməyənin istilik təchizatı dayandırılıb və ödəmə aparılıb". Bu açıqlama isə "Azəristiliktəchizat" ASC-dən verilib. Ekspertlərin fikrincə isə, Azərbaycanda zaman-zaman qarşılıqlı borcların silinməsi ilə bağlı proseslər baş verir ki, borcu olan müəssisələrin normal fəaliyyətini bərpa etmək mümkün olsun: "Çox təəssüf ki, dövlət dəstəyi olmasına baxmayaraq, bəzi hallarda bu cür dəstəklərdən sui-istifadə edirlər. Kommunal borcu olan dövlət təşkilatlarında belə qənaət yaranır ki, borc əvvəl-axır silinəcək. Bu, doğru yanaşma deyil. Sözsüz ki, kommunal xidmətlərə məsul olan qurumlar da çalışırlar ki, bu borcların azaldılması istiqamətində iş görsünlər. Amma kifayət qədər ciddi humanitar borcu olan qurumlar var ki, onlara kommunal xidmətin dayandırılması asan məsələ deyil". Təəssüf ki, bir sıra hallarda qarşılıqlı borclardan əziyyət çəkən vətəndaşlar olur. Belə ki, paytaxtın Suraxanı rayonunun sakinləri dekabrın 16-dan etibarən istilik üzünə həsrət qalıblar. Yeni Günəşli, Əmircan və Qaraçuxur qəsəbəsinin sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, "Azəriqaz" İstehsalat Birliyinin rəsmiləri "Azəristiliktəchizat"ın 43 milyon manat borcunu əsas gətirərək rayonun qəsəbələrində fəaliyyət göstərən istilik qazanxanalarına qazın verilişini dayandırıb. Ki, bu da rayonun demək olar ki, bütün qəsəbələrində problemlərin yaranmasına gətirib çıxarıb: "Qış fəsli başlayandan "Azəristiliktəchizat"ın yerli istilikxanalarının nümayəndələri bizi normal istiliklə təmin edirdi. Heç bir şikayətimiz yox idi. Amma son günlər mənzilimizə verilən istilik tamamilə dayandırılıb. Qurumun yerli şöbəsinə, yəni 9 saylı Suraxanı rayon istilik Sistemləri İstismar Sahəsinə müraciət edəndə bildirdilər ki, günah onlarda yox, "Azəriqaz" İstehsalat Birliyindədir. Deməli, məsələ belədir. Deyilənə görə, "Azəristiliktəchizat"ın "Azəriqaz" İstehsalat Birliyrnə 43 milyon manat debitor borcu var. Və bu borc ödənmədiyinə görə, birliyin rəsmiləri paytaxtın bəzi rayonlarında istilik qazanxanalarının qazını kəsiblər. Bu yolla onlar 43 milyon manatlıq borcu kompensasiya etməyə çalışırlar. Əkbər Hacıyevin rəhbəri olduğu qurumun əməkdaşları isə hədəf kimi kənar rayon və qəsəbələri seçiblər. Şəhərin mərkəzi hissələrində yerləşən binaların istiliyi kəsilməyib. Çünki həmin binaların çoxunda imkanlı və vəzifəli şəxslər yaşayır. Ətraf qəsəbələrin sakinləri isə necə gündür ki, soyuqdan donur". Şikayətçilər "Azəristiliktəchizat"da heç bir günah görmədiklərini deyirlər: "Günahın hamısı "Azəriqaz"dadır. Ona qalsa, digər dövlət qurumlarının da İstehsalat Birliyinə borcu var. Bəs niyə həmin təşkilatlara problem yaradılmır? ASC rəhbərliyi yəqin ki, gec-tez "Azəriqaz"a olan borcunu ödəyəcək. Borca görə vətəndaşları soyuqdan dondurmaq heç də doğru yanaşma deyil. Camaatın evində körpəsi, xəstəsi var. Bunu nəzərə almaq lazımdır. Hər iki qurumun rəhbərliyi öz aralarında razılığa gəlib problemi yoluna qoymalıdır. İstiliyin olmaması vətəndaşlara ikiqat zərbə vurur. Belə ki, istilik olmadığından vətəndaşlar məcburiyyət qarşısında elektriklə işləyən avadanlıqlardan istifadə edirlər. Ayın sonunda isə işıq puluna görə yazılan borc kəllə-çarxa çıxır. Qəzet vasitəsilə aidiyyəti dövlət qurumlarından kömək istəyirik. Yaxın günlərdə istiliyimiz bərpa edilməsə, "Azəriqaz"ın baş direktoru Əkbər Hacıyevdən yuxarılara şikayət edəcəyik". Məsələyə aydınlıq gətirmək üçün "Azəriqaz"ın 490-43-34 nömrəli əlaqə telefonuna zəng vursaq da, cavab verən olmadı. İstənilən halda, Əkbər Hacıyev istiliksiz qalan sakinlərin şikayətini araşdırıb yaranmış problemi tezliklə yoluna qoymalıdır. \\ Gundelik-Baku.com \\ Geri qayıt |