Əsas Səhifə > Sosial, Manşet > Elşad Abdullayevlə bağlı mücərrəd durum davam edir - Keçmiş rektoru axtaran kimi axtarmırlar da…

Elşad Abdullayevlə bağlı mücərrəd durum davam edir - Keçmiş rektoru axtaran kimi axtarmırlar da…


25-03-2014, 13:36
Elşad Abdullayevlə bağlı mücərrəd durum davam edir - Keçmiş rektoru axtaran kimi axtarmırlar da…
DİA.AZ: - Bir zamanlar özünün şok açıqlamaları və videoçəkilişləri ilə ölkə gündəmini məşğul edən fəaliyyəti qadağan edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev Azərbaycana gələ bilər. Bu ilginc açıqlamanı DİA.AZ-a verən hökumət içindəki mötəbər mənbə iddia edir ki, davamlı şəkildə Elşad Abdullayevə Bakıdan dəstək verilib və həmin qüvvələr bir neçə il əvvəl sabiq ABU rəhbərinin iştirakı ilə başlatdıqları prosesə yekun nöqtəni vurmağa hazırlaşırlar.

Mənbənin söylədikləri: «Elşad Abdullayev məsələsi hansısa formada çözülməlidir. Yəni bu işlərə birdəfəlik konkret münasibət bildirilməlidir. Bir yandan keçmiş rektor orqan alveri ittihamı ilə axtarışa verilir, digər yandan onun iddiaları ilə həbsdə saxlanılanlar var».

Mənbəmiz bu durumun əsl nədənlərini dia.az-a belə izah edir: «Əslində burada hər şey gün kimi aydındır. Yəni Elşad Abdullayevi qoruyanlar onun iddiaları ilə addımlar atdığı kimi, onu əzməyə çalışanlar da barəsində ittihamlar səsləndirib, axtarış elan ediblər. Amma maraqlı olanı odur ki, keçmiş rektorun İnterpol vasitəsilə axtarışı elan olunsa da, bu qərar yalnız Azərbaycan ərazisində keçərlidir. Deməli, kimlərəsə hazırki şərait sərf edir. Yəni Elşad Abdullayev Azərbaycana dönə bilməsin, vəssalam».

Mənbəmiz bildirir ki, amma vəziyyət dəyişməyə doğru da gedə bilər: «Ola bilsin ki, Elşad Abdullayev Bakıya gətirilsin, amma sonradan məhkəmə yolu ilə azadlığa buraxılsın. Lakin bunun üçün tərəflərdən birinin mütləq qələbəsinə ehtiyac var. Yəni bu, konkret bir cinahın prosesə yekun nöqtəni vurması anlamına gəlir. Yaxın günlərdə isə belə bir dəyişiklik, silkələnmə gözlənilmir. Deməli, Elşad Abdullayev hələ xaricdə qalmalı olacaq»…

Geri qayıt