Əsas Səhifə > Sosial, Manşet > Ölüm ayağında olan DÖVLƏT DƏSTƏYİ...

Ölüm ayağında olan DÖVLƏT DƏSTƏYİ...


18-09-2023, 09:35
Ölüm ayağında olan DÖVLƏT DƏSTƏYİ...
Dövlət Proqramı çərçivəsində Cəlilabad sakinlərinə verilmiş heyvanlar evə çatmadan ölüb. Sosial şəbəkələrdə bu haqda görüntülər də əks olunub. Deyilənə görə, bu heyvanlar Məşğulluq idarəsindən verilir və buna görə vətəndaşlara neçə min manata qədər qol çəkdirirlər. 400 manata yazılıb, təhvil verilən qoyunu yolda ölmədən vətəndaş evinə güclə çatdırır. Sahibkarlığın inkişafına dəstək məqsədilə təşkil olunan belə proqramlarda nəyə görə vətəndaşlara qarşı bu cür laqeydliyə yol verilir? Ölüm ayağında olan xəstə heyvanı vətəndaşa "dövlət dəstəyi" adı ilə verməkdə məqsəd nədir? Xəstə heyvanlarla aldadılan sahibkarlar dərdlərini kimə deyə bilərlər?
DİA.AZ bildirir ki, problemlə əlaqədar Azad istehlakçılar Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb:

"Öncəliklə qeyd edim ki, mən qeyri-hökumət təşkilatları forumunda İctimai Nəzarət Koalisiyasının üzvüyəm və vətəndaşlardandan rica edirəm ki, əllərində belə faktlar olan zaman bizə ərizə ilə müraciət etsinlər. Beləliklə, biz ciddi bir araşdırma və monitorinq aparaq və bunun qarşısını alaq. Əgər belə bir hal varsa, bu, yaramaz haldır. Bu, o deməkdir ki, həmin işi görən məmurlar insanları və hökuməti aldadırlar. Əlbəttə ki, yuxarı qiymətə qol çəkdirib, qiyməti aşağı olan bir heyvanı verirlərsə, deməli, ortada açıq korrupsiya faktı var və dövlətin korrupsiyaya qarşı mübarizə iradəsi var.

Belə məsələlərdə vətəndaşlar ayıq olmalı və heç kəsdən çəkinməməlidirlər. Burda ictimai nəzarət öz rolunu göstərməlidir, KİV bu işə qarışmalıdır və bu əməlləri törədənlər mütləq cəzalandırılmalıdırlar. Necə deyərlər, insanlar kasıb olduqları üçün susmalı olurlar, ancaq bu, yolverilməzdir. Şəxsən mən hüquqi yollarla bu problemə qarşı mübarizə aparmağa hazıram. Vətəndaşlar buyurub, müraciətlərini etsinlər. Mənə ötən il Sabriabad rayonunun Nəsimi kəndindən bir nəfər müraciət etmişdi və bildirmişdi ki, gərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları vətəndaşların həyat səviyyəsini öyrənmək üçün onların evlərinə gəlirlər. Ancaq gərək nazirlik həm də vətəndaşların evinə qoyun - heyvan dili bilən əməkdaşlarını da göndərsinlər. Mənə müraciət edən həmin vətəndaşın həyətində üç qoyunu var idi və beşi də bacısının idi. Vətəndaş bununla belə sübut edə bilməyib ki, bu beş ədəd qoyun onun yox, bacısınındır.

Nazirliyin əməkdaşları deyib ki, "sən kasıb deyilsən, çünki sənin səkkiz qoyunun var". Hətta kənd soveti də həmin qoyunların adamın bacısına məxsus olduğunu təsdiqləyib. Bununla belə yenə də nazirlik əməkdaşlarını inandıra bilməyiblər. Ona görə də deyir ki, həyat səviyyəmizi bilən işçilərlə yanaşı, heyvan dilini bilən işçilər də göndərsinlər. Bu adam rayon insanıdır və əqidəsi də düz adamdır. Düşünüb ki, onlara həqiqəti deyəcək və onlar da inanacaqlar. Lakin gəlib sayıblar və deyiblər ki, "yalan deyirsən, sənin beş artıq qoyunun var". Yenə təkrar edirəm, bu, olduqca yaramaz bir haldır. Vətəndaşın müraciətini Əmək Nazirliyinə göndərdim, ancaq heç bir cavab vermədilər. Bu da o deməkdir ki, nazirlik öz bildiyini edir. Bu, yolverilməzdir. Nazirliyin tərkibində İctimai Şura var. Mən üzümü onlara tutub deyirəm ki, belə biabırçılıqların qarşısını alsınlar. Rayonlara gedib, orada nazirlik adından saxta görüntülər göstərməsinlər. Belə problemlərlə əlaqədar vətəndaşlar səslərini qaldırsalar, müraciət etsələr, biz onların problemini yüksək səviyyədə həll edə bilərik. Buyurub, müraciət etsinlər. Belə hallar yolverilməzdir" - deyə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş məhsulu bəyənib, imzalayıb, qəbul etməyincə, həmin mallar vətəndaşa verilmir: "Vətəndaşa verilən həmin heyvanları elə vətəndaşın özü seçir. Vətəndaşın özü həmin heyvanı seçir, bəyənir, alır. Daha sonra da heyvanı aldığına dair akta imza atır və təşəkkür videosu çəkilir. Ardınca biz həmin aktı və videonu öz saytımıza yerləşdiririk. Xülasə, vətəndaş yalnız məmnun olduğu halda öz məhsulunu götürür və öz təsərrüfatını qurur. Cəlilabad rayonundakı vətəndaşla bağlı yayılan video haqda onu qeyd etmək istərdik ki, həmin vətəndaşın heyvanı aldıqdan sonra təşəkkür videosu da mövcuddur. O, həmin videoda məhsulu özünün seçib, bəyənib və öz razılığı ilə götürdüyünü bildirir" - deyə, nazirlikdən verilən açıqlamada qeyd edilib.

Geri qayıt