Əsas Səhifə > Sosial, Manşet > "Sizə demişəm axı, pensiya ilə əlaqədar yanıma adam göndərməyin..."

"Sizə demişəm axı, pensiya ilə əlaqədar yanıma adam göndərməyin..."


25-10-2019, 09:24
"Sizə demişəm axı, pensiya ilə əlaqədar yanıma adam göndərməyin..."
Şamaxı şəhər sakini Şəhla Veyisova övladını həyatda saxlamaq üçün mübarizə aparır. Dediyinə görə, hidrosefaliya xəstəliyindən əziyyət çəkən 19 yaşlı Kəmalə Veyisovanın vəziyyəti gündən-günə daha da ağırlaşır.

DİA.AZ-ın məlumatına görə, Şəhla Veyisova söyləyir ki, uşağında baş ağrıları artıb, şəxsiyyət pozğunluğu yaranıb. Əlaqə qurmağı, danışmağı bacarmır, yerişi, hərəkətləri natarazdır, özünü idarə edə bilmir:

“Uşağımın vəziyyəti getdikcə daha da ağırlaşır. Stulda oturur, ikiqat bükülür. Özünü tarazlaya bilmir. Əməliyyatı üçün də böyük məbləğdə pul lazımdır, bizim də ona imkanımız yoxdur. Çox həkimlərə apardıq, dedilər ki, əməliyyat ancaq İsraildə mümkündür. Sonuncu dəfə neyrocərrah Bəhram Milani qızı müayinə etdi, dedi ki, beynində şuntlama əməliyyatı aparılmalıdır. Bundan sonra düzgün müalicə də aparıldırdan sonra Kəmalə tamamilə sağlamlığına qovuşacaq. Bu əməliyyat da çox bahalıdır, 30 min manat pul lazımdır. Bizim bu qədər pulumuz yoxdur. Həyat yoldaşım gedib, orda-burda fəhləlik eləyir. Günəmuzd 5-6 manat qazanır. Həkimlər də deyir ki, tezliklə müalicə olunmasa, getdikcə vəziyyəti daha da ağırlaşacaq”.

Şikayətçinin problemi bununa kifayətlənmir. Söylədiyinə görə, Şamaxı Mərkəzi Rayon Xəstəxanası övladına əllilik dərəcəsi almaq məsələsində yardımçı olmur:

“İmkanımız yoxdur ki, əməliyyat etdirək. Bir yandan da əlillik dərəcəsi ala bilmirik. Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Fətəliyev əvvəlcə dedi ki, qızıma birinci qrup düşmür. Uşaq gərək Maştağadakı psixatriya xəstəxanasında (1 nömrəli Respublika Psixiatriya Xəstəxanası-red.) yatmalıdır. Uşağı 7-8 ay əvvəl apardım, orada yatdı. Sənəd gətirdik, Səməd doktor bizimlə yenə razılaşmadı, sənədləri sistemə vurmadı. Bu il sentyabrın əvvəlində uşağı Bakıya, Psixi Sağlamlıq Mərkəzinə apardım. Orada müayinə etdilər, həkimlər baxdılar ki, qızın vəziyyəti yaxşı deyil, köməklə idarə olunur. Onların verdiyi kağızı gətirdim, Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Fətəliyevə verdim. Mənə dedi ki, siz təkrar gedib, Maştağada yatmalısınız, kağız oradan təsdiq olunmalıdır. Mən də ona dedim ki, axı uşaq orada bir dəfə yatıb, niyə məni incidirsiniz? O da dedi ki, çıxın bayıra. Əlimdəki sənədlərə baxmamış, məni iş otağından qovaraq, çıxardı. Digər bir həkimə zəng edib, onu acıladı ki, sizə demişəm axı, pensiya ilə əlaqədar yanıma adam göndərməyin. Uşağa yalandan qrup almağa çalışmıram ki? Onun xəstəliyi göz qabağındadır. Vəziyyəti ildən-ilə ağırlaşır”.

Qeyd edək ki, Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Fətəliyev 20 gün öncə vəzifəsindən azad edilib. Buna səbəb xəstəxana ərazisində yaşıllığa zərbə vurması göstərilir.


Geri qayıt