Əsas Səhifə > Sosial, Manşet > “Mən o restoranı ilk dəfə "Yeni Musavat" -ın saytında gördüm”

“Mən o restoranı ilk dəfə "Yeni Musavat" -ın saytında gördüm”


28-01-2014, 09:50
“Mən o restoranı ilk dəfə "Yeni Musavat" -ın saytında gördüm”
DİA.AZ: - “İstəyirsə özünü lap damdan atsın. Mətbuat səhifələrində mənim şəxsiyyətimə yönəlik təhqirlərlə dolu məqalə dərc etdirən Elşad Məmmədovu məhkəməyə verəcəyəm. Qoy, bu məsələ hüquq müstəvisində həll olunsun. Yoxsa bu adam şantajlarından əl çəkməyəcək”. Bunu “Yeni Müsavat”a “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli sahibkar Elşad Məmmədovun özünü yandıracağı xəbərinə münasibət bildirərkən deyib.

“Avesta” konserninin prezidenti eyni zamanda sahibkar Elşad Məmmədovla bağlı məsləyə bir daha aydınlıq gətirib: “51 və 52 saylı iki mənzilin Elşad Məmmədova satışı da məhz “Skat” restoranında görülən işlərin müqabilində həyata keçirilib. Bir müddət sonra məlum oldu ki, Orxan Sadıxovla birgə “Skat” restoranda heç bir iş görməyiblər. Buna görə də E.Məmmədovla bağlanmış müqavilənin ləğvini tələb etdim. Məhkəmə də öz növbəsində iddiamı təmin etdi. Elşad Məmmədov da mətbuatda dediyi kimi heç kimə pul verməyib, yalan danışır. “Xəzər Adaları”nda Orxanla birlikdə “Skat” restoranını götürüb iş görəcəkdilər. Müqavilədə imzaladıqları öhdəlikləri yerin yetirmədilər. Elə bildilər fırıldaq işlədib məni aldadıb, aradan çıxacaqlar. Ona mənzilin sənədlərini verməmişəm, kağız vermişdim ki, guya ödədilər. Bir də gördüm ki, Gürcüstana qaçıblar. Onları tutub gətirdilər. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ifadə aldılar. Şikayət etdi, məhkəmədə uduzdu. Bu dəfə də dinc dayanmadı, qəzetlərlə hücuma keçdi”.

Hacı İbrahim Nehrəmli bildirdi ki, biznesmenin özünü yandıracağı barədə mətbuata xəbərlər ötürməsi də, sadəcə diqqət çəkmək üçündür: “Deyir ki, guya mən pul verib aldığı mənzilləri onun əlindən almışam. Mənim buna nə ehtiyacım var axı. “Yeni Şəhər”də meqa proje həyata keçirirəm. Ev satıram. Mənim iki evə ehtiyacımmı var? Elşad Məmmədov özünü yandırmaq istəyirsə, yandırsın. Bu ölkənin qanunları var. Hamı o qanunlara tabe olmalıdır. Fırıldaqçılıqla heç kəs dövləti aldada, onun qanunlarını tapdalaya bilməz. Ona görə də qərar vermişəm ki, Elşad Məmmədovu şərəf və ləyaqətimi təhqir etdiyi üçün məhkəməyə verim. Qoy qanun qarşısında cavab versin”.

Elşad Məmmədov DİA.AZ-a yolladığı açıqlamasında Hacı İbrahimin dediklərinin yalan olduğunu bildirib. Onun sözlərinə görə, 355 min manat pulu mənimsənilib: “Böyük qardaşım Qarabağ qazisidir. İndiyə qədər 1000-ə yaxın şikayətim nəticəsiz qalıb. Əlim hər yerdən üzülüb. Prokurorluq, məhkəmələr hamısı sifariş yerinə yetirir. Bu əmrləri Hacı İbrahim Nehrəmli verir. Hansı ki, mənim əlimdə sənədlər var. 2012-ci ilin fevral ayının 1-də “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmliyə məxsus olan “Həsən-96” MTK-nın sədri Emil Tağıyevdən (Hacı İbrahimin bacanağı) Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlamışam. Buna görə də MTK-ya 355 min manat ödəmişəm. Maliyyə arayışını və kassa mədaxil qəbzləri əlimdədir. Haqqımı tələb edəndə Hacı İbrahimin mühafizəçisi məni ölümlə hədələdi. Bundan sonra ailəmin və üç körpə övladımın təhlükəsizliyini təmin etmək üçün Qazax rayonuna köçdüm və kirayələrdə qalmışam. Nə pulum qaytarılır, nə də mənzilləri verirlər. İndiyə qədər baş prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi susublar, məhkəmələr əleyhimə qərar çıxarıblar”.

Elşad Məmmədov deyir ki, nə Gürcüstana qaçıb, nə də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ifadə verib: “Hacı İbrahimin dedikləri yalandır. Guya mənə mənzilin sənədlərini yox, kağız verib. Pulu Zülü İsgəndərova vermişəm. Qəbzlər, maliyyə arayışları əlimdədir. Gürcüstana da qaçmamışam, “Banditizm”də də ifadə verməmişəm. Başıma gətirilən oyunlardan sonra mətbuata üz tutdum. Şikayətimi dilə gətirdim. “Azadlıq” başda olmaqla bir çox qəzet və saytlar yazdı. Ancaq “Yeni Müsavat” qəzeti məni dinləmədən hacı İbrahimə qahmar çıxdı, onu müdafiə etdi”.

Hacı İbrahim Nehrəmlinin məhkəmə hədəsinə gəlincə isə iş adamı deyir ki, birinci o ədalət mühakimələrinə müraciət edib: “Ancaq məhkəmələrim mənə qanunla çatacaq mənzili vermədilər. Məhkəmə prseslərinin ilkin mərhələsində hakimlər gətirdiyim sənədlərə baxıb haqlı olduğumu dedi, daha sonra isə əleyhimə qərar çıxardı”.O ki, qaldı Hacı İbrahim dediyi "Skat" restoranının təmirinə mən o restoranı ilk dəfə "Yeni Musavat" -ın saytında gördüm.Bir daha vurğulayıram ki, mən Azərbaycanda məhkəmələrə inanmıram və bir vətəndaş kimi mütəşəkkil cinayətkar şəbəkənin başında dayanan Hacı İbrahimə, "Həsən-96" MTK-nın rəhbəri Emil Tağıyevə , MTK-nın şöbə müdiri Zülü İsgəndərova Baş Prokuror Zakir Qaralov cinayət işi açsın. Kimin haqlı -kimin haqsız olduğu bəlli olsun.

Mən bu milyarder, ilin iş adamı, qardaşı nazir , nehrəmli , Hacı İbrahimə başa sala bilmədim ki, mən Məmmədov Elşadam, Orxan Sadıxov yox. İki il ərzində KİV-də gedən yazılara qarşılıq nəyə görə heç kim məsuliyyətə cəlb olumayıb. Tələb edirəm Prokurorluqda cinayət işi başlansın”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt