Əsas Səhifə > Sosial, Manşet > Şirvanda mədəniyyət mərkəzi böhranı

Şirvanda mədəniyyət mərkəzi böhranı


5-01-2014, 12:18
Şirvanda mədəniyyət mərkəzi böhranı
DİA.AZ: - Son vaxtlar “mərkəz” sözü dəbə minib. Müxtəlif təyinatlı obyektlərə ad qoyanda cəlbedici olsun deyə bu sözdən yeri gəldi, gəlmədi geninə, boluna istifadə edilir. Amma bizdə sözlə əməl nə vaxt bir olub ki?..

İmişlidəki “Gənclər Mərkəzi”nin şadlıq evi kimi fəaliyyət göstərməsi barədə mətbuatda yazılıb. Obyekt özəl olduğundan sahibkarı çox da qınamaq olmur- fikirləşirsən ki, adam “Mərkəz”in xərcini hansısa bir yolla çıxarmaq istəyir. Amma dövlət müəssisələrinin yaratdığı “mərkəz”lərin öz təyinatı ilə bir araya sığmayan fəaliyyətinə nə ad verəsən?

Bir vaxtlar , Şirvan şəhərinin məşhur Asudə Vaxt Mərkəzi insanların səmərəli istirahət etmələri üçün ən yaxşı yerlərdən biri hesab olunurdu. Lakin Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əziz Abbasov həmin mərkəzi mebel dükanına çevirib. Daha doğrusu, “Mərkəz” mebel dükanlarından birinin icarəsinə verilib. İndi asudə vaxtını səmərəli keçirmək istəyən biçarə şirvanlılar taxt, kreslo, stol, stul və s əşyalara baxmaqla “rahatlıq tapırlar.” Əziz Abbasovun həyata keçirdiyi digər bir “islahat” nəticəsində Şirvandakı kitabxanalar mərkəzinin- Mərkəzləşdirilmiş Kitabxana Sisteminin binası da dövrün tələbinə uyğunlaşdırılıb. Belə ki, binanın yarısı “Rabitəbank” kommersiya bankının Şirvandakı filialının icarəsinə verilib.

İlk baxışdan kitabxana ilə bankın, kitabla pulun arasında bir rabitə olmadığından adam təəccüblənir. Amma dərindən düşünəndə Əziz müəllimin incə siyasətini hiss edir və onun dahiyanə ideyasını təqdir etməli olursan.

İdarə rəisi yaxşı bilir ki, əhalidə kitab oxumağa maraq azalıb, ağzı aylarla bağlı qaldığından kitabxana qapılarının qıfılı pas atıb. Bank olmağı hesabına yenə o “Mərkəz”ə gəlib-gedən ola bilər. Ola bilər ki, kimsə gözləməli olsun. Soyuq, yaxud isti havada bayırda ayaq üstə dayanan adamları qiraət zalına dəvət etmək, boş vaxtlarını “öldürmək” üçün onların qrşısına kitab tökmək olar.

Gərək Əziz müəllim binanı filialın icarəsinə verərkən belə bir şərt irəli sürəydi: “Mərkəzləşdirilmiş Kitabxana Sistemində oxucu anketi açılmayanlara kredit verilməsi də daxil heç bir bank xidməti göstərilməsin.” Onda görün kitabxananın qiraət otağında boş yer qalardımı? Bax buna demək olardı “Mərkəz”... infom.az

Geri qayıt