Əsas Səhifə > Sosial, Manşet > Keçmiş universitet rektoruna qarşı ciddi ittihamlar

Keçmiş universitet rektoruna qarşı ciddi ittihamlar


11-02-2014, 10:48
Keçmiş universitet rektoruna qarşı ciddi ittihamlar
DİA.AZ: - Bir neçə gün əvvəl belə bir məlumat yayıldı ki, Sumqayıt Dövlət Universitetində Misir Mərdanovdan qalma bütün kadr heyətinin ərizələri alınıb. Məlumatda deyilirdi ki, universitetlə bağlı təhsil nazirliyinin apardığı araşdırmalar nəticəsində rüşvət və korrupsiya halları üzrə ciddi faktlar aşkarlandığından onlardan bəzilərinə qarşı ittiham da irəli sürülə bilər.

Bu gün isə DİA.AZ-a SDU-nun sabiq rektoru Nadir Qəhrəmanovun başının cəncəldə olduğu iddia edilən informasiya daxil olub. Məlumatlı mənbələrin redaksiyamıza bildirdiyinə görə, zamanında barəsində çox yazılan və hətta mətbuatda «qəssab Nadir» kimi təqdim olunan sabiq rektor barəsində cinayət işi açılıb. Məlumatlara görə, cinayət işi nazirlik tərəfindən aparılan yoxlamalar nəticəsində əldə olunan faktlar əsasında açılıb və hətta bildirilir ki, artıq istintaq tərəfindən Nadir Qəhrəmanov sorğu-sual da edilib.

Məlumatlara görə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Sumqayıt Dövlət Universitetinə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunmasında ciddi nöqsanlar aşkarlanıb.

DİA.AZ-a daxil olan məlumata görə, universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə, dövlətə külli miqdarda zərər vurulduğu müəyyən olunub və bu səbəbdən SDU-da əlavə olaraq nazirliyin sifarişi ilə audit yoxlamalarının həyata keçirilməsi qərarı da verilib.

Hər halda, bu faktların Nadir Qəhrəmanova və eyni zamanda SDU-nun bəzi rəhbər şəxslərinə qarşı ciddi ittihamlarla müşaiyət olunacağı şübhəsizdir.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

Geri qayıt