Əsas Səhifə > Sosial, Manşet > "Rüşvət alıb, evi olana yenidən ev tikirlər"
"Rüşvət alıb, evi olana yenidən ev tikirlər"25-09-2019, 09:35 |
Zaqatala rayonu, Muxax kəndi, Azərbaycan prospekti döngə 2, ev nömrə 3-də yaşayan Abdulla Mahmudov şikayətçidir. DİA.AZ bildirir ki, onun narazılığı yerli icra hakimiyyətindəndir. Şikayətçi 2018-ci ilin mayında uçaraq, tamamilə yararsız vəziyyətə düşən evinə baxış keçirilsə də, tikinti aparmaq istəmirlər: “Ev 1950-ci ildə tikilib. Hələ 2013-cü ildən qəzalı vəziyyətdəydi. Hər an uçmaq təhlükəsi varıydı. Təxminən yüz kvadratmetrlik, üç otaq və bir aynabənddən ibarət olan evimizdə gecələr səksəkə içərisində yaşayırdıq. 2018-ci ildə zəlzələ oldu, ev bir az da zədələndi. Təxminən bir ay sonra ard-arda yağışlar yağdı, sonra da ev uçdu. Biz aynabənddə yatırdıq, otaqlara girməyə ürək eləmirdik. Səhər saat 6 idi, möhkəm səs eşitdim, toz-dumana qarışdı, hələ nə baş verdiyini anlamamışdım. Keçdim, o biri otağa, gördüm ki, evin arxa tərəfi tamamilə uçub. Bundan sonra uşaqlar da qorxdu, yeddi nəfər qardaşımgildə balaca bir yerə sığındıq. İki oğlum, bir qızım var. Oğullarım Bakıda, orda-burda başlarını saxlayırlar, kirayə pullarını da güclə verirlər. İki bacım da bizimlə yaşayır, biri pensiyaçıdır, digəri də ikinci qrup əlildir”. Abdulla Mahmudov deyir ki, aidiyyatı qurumlar prezident İlham Əliyevin qəzalı evlərin sökülərək, yenidən tikilməsi ilə bağlı verdiyi göstərişə məhəl qoymur: “Rüşvət alıb, evi olana yenidən ev tikirlər. Bunlara haqqı deyirsən, nəsə tələb edirsən, istəyirlər ki, səni çıxdaş eləsinlər. Burada şəhid ailəsi var, dəfələrlə şikayət etdi, ona ev tikmədilər. Dörd il Qarabağda döyüşən oğlana 2013-cü ildən ev tikirlər, amma hələ də başa çatdırmayıblar. Yəni belə haqsızlıqlar çox olur. Kəndimizdə çox ev var ki, qəza yazıblar, hissə-hissə tikirlər. Onların hamısında insanlar yaşayır. Amma mən iki ildir evimdə yaşaya bilmirəm. Bu ərazidə mənim evim vəziyyətdə olan ikinci bir tikili tapmaq mümkün deyil. Hətta otuz ildir rayonda yaşamayan adama ev tikirlər. Kimə ev tikiblərsə, sağlığına qismət olsun. Deməyim odur ki, mənim evimə də baxsınlar. Heç kim onlardan ev istəmir. Sərəncam verilib, pul ayrılıb. Ayrı-seçkiliyi isə özləri yaradır. Mən öz haqqımı tələb edirəm”. Zərərçəkən bildirir ki, evi uçub, dağılandan sonra Zaqatala Rayon İcra Hakimiyyətində olub. Həmçinin Fövqəladə Hallar Nazirliyinə dəfələrlə məktub yazıb. Bir neçə dəfə isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə gedib: “İcra hakimiyyətinə müraciət olunub. Evin dağılmağı bir yana, gəlib baxmayıblar ki, axı burada ailə yaşayır. Təhlükə olar, adamın üstünə uçar. Bunun qazı var, işığı var. Heç kim gəlib, maraqlanmadı ki, burada insan yaşayır, nə baş verib. İki-üç dəfə Fövqəladə Hallar Nazirliyində, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində oldum. Açığı, onlar heç kimi qəbul edib, şikayəti ilə maraqlanmırlar. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində bir qadın vardı, evin şəkillərinə baxdı. Mənə dedi ki, sən nazir müavini ilə görüş. İkinci dəfə getdim, həmin xanım dedi ki, görüşünüz nəzərdə tutulan adam rayonlara gedib. Növbəti dəfə yenə gedəndə, mənə “sən bu evə müdaxilə etmisən, belə uça bilməz”, - dedi. Mən də cavabında dedim ki, belə çıxır, dağılan və tərəfinizdən tikilən evlərə sizin razılığınızla müdaxilə edirlər? Gərək adam xəstə ola ki, öz evini dağıda, pis-yaxşı orada yaşayırdım. Qadına dedim ki, köməklik eləmirsiniz, heç olmasa, məni şantaj etməyin. Mən öz evimi heç vaxt dağıtmaram. O, da qayıtdı ki, bu icra hakimiyyətinin səlahiyyətində olan işdir, bizlik deyil. Mən də dedim ki, icra hakimi ev tikən deyil. Muxaxda inşa olunan səkkiz yüz yeni evin hamısını siz tikmisiniz. Bu, sizin işinizdir. Yenə təkrar qayıtdı ki, bu oralıq işdir, bizlik deyil. Heç kim şikayətimə baxmadı, yəni ki, siz qara siyahıda olan adamlarsınız, başınızın çarəsini qılın. Mənim ev tikməyə imkanım yoxdur. İşləmirəm, çünki bu ölkədə iş yoxdur. Bir-iki mal-heyvanım var, bununla da ancaq baş girləmək olar. Zaqatalanın özündə fabrik vardı, camaat gedib işləyirdi. Kənd təsərrüfatı ilə məşğul idik. Kənd təsərrüfatını da sıxışdırıb çıxarıblar, bütün torpaqları zəbt ediblər. Pullu adamlar, Zaqatalanın yarısını alıblar artıq. Kəndli nə etməlidir? Malı yetişdirir, bazarı yox. Qəpik-quruşla da ev tikmək mümkün deyil”. Geri qayıt |