Əsas Səhifə > Sosial, Manşet > Ağdam rayonunda icra başçısından narazılıq edirlər

Ağdam rayonunda icra başçısından narazılıq edirlər


4-04-2014, 10:30
Ağdam rayonunda icra başçısından narazılıq edirlər
DİA.AZ: - Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən bir qrup Ağdam rayon sakini icra başçısı Nizami Sadıqovun yeni töycü yığımına start verməsindən gileylənirlər. Bu barədə DİA.AZ-a göndərilən məktubda rayon sakini Gülhüseyn Səmədov bildirir ki, Nizami Sadıqov rayondakı sahibkarlara rəsmən divan tutmaqla məşğuldur.

Sakinlər yazır: «Ağdam camaatı hər zaman işə meyilli olub. Hətta qaçqınçılıq dönəmində də bu camaat öz dolanışığını qurmağı bacardı. Amma indi Ağdamda biz özümüzə həyat qura bilmirik. Rayonun yarısını ermənilər, yarısını da Nizami Sadıqov işğal edib. Hər addım başında müxtəlif bəhanələrlə pul tələb edir».

Sahibkarlar bildirir ki, icra başçısı indi də bəzi iş adamlarından qarşıdan gələn «Gül bayramı» ilə bağlı pul vermələrini tələb edib: «Biz onsuz da dövlətin tədbirlərindən kənarda qalmırıq. Amma belə də olmaz. Sanki borcumuz var imiş kimi davranaraq, min bir əziyyətlə qazandıqlarımızı bəhanə ilə alıb, mənimsəyir. Bilsək ki, verdiyimiz pul həqiqətən də tədbirlərə xərclənir, canımız rahat olar».

Onu da bildirək ki, şikayət ərizəsi ilə əlaqədar icra başçısının da mövqeyini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. Görünür, Nizami Sadıqov ümumiyyətlə, danışmağı sevmir. Bunu elə onun rəhbərlik etdiyi icra hakimiyyətinin rəsmi veb-səhifəsindən də görmək mümkündür. Sonuncu dəfə fevral ayının 11-də gördüyü işin hesabatını verən başçının bir də nə vaxt danışacağını təxmin etmək çox çətindir.

Geri qayıt