Əsas Səhifə > Sosial, Manşet > Konstitusiya hüququnun pozulduğunu iddia edən Sumqayıt sakini prezidentə müraciət etdi

Konstitusiya hüququnun pozulduğunu iddia edən Sumqayıt sakini prezidentə müraciət etdi


27-03-2014, 09:30
Konstitusiya hüququnun pozulduğunu iddia edən Sumqayıt sakini prezidentə müraciət etdi
DİA.AZ: - 1966-cı ildən Sumqayıtda yaşadığını bildirən Ağakişiyev Firuddin Balaqadaş oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən həmin müraciətdə deyilir:

“Cənab prezident, 65 yaşım var, təqaüdçüyəm, 250 manat təqaüd alıram. 1993-cü ildən, mənim öz mənzilimdə, (47-ci məhəllə, ev13, mənzil 22), məcburi köçkün ailəsi məskunlaşdığı üçün, mən, ailəmlə, əvvəllər mənə aid olmuş mənzildə, (10-cu m/r-n, ev1, mənzil72) məcburi olaraq yaşayırdım. 2011-ci ildə, bu mənzilin sahibi mənzilinin boşaldılması barədə məhkəməyə müraciət etdiyi üçün, mən də öz mənzilimin boşaldılması məqsədi ilə, məhkəməyə müraciət etdim və məhkəmə hər iki iddianı təmin etdi.

Lakin məhkəmənin lehimə olan qərarı (Iş-060-2429/2011) icra olunmadı, məhkəmənin əleyhimə olan qərarı isə (İş-060-975/2011) icra olundu, baxmayaraq ki, konstitusiyanın 25-ci maddəsində deyilir; hamı qanun və məhkəmə qarşısında bərabərdir. Nəticədə, ailəmdə iki nəfərin pensiyaçı, bir nəfərin isə, nevroloji xəstə olmasına baxmayaraq, 7 nəfərdən ibarət ailəm, 2013-cü ilin yanvarında, yaşadığımız mənzildən çıxarıldı. Həmin vaxtdan, etibarən də, bütün ailə ilə kirayədə yaşayır və təqaüdümün tamamını kirayə haqqına ödəməli oluram.

Yoldaşım da təqaüdçüdür, şəkər diabetli xəstədir, 132 manat təqaüd alır, kommunal xərclər də ödəndikdən sonra, ümumi təqaüddən bizə, iki pensiyaçıya 80 manat pul qalır ki, bu səbəbdən də maddi sıxıntı içindəyik.

Ailəmizin ümumi gəliri də az olduğu üçün, işləyən tək oğlumdur, ailənin bir çox ehtiyacları təmin olunmur. Maddi imkansızlıq üzündən, 5 yaşındakı nevroloji xəstə nəvəmizin müalicəsini davam etdirə bilmirik ki, bu da bizi çox üzür. Bizi ən çox üzən isə odur ki, mənzilimiz olduğu halda, haqsız olaraq kirayədə yaşamaya məcbur edilmişik. Bu vəziyyətimlə əlaqədar, məhkəmə qərarımın icra olunması üçün, ədliyyə naziri Fikrət Məmmədova, hüquqlarımın bərpasına kömək etməsi üçün, Hüquq Müvəkkili Elmira xanım Süleymanovaya, mənzilimdəki köçkün ailəsinin mənzillə təmin edilməsi üçün, “Qaçqınkom”-un sədri Əli Həsənova, yazılı müraciət etməyimə baxmayaraq, heç bir tədbir görülmür. Cavablarda mənə deyilir ki, məhkəmə qərarım icra oluna bilinmir ona görə də, hazırda mənzilimin qaytarılması mümkün deyil və mən gələcək illəri gözləməli olacağam. Bu üzdən, artıq 15 aydır, kirayədə yaşayıram və təqaüdə çıxdığımda dolana bilməm üçün mənə təyin olunmuş təqaüdümdən, özümə heç nə qalmadan, tamamını kirayə haqqına ödəyirəm. Belə çıxır ki, bu şəraitdə mən, həm yaşaya bilməli, həm də, cavablardan göründüyü kimi, müddəti məlum olmayan gələcək illəri gözləməli və dözməliyəm. Vəziyyətimin ciddiyyətini nəzərə almadan, məktublarıma tövsiyə xarakterli cavablar yazmaqla qane olan məmurlar isə, yəqin, belə bir şəraitdə yaşayışı normal və mümkün hesab edirlər.

Cənab Prezident! Sizdən xahiş edirəm, məcburən düşürüldüyüm bu vəziyyətə görə məruz qaldığım maddi sıxıntımı nəzərə alıb, konstitusiya ilə təsbit olunmuş mülkiyyət hüququmun, həmçinin, dövlət tərəfindən qorunan özəl mülkiyyətin təminatı hüququmun bərpa olunması üçün, və bununla da bağlı mənzilimə köçə bilməm üçün, mənə kömək edəsiniz”.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt