Əsas Səhifə > Sosial, Manşet > FETÖ-cü diplomatın yeni “nəğməsi”

FETÖ-cü diplomatın yeni “nəğməsi”


7-09-2016, 09:16
FETÖ-cü diplomatın yeni “nəğməsi”
FETÖ terror qruplaşmasının Türkiyədəki çevriliş cəhdinin ardından AKP hökuməti tərəfindən aparılan profilaktik tədbirlər davam edir. Yüzlərlə şəxsin həbsi və əlli mindən artıq məmurun işinə xitam verilməsi əlbəttə ki, məsələnin nə qədər ciddi olduğundan xəbər verir. Bu profilaktikanın sadəcə dövlət qurumları ilə məhdudlaşmayacağı gün kimi aydındır. AKP hökuməti Türkiyədə fəaliyyət göstərən beynəlxalq təşkilatları artıq yaxın mərcək altına alıb. “Ankara kulislərində” diplomatik toxunulmazlıq statusu arxasında gizlənən xarici vətəndaşlar haqqında da ciddi ölçü götürüləcəyindən danışılır.

“Mister Selfi”nin fotosesiyası

Görünür Dini Komitənin keçmiş sədri Elşad İskəndərovun sifarişi ilə son günlərdə mətbuatda gedən yazının əsas səbəbi də budur. Bir vaxtlar Gülənin dəstəyi ilə özünü “baş nazir” kreslosunda görən və məhz bu fətullahçı şəbəkə üzvü olduğuna görə ölkədən sürgün edilən Elşad İskəndərov Türkiyə və Azərbaycanda ictimaiyyəti yayındırmaq üçün iki fərqli “nəğmədən” istifadə edir.

Türkiyədə bu şəxs Komitədən uzaqlaşdırılmasını “Sovet qalığı olan ruspərəst yuxarı dairələrə” rüşvət verməməsi, həmçinin “ateist aparatın” onun türk və islam simpatiyasını xoşlamaması ilə əsaslandırır. Kimlər hədəf alınır, kimlərin adı hallandırılır əlbəttə məlumdur. Bu yolla milliyətçi türk və müsəlman imici yaratmağa çalışır. Azərbaycanda isə ilk başlarda XİN-dən yeni təyinat alması ilə fətullahçılığını ört-bas etməyə çalışdı. Halbuki yeni təyinat ümumiyyətlə olmamışdı. Elşad İskəndərovun İslam Konfransı Gənclər Forumundakı vəzifəsi Komitə sədrliyi dövründə də davam edirdi. Üstəlik beynəlxalq təşkilat olduğu üçün ora hansısa dövlət tərəfindən katib təyin edilməsi absurd bir fikirdir. Əlqərəz, eyni yalanlar indi daha fərqli şəkildə davam etdirilir. Timsahın gözyaşları... Guya FETÖ-nün ən böyük hədəfi elə Elşad İskəndərov imiş və onların sayəsində vəzifəsinə son verilibmiş vs.

Bu iki nəğmənin ortaq nöqtəsi nəqarətlərinin eyni olmasıdır: dövlət başçılarına yaxın şəxslərlə, ya da heç olmasa hansısa nüfuzlu nazirlə şəkil çəkdirib PR aparmaq. Türkiyədəki diplomatların və dövlət rəsmilərinin “mister selfi” və “şipşakçı diplomat” ləqəbləri ilə ələ saldıqları Elşad İskəndərov dəvət olunmadığı tədbirlərə belə bir neçə saat əvvəl gedir. Yetər ki, “lazımlı” adamlarla şəkil çəkdirə bilsin...

Gülənvari timsah gözyaşları

Allah atalarımıza rəhmət eləsin, düz deyirmişlər: “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı.” FETÖ-nün iz azdırma taktikasından istifadə etdiyini az-çox hamı bilir. Günahsız insanlara böhtan atıb onların həyatını puç etmək, yardım adı altında pul toplayıb öz mənafeləri üçün istifadə etmək, dini maarifləndirmə adı altında milli-mənəvi dəyərləri dəyərsizləşdirmək bu qruplaşma üzvlərinin səciyyəvi xüsusiyyətlərindəndir.

Bəs yaxşı Elşad İskəndərov həqiqətən mi FETÖ-nün iz azdırma taktikasının qurbanıdır? Əsla! Əksinə iz azdırma taktikasının ən bariz nümunəsi elə Elşad İskəndərovun özüdür. Üstəlik bunu isbat etmək üçün hansısa siyahıya ehtiyac yoxdur, yaxın keçmişə nəzər salıb sadə bir təhlil aparmaq kifayətdir.

Birincisi, Elnur Aslanovun xüsusi səyi nəticəsində Komitə sədri olan Elşad İskəndərov niyə məhz Elnur Aslanov və Ceyhun Osmanlı vurulduğu zaman işdən çıxarıldı? Gülənçilərə yaxınlığı bəlli olan bu və digər məmurların, eləcə də QHT, şirkət və təşkilat rəhbərlərinin demək olar hamısı ilə Elşad İskəndərovun isti münasibətləri vardı, bu münasibətləri indi də davam edir. O halda Elşad İskəndərovun vurulmasına səbəb olan gülənçi kimdir, Şeyxülislam Allahşükür Paşazadəmi? Gülünc iddiadır.

İkincisi, Elşad İskəndərov Komitə sədri olduğu iki il ərzində gülənçilərə “gözünün üstündə qaşın var” deyibmi ki, onların qəzəbinə də tuş gəlsin? Bu müddət ərzində fətullahçılar tərəfindən çapa hazırlanan hansısa kitaba qadağa qoyulmaması bir tərəfə, hətta düzəliş edilməsi üçün bunlar nəşriyyata geri də göndərilməyib. Halbuki Azərbaycandakı ənənəvi sünniliyi və şiəliyi təmsil edən nəşriyyatlar tərəfindən hazırlanan kitabların nəşri aylarla gecikdirilirdi. Məsələn, sünniliyin təməl əsərlərindən sayılan Buxarinin Səhihi və Əbu Hənifənin Fiqhul-Əkbəri bu qəbildəndi. Analoji hal şiə müəlliflərin əsərlərinə də şamil edilirdi. İronik olan isə Elşad İskəndərovun bu gün Türkiyədəki əlaqələrini düzəltmək üçün Hüdayi şeyxinin oğlu Abdurrahman Topbaşı qalxan olaraq istifadə etməyə çalışmasıdır.

Elşad İskəndərov fətullahçıların dini fəaliyyətlərinə mane olmamaqla yanaşı istər DQİDK, istərsə də İslam Konfransı Gənclər Forumu ilə fətullahçı qurumlar arasında yaxın münasibətlər qurmuş, layihə və yardım kampaniyaları adı altında bu qurumlara külli miqdarda maddi vəsait yönləndirmişdir. Görəsən fətullahçıların ona “quyu qazmasının” səbəbi Qafqaz Universiteti ilə birlikdə Avropada keçirilən tədbirlər idi yoxsa “Kimsə Yok Mu” dərnəyinə köçürülən pullar?

Radikalizmlə mübarizənin əsas səbəbləri: dollar və FETÖ

İndi şiəlikdən nə qədər dəm vurursa vursun reallıq budur ki, Azərbaycanda ənənəvi şiəliyə və sünniliyə ən böyük zərbə məhz Elşad İskəndərov dövründə vuruldu. Dini məsələlərdə neytrallıq gözlənilmədiyi üçün radikallıq meylləri artdı, hüquq mühafizə orqanları ilə dindarlar arasındakı münasibət lazımi səviyyədə koordinasiya edilmədi. Cəmiyyətdə dini maarifləndirməyə ehtiyac olduğunu göstərmək və büdcəni bu istiqamətdəki layihələrə yönləndirmək üçün təəssübkeşlik və məzhəblərarası ixtilaflar düşmənçilik həddinə çatdırıldı. Nəticədə 2012-ci ilin oktyabr ayında hicab aksiyası və ardından müxtəlif həbslər baş verdi.

O halda cənab eks komitə sədrindən soruşmaq istərdik: Əgər məqsəd radikallıq təmayüllərinin qarşısının alınması idisə, Azərbaycandakı dini durum niyə süni surətdə gərginləşdirildi? Dini radikalizmlə mübarizədə maarifləndirmə prioritet təşkil etdiyi halda Komitə tərəfindən nəşr olunan “Dövlət və din” jurnalının və “Cəmiyyət və din” qəzetinin nəşri niyə dayandırıldı? Məqsəd dövlətçiliyə sadiq din xadimlərinə dəstək verilməsi idisə niyə din xadimləri Şeyxin mollaları və Komitənin mollaları şəklində süni surətdə iki yerə bölündü?

Elşad İskəndərovun bu suallara məntiqli cavab verə biləcəyini zənn etmirəm. Çünki dini problemlərin həlli istiqamətində aktiv fəaliyyət görüntüsü yaradan Komitənin əsas məqsədi başqa idi. Radikal sələfi və şiə qruplaşmaların yaradılmasına köklənən bu fəaliyyət nəticəsində bir tərəfdən külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, digər tərəfdən isə alternatif dini düşüncə olaraq “hoşgörülü” fətullahçılığın yayılması planlanırdı. Əks halda vəhhabi düşməni bir məmur Amerikadan idarə olunan Səudiyyə “şeyxlərinin” xeyir duasını necə ala bilərdi?!

Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq və multikulturalizm prinsiplərini belə milli konteksindən çıxaran Elşad İskəndərov ikinci məqsədinə çata bilməsə də kifayət qədər dövlət vəsaitini mənimsəməyə nail oldu. Bu barədə növbəti yazımızda maddi sübutlar göstərərək bəhs edəcəyik. Hələlik oxucuları iki sual üzərində düşünməyə dəvət edirik:

Birinci sual budur ki, görəsən 2013-cü ilin sentyabrında prezident seçkiləri öncəsində Elşad İskəndərovun Amerikada tələm-tələsik tədbir təşkil etməsinin səbəbi nə idi? Fətullahçıların beyin mərkəzi Dialoq Avrasiya Platformunun Azərbaycan təmsilçisi Mustafa Saatçının dəvəti ilə eyni günlərdə Nyu-Yorkda keçirilən qapalı toplantıda iştirak etməkmi? Əgər bu toplantıda iştirak etdisə, kimdən və hansı əmrləri aldı?

İkinci sual, demək olar ki, hər fürsətdə məmurları tənqid atəşinə tutan bəzi qəzetlərin Elşad İskəndərov haqqında ciddi tənqidlərə yer verməməsinin əsl səbəbi nədir? Bəzi jurnalistlərin təhsil xərclərinin və cib xərcliklərinin Elşad İskəndərov tərəfindən ödənildiyinə görə deyil hər halda. Ya da sadəcə buna görə deyil. Nə bilmək olar, bəlkə də protokol bəhanəsi ilə ümummilli liderin məzarı başında dua etməyə ehtiyac duymamasıdır?!

Hüseyin İSGƏNDƏR

DİA.AZ-dan: Bildirək ki, bu yazı redaksiyamıza göndərilib və qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt