Əsas Səhifə > Sosial, Manşet > Rəsmi Tehran Azərbaycanla anlaşmasının üzərində sona qədər dayana bilmir

Rəsmi Tehran Azərbaycanla anlaşmasının üzərində sona qədər dayana bilmir


26-05-2014, 10:20
Rəsmi Tehran Azərbaycanla anlaşmasının üzərində sona qədər dayana bilmir
DİA.AZ: - Rəsmi Bakı ilə münasibətlərini qaydasına saldığını nümayiş etdirən fars-molla rejimi paralel olaraq Azərbaycana qarşı addımlarını da yubatmır. Doğrudur, bu gün İranın antiAzərbaycan ruhlu KİV-ləri əvvəlki templə fəaliyyət göstərmirlər. Amma yenə də “qaşındıqlarını” rəsmən nümayiş etdirirlər.

DİA.AZ İran xəfiyyəsinin Azərbaycandakı Bütöv Azərbaycan ideyasını təbliğ edən təşkilatlara alternatic, cavab olaraq yaratdığı aşkar surətdə duyulan və Şimali Azərbaycanın da fars-molla rejimi tərəfindən işğalını prioritet ideya kimi qəbul edən “Dünya Azərilərinin Hüquqlarını Müdafiə Cəmiyyəti” adlı absurd məramlı təşkilatın sonuncu bəyanatını olduğu kimi diqqətinizə təqdim edir. Hər halda bu bəyanatın mətnində rəsmi Tehranın Azərbaycanla sona qədər anlaşmayacağı da açıq şəkildə duyulur.

Rəsmi Tehran Azərbaycanla anlaşmasının üzərində sona qədər dayana bilmir

“Dünya Azərilərinin Hüquqlarını Müdafiə Cəmiyyətinin İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyüa bəyanat yaydı
Bismillahir-Rəhmanir-Rəhim
Əsrin sahibi, İmam Zamanın (əc) hüzuruna salam-salavatla!
Salam olsun Azərbaycanın özünü tarix boyu mənəvi, əxlaqi, dini, insani, islami kimliyə vəqf etmiş din alimlərinin ruhuna! Bu yolda ən ağır çətinliklərə sinə gərilmiş, ali məqsədlər bəşəriyyətə qarşı qüvvələrin təzyiqlərindən qorunmuşdur. Fədakarlıq göstərmiş bu böyük insanlar cənnət Azərbaycanın Besət, Qədir, Aşura övladlarının kimlik və iftixar göstəricisidir. Bu insanlar ümmətin gözünün nuru, Ali-Məhəmməd övladlarının himayədarı, düşüncə və əxlaq müdafiəçiləridirlər. Onlar bizim milləti ziddiyyətli, fitnəkar xislətlərdən qoruyaraq insani fəzilətlərə yüksəltmiş, bəşəriyyətin problemlərinə həmdərd və şərik etmişlər.
Təqdirəlayiqdir ki, peyğəmbər varisləri alimlərin ardınca dini fəallar hicab qadağası ardınca ayağa qalxaraq, İslami dəyərlərin müdafiəsi yolunda səsini qaldırmış və həbsə alınmışlar. Bu müqəddəs mübarizədə xalqın dəstəyi onların müvəffəqiyyət rəmzidir. Səmavi dəyərlərin, əxlaqın, eləcə də fədakar insanların müdafiəsində xalqın səhnədə olması çox mühümdür. Biz dünyanın müsəlman azərbaycanlılarının problemlərini dərk edərək, onların diqqətini Azərbaycanda böyük şəxsiyyətlərin ağrılı durumuna yönəldirik. Bu insanlar dini dəyərləri, iffət və hicabı müdafiə etdikləri üçün saxta ittihamlarla həbsə alınmış, uzun müddətə azadlıqdan məhrum edilmişlər. Hicab və iffət müdafiəçiləri həbsxana şəraititni alçaldıcı, rəzil həyatdan üstün tutmuş, isti ailə ocağından, övladlarından uzaq düşmüşlər. Qısa müddətdə hicabı səhnədən çıxarmağı planlaşdıran Azərbaycan hökuməti bu yolda olanını qurban verən hicab müdafiəçilərinin müqaviməti ilə qarşılaşdı. Hansı ki Azərbaycan dövləti tolerantlıq, plüralizm, dini dözümlülük, demokratiyaya sədaqət iddiasındadır. Bu iddialara baxmayaraq 180 dini fəal azadlıqdan məhrum edilmişdir. Onlarla belə məhbus narkotika daşınması kimi saxta ittihamlarla üzləşmiş, təhlükəsizlik qüvvələrinin fitnəkarlığına qurban olmuşlar. Dini fəallar üst-üstə 300 il həbsə məhkum edilmişdir. Bu ssenarinin oxşarını orta əsrlər tarixində də tapmaq çətin məsələdir. Bu məhbusların yeganə günahı hakimiyyətin islamafob siyasətinə, ölkənin taleyinin biganələrə tapşırılmasına, milli sərvətin talan edilməsinə, fəsad və ayrıseçkiliyə etiraz etmələri olub.
Biz Azərbaycan dövlətini fədakar insanlara yönəli əsassız ittihamlar və hökmlərə yenidən baxmağa dəvət edir, Azərbaycan xalqı, dini və milli təşkilatlar, dini təhsil alan tələbələr və ruhanilərə qoşularaq, İslam tarixində həbs həyatı ilə yadda qalmış İmam Musa Kazimin (ə) şəhadət ildönümü gününə həbsdə müqavimət simvolu olaraq Azərbaycanda İslamçı Məhbuslarla Həmrəylik Günü (4 xordad – 25 may), 5 rəcəb – 6 şəban (25 may – 3 iyun) günlərini İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü elan edirik. Bütün dünya azərbaycanlılarından istəyimiz budur ki, İmam Musa Kazimin (ə) xatirəsinə həmin gün, din və vətənə xidmətdən başqa məqsədi olmayan böyük insanlarla həmrəylik nümayiş etdirsinlər, onlara qarşı zülm haqqında dünya xalqları və beynəlxalq birliyi məlumatlandırsınlar, Azərbaycan hökumətinə etiraz etməklə tarixi, milli və dini borclarını yerinə yetirsinlər. Bütün Azərbaycanda ağıl və məntiqin, söz azadlığının, tənqidə dözümlülüyün qələbəsi, bu dəyərlərin həbs və həbsxanaların yerini tutacağına ümidlə!”

Geri qayıt