Əsas Səhifə > Sosial, Manşet > Quba “dəlixana”sında yaranan tıxac nə ilə bağlıdır – Ruhi xəstə “pripiska”sı...

Quba “dəlixana”sında yaranan tıxac nə ilə bağlıdır – Ruhi xəstə “pripiska”sı...


7-02-2014, 10:08
Quba “dəlixana”sında yaranan tıxac nə ilə bağlıdır – Ruhi xəstə “pripiska”sı...
DİA.AZ: - Keçən günlərdə Quba Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzinin fəaliyyətində yer almış ciddi qanun pozuntularına dair faktları diqqətinizə təqdim etmişdik. Təəssüflər olsun ki, bu neqativ hallara hələ də nə Səhiyyə Nazirliyinin, nə də bu tibb müəssisəsinin rəhbərliyi tərəfindən heç bir reaksiya verilməyib. Yaranmış vəziyyətdən yerli ictimaiyyətin narazılıqları isə artmaqda davam edir.

Bu əsnada DİA.AZ-a daxil olan məlumatlarda mərkəzin direktoru Aydın Tahirovun törətdiyi çeşidli korrupsiya hallarından bəhs edilir. Artıq qeyd olunduğu kimi hələ 2011-ci ilin dekabr ayında ombudsman Elmira Süleymanovanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qrupunun üzvləri ilə birgə Quba Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzində keçirdikləri monitorinq zamanı bu müəssisədə eyni zamanda 100 nəfərin müalicə almasına icazə veriliyi halda, burada 110 xəstənin saxlandığı, dərman çatışmazlığının əsas problemlərdən olduğu, yataq dəstlərinin köhnəliyi, orta tibb personalının çatışmazlığı və ya tam komplektləşdirilmədiyi müəyyən edilmişdi. Bundan təxminən bir il sonra, Ombudsmanın Milli Preventiv qrupunun üzvlərinin həmin tibb müəssisəsinə təkrar başçmələri zamanı da burada eyni nöqsanlar müşahidə edilmişdi.

Yerli mənbələrdən aldığımız məlumatlarda isə göstərilir ki, hələ sovetlər dönəmindən buraya rəhbərlik edən baş həkim, mərkəzin bütün resurs və imkanlarını tam nəzarətdə saxlamaqla, müəssisədə ilk növbədə dərman preparatlarının dövriyyəsini əsil ticari biznesə çevirə bilmişdir. Bu biznesin sadə sxemi bundan ibarətdir ki, dövlət tərəfindən verilən preparatların çeşidi və sayı nə xəstələrə, nə də onların qohum və ya hamilərinə məlum deyil. Bundan yararlanan mərkəzin rəhbərliyinə sadəcə olaraq dərman qıtlığı görüntüsü yaratmaq kifayət edir.

Xəstə sahibləri özləri həkimlərə müraciət edərək, az qala auksion üsulu ilə tələb olunan preparatları almaq arzularını ifadə edirlər. “Satış” bitdikdən sonra hər xəstənin dərmanı özünə verilir. Təbii ki, pulsuz dərman alanlar da olurlar. Axı nəticədə preparatlar hamıya çatacaq sayda alınır. Qıtlıq görüntüsünün yaradılmasında isə məhz Reabilitasiya Mərkəzində bu müəssisə üçün nəzərdə tutulmuş limitdən artıq xəstənin saxlanması xüsusi effekt verir. Həmçinin burada primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, reabilitasiya mərkəzinin antisanitariya şəraitində saxlanması mənbələr tərəfindən artıq xəstələrin çoxdan barışdıqları bir hal kim təqdim olunur. Eyni zamanda da həm tibbi personalın, həm də xəstələrin siyahısında “ölü canlar”ın saxlanması faktı aldığımız məlumatlarda öz əksini tapır. Həm də bu təcrübə mərkəzin fəaliyyətinə bilavasitə neqativ təsirini göstərən ən əhəmiyətli amillərdən biri kimi təqdim olunur.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt