Əsas Səhifə > Sosial, Manşet > Sabirabad səhiyyəsi nədən İrana xəstə ixrac edir?

Sabirabad səhiyyəsi nədən İrana xəstə ixrac edir?


15-07-2014, 11:06
Sabirabad səhiyyəsi nədən İrana xəstə ixrac edir?
DİA.AZ: - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında vəziyyət heç də ürəkaçan deyil. Bu barədə DİA.AZ “Gündəlik Bakı” qəzetinə istinadən məlumat verir. Xəbərə görə, adıçəkilən tibb ocağında xəstələrə qarşı diskriminasiya mövcuddur. Belə ki, hansı xəstənin əli cibindədirsə, həmin xəstəyə münasibət də fərqlidir. Əli cibində olmayan xəstələrə ən ağır durumda belə olsalar, onlara baxan olmur.

Hətta xəstənin durumu pis olsa onu evə buraxırlar. Həkimlər xəstələrlə kobud rəftar edirlər. Xəstəxanada elə vəziyyət yaradıblar ki, xəstələri tibb müəssisəsindən uzaq salıblar. Bir gələn bir də gəlmək istəmir. Bu da pasiyentlərə olan soyuq münasibətin göstəricisidir. Ona görə də xəstələr qonşu rayonların tibb ocaqlarına üz tuturlar. Hətta İrana üz tutanlar da az deyil. Xəstələr onu da bildirirlər ki, orada göstərilən xidmətin səviyyəsi çox aşağıdır. Xəstələri get-gələ salırlar. Hər dəfə də nə qədər iynə-dərman yazırlar. Xəstənin səhhəti yaxşılaşmaq əvəzinə getdikcə pisləşir. Bu isə həkimlərin peşəkarlıq səviyyəsinin aşağı olmasının göstəricisidir.

Peşəkarlığın aşağı səviyyədə olması, tibbi xidmətin sıfıra bərabər olması Sabirabad Rayon Mərkəzi Xəstəxananın baş həkim Əziz Mikayılovun məsuliyyətsizliyinin nəticəsidir. Baş həkim öz ətrafına topladığı yaxınlarına o qədər imkan yaradıb ki, onlar da az qala tibb müəssisəsini bazara çevirmək üzrədir. Həkimdən tutmuş qapıçıya qədər hamı sözügedən xəstəxanada at oynadır. Hamısı baş həkimə güvənir. Bundan başqa dövlət tərəfindən tibb müəssisəsinə ayrılan pullar təyinatdankənar xərclərə sərf olunur. xəstəxanada lazımi tibbi avadanlıqlar yox səviyyəsindədir. Bundan başqa tibb ocağının təmirə ehtiyacı var. lakin ayrılan vəsaitlərlə müqayisədə xəstəxananın təmiri heç də yaxşı deyil. Hazırda Sabirabad Rayon Mərkəzi Xəstəxanasında şəkərli diabet xəstələrinin pulsuz müalicəsi və onlara dərman preparatlarının verilməsilə bağlı ciddi problemlər yaşanır.

Adıçəkilən xəstəlikdən əziyyət çəkən şəxslərin bir qismi uzun müddətdir ki, zəruri dərman preparatlarını əldə edə bilmirlər. Diabet xəstələri bununla bağlı bir neçə dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə müraciət etsələr də, o, sadəcə, vəd verməklə işini bitmiş hesab edir. Halbuki onun birbaşa vəzifə borcudur ki, diabet xəstələrinin problemlərini qısa müddətdə yoluna qoysun.

Qeyd edək ki, cərrahiyyə, reanimasiya, terapiya, mamalıq-ginekoloji, nevroloji, yoluxucu xəstəliklər, pediatriya, vərəm əleyhinə xəstəxana, poliklinika şöbəsində vətəndaşlara keyfiyyətli səhiyyə xidmətləri göstərilmir. Həkimlərin və şöbə müdirlərinin gözü vətəndaşların cibindədir. Xəstəxanada həkimlərdən tutmuş tibb işçilərinə qədər hamı ayrı-ayrılıqda günün sonunda baş həkimə «hesabat» verirlər. Əziz həkimin yersiz tələbləri onları bezdirib. Amma işlərinin xətrinə xəstəxana rəhbərinin bütün tapşırıqlarını etiraz etmədən yerinə yetirirlər. Məhz baş həkimin bu kimi qanunsuz işlərinin nəticəsində Sabirabadın səhiyyə sistemi yaman günə düşüb». İnanırıq ki, səhiyyə naziri hörmətli Oqtay Şirəliyev onun etimadını doğrulda bilməyən Əziz Mikayılovun fəaliyyətini nəzarətə götürüb, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında mövcud olan problemlərin yoluna qoyulması barədə zəruri tədbirlər görəcək.

DİA.AZ olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt