Əsas Səhifə > Sosial, Manşet > Banklar da deputatı artıq etibarlı müştəri hesab etmir...
Banklar da deputatı artıq etibarlı müştəri hesab etmir...27-09-2019, 10:44 |
Bir neçə gündür ki, ölkə gündəmində deputat Rafael Cəbrayılovun mandat vəsiqəsini girov qoyaraq pul götürməsi müzakirə olunur. “Qafqazinfo” xəbər verir ki, problemin miqyası artıq böyüyüb. YAP-çı deputat Siyavuş Novruzov bu vəziyyəti cinayət kimi qiymətləndirib. Parlamentin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev də həmkarının məsələsinə baxılacağını bildirib. Bu vəziyyətdə onun mandatından azad olunacağı da bildirilir. “Qafqazinfo” məsələnin aktual olduğu bir vaxtda Rafael Cəbrayılov haqqında araşdırma aparıb. Bildirək ki, R. Cəbrayılov 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışıb. Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır). Ailəlidir, iki övladı var. O, 2005- ci ildə ilk dəfə deputat seçilib. Sonuncu çağırışda isə 46 saylı Şirvan seçki dairəsindən deputat olub. Eyni zamanda, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Deputatın uzun illərdir ki, tikinti biznesi ilə məşğul olduğu bildirilir. Hələ 2013-cü ildən onun tikinti biznesinin batması haqqında məlumatlar yayılmışdı. Bildirilirdi ki, banklar deputatı artıq etibarlı müştəri hesab etmir. Ona görə də bir sıra banklar deputata kredit verməkdən imtina edib. Hətta “Nikoil bank”la deputat arasında məhkəmə qalmaqalı da baş tutmuşdu. Qalmaqala səbəb deputatın və qardaşlarının banka olan borclarını ödəməmələri olub. Deputat özü isə mətbuata açıqlamasında tikinti biznesiylə qardaşları Rauf və Elşən Cəbrayılovların məşğul olduğunu bildirmişdi. Mətbuata bir neçə dəfə ayrı-ayrı şəxslər müraciət edərək deputat tərəfindən aldadıldıqlarını iddia ediblər. Elə sonuncu qalmaqalda da onun Təranə Fətəliyevadan 300 min dollar borc alıb geri verməməsi iddia edilib. Geri qayıt |