Əsas Səhifə > Sosial, Manşet > Abbas Abbasovun Bakıya mübhəm səfər tədarükü

Abbas Abbasovun Bakıya mübhəm səfər tədarükü


6-01-2014, 14:15
Abbas Abbasovun Bakıya mübhəm səfər tədarükü
DİA.AZ: - Artıq Ukraynada kifayət qədər arxayınlaşan Rusiyanın Azərbaycanla bağlı siyasətində sərt addımlar atacağı gözlənilən idi. Redaksiyamıza bu barədə daxil olan informasiyalar da təsdiqləyir ki, Kreml kimsəni intizarda saxlamaq istəməyib və artıq rəsmi Bakıya qarşı yeni təzyiqlər planı işə salınıb.

Xatırladaq ki, son prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana böyük təzyiq dalğası yön almışdı. Belə ki, «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqında cəmləşən nüfuzlu oliqarxların, habelə müxalifət təşkilatlarının cəmləşdiyi Milli Şuranın xətti ilə Azərbaycan iqtidarını hədəfə götürən Kremlin məlum basqıları Rusiya prezidenti Vladimir Putinin məlum səfərinin ardından səngimiş kimi göründü.

Bunun ardından belə bir xəbər yayıldı ki, artıq tərəflər anlaşıblar. Və Bakıda seçkilər sakit şəkildə yola verildi. Amma Rusiya çomağını əldən qoymadı və bunu tezliklə hiss etdirdi. Lakin Kremlin «Ukrayna cəbhəsində» yaşadığı böhran Bakının işinə yaradı. Digər yandan isə Gömrük İttifaqına Azərbaycanın da cəlb edilməsi ideyasının mövcudluğu rəsmi Bakının manevr imkanlarını daha da genişləndirmiş oldu. Hətta vəziyyət o həddə çatdı ki, Azərbaycanın Rusiya ilə Qarabağ bazarlığına girişdiyi haqda da informasiyalar mətbuata yol tapdı.

Doğrudur, sonradan Türkiyənin xarici siyasət idarəsi «Qarabağ ətrafındakı iki rayonun azadlığı barədə müzakirələr aparmamışıq» şəklində açıqlama yaymaq zorunda qaldı. Amma bu təkzibin özü belə gündəmdəki «Azərbaycan-Türkiyə-Ermənistan-Rusiya» məxfi danışıqlarını inkar etmədi. Yəni faktiki olaraq danışıqlar aparılırdı. Və Rusiyanın hətta işğal altında olan rayonları Azərbaycana qeyd-şərtsiz verməsi üçün Ermənistana təzyiqlərdə bulunduğu da söylənilirdi.

Amma sonradan situasiya dəyişdi. İrəvan Kremlin bir barmaq işarəsi ilə Gömrük İttifaqına qoşuldu. Bu isə Ermənistanın regiondakı və problemə baxış müstəvisindəki mövqelərini gücləndirdi. Yəni könüllü şəkildə Rusiyanın qucağına atılan Ermənistanın maraqları Kreml üçün vacib şərtə çevrildiyindən Qarabağ cəbhəsində hər hansı güzəşt məsələsi yenidən aktuallığını itirdi. Vəziyyət o həddə çatdı ki, hətta rəsmi İrəvanın ruspərəstliyi ermənilərin özləri tərəfindən hədəfə alındı. Və erməni mətbuatında «Putin istəyərsə, erməni nazirlər arvadlarını da boşayarlar» ifadəsi məşhurlaşdı. Bu isə Ermənistanın Rusiyanın diqtəsi altında olan formal bir dövlət olduğunu bir daha təsbitləmiş oldu.

Belə bir şəraitdə Azərbaycanın yenidən güc toplaması və mövqelər əldə etməsinə ehtiyac var idi ki, bunun üçün də alternativ olaraq Qərblə təmasların gücləndirilməsi idi. Şahdəniz-2 ilə bağlı əldə olunan saziş isə rəsmi Bakının Rusiyaya əks-reaksiyası kimi qiymətləndirildi. Amma buna rəğmən Kreml hələ də Azərbaycanın yaxasından düşməyib. Problemlər isə əvvəlki kimi qalmaqdadır.

DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, Rusiya yeni ildə Azərbaycan hakimiyyətinə qarşı yeni təzyiqlərə start verəcək. Mənbənin söylədikləri: «Yenə də ənənəvi qüvvələr hərəkətə keçəcək. Bu şübhəsizdir. Və yenə də Abbas Abbasov kartı işə salınır. Abbas Abbasov elə bir fiqurdur ki, bu gün onun həm hakimiyyətdə olan müəyyən qüvvələrlə əlaqəsi var, həm də müxalifətə çıxışı var. Onun Türkiyədə Milli Şuranın namizədi Cəmil Həsənli ilə məxfi görüşü barədə yayılan məlumatlar da əsassız deyil».

Mənbə iddia edir ki, yaxın günlərdə Abbas Abbasovun Bakıya səfəri planlaşdırılır: «Təbii ki, bu səfər böyük rezonansa nədən ola bilər. Hər şey ola bilər. Amma Abbas Abbasov Bakıya səbəbsiz və ünvansız gəlmir. Bu qətidir. Və qəti olanı həm də Abbas Abbasova Kreml tərəfindən yeni missiyanın tapşırılmasıdır. Çünki hələ Kremlə Bakı arasındakı buzlar tam əriməyib. Abbas Abbasovun hədəfində aradakı «aysberqlər»dir».

Geri qayıt