Əsas Səhifə > Sosial, Manşet > Bakı Apellyasiya Məhkəməsinin hakiminə qarşı...

Bakı Apellyasiya Məhkəməsinin hakiminə qarşı...


24-08-2016, 08:48
Bakı Apellyasiya Məhkəməsinin hakiminə qarşı...
Bu yaxınlarda redaksiyamıza daxil olmuş növbəti şikayət məktublarından birində Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun fəaliyyətinə dair ciddi narazılıqlar ifadə olunmuşdu. Həmin şikayət əsasında qəzetimizdə dərc etdiyimiz “İlqar Murquzovun miras çəkişməsi” sərlövhəli tənqidi yazıda biz qeyd etmişdik ki, bu hakimin tez-tez ədalətsiz qərarlar verməsini, vətəndaşların konstitusion hüquqlarını pozmasını iddia edənlər sırasında İlqar Murquzovun yaxın-uzaq qohumları da yer alırlar. Buna misal olaraq isə, bir müddət bundan əvvəl İlqar Murquzovun qohumu olan bir xanımın mətbuata veridyi açıqlamaları diqqət mərkəzinə çəkilmişdi. Həmni açıqlamalardan aşkar görünürdü ki, İlqar Murquzov bu xanımın mərhum həyat yoldaşından qalan mirasın bölünməsi xüsusunda ölkə qaninlarına zidd, ədalətsiz qərar qəbul etmiş və bununla da şikayətçinin və onun azyaşlı oğlunun hüquqlarını kobud şəkildə pozmuşdur.

Bu günlərdə isə, Qazaxdan aldığımız digər bir məlumatda İlqar Murquzovun öz doğma bacısı ilə əmlak çəkişməsi apardığından bəhs edilmişdi. Mənbə bildirmişdi ki, hakim öz bacısının ata evinə olan qanuni hüquqlarını tanıması üçün, onun qarşısına çox qəribə bir şərt qoyub. Belə ki, İlqar Murquzov bacısının həyat yoldaşının nurçu olduğunu bəhanə gətirərək, yalnız həmin şəxsdən boşandıqdan sonra ona ata evindən pay verəcəyini bəyan edib.

Lakin bu iki fakt heç də İlqar Murquzovun digər, yəni onunla qohumluq əlaqəsində olmayan vətəndaşlara münasibətdə daha ədalətli qərarlar qəbul etdiyindən xəbər vermir. Əksinə, digərləri bəlkə də bu hakimin qərəzli qətnamələrindən daha çox əziyyət çəkirlər. Məsələn, hələ bir neçə müddət bundan əvvəl Yardımlı rayon sakini olan başqa bir vətəndaş da mətbuata müraciət edərək, oğlunun həbs olunduğunu və Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun ondan 15 min manat pul tələb etdiyini bildirmişdi.

Bakı Apellyasiya Məhkəməsinin hakiminə qarşı...

Əlbəttə, bu kimi iddiaları əksər hallarda sübuta yetirmək çətin olur. Lakin məsələyə başqa bir prizmadan baxılsa, bu zaman rüşvət tələbi barədə iddiaları daha inandırıcı edən bir çox məqamları aşkar görmək olar. Məsələn, görmək olar ki, İlqar Murquzov böyük oğluna toy münasibətilə “Ferrari”, kiçik oğluna isə, “Gelenvagen” markalı avtomobillər hədiyyə edib. Həmçinin görmək olar ki, bu hakimin kiçik oğlunun toyuna dəvət olunmuş türk müğənnilərinə yüz min dollardan artıq pul ödənilib. Daha sonra, dediyimiz həmin o “başqa” prizmadan İlqar Murquzovun Bakının Badamdar qəsəbəsində inşa etdirdiyi möhtəşəm “Ziba” kompleksi, yenə də paytaxtın “Vorovski” kimi tanınan əraisində inşa etdirdiyi “Səadət” gözəllik salonunu, Türkiyənin Bodrum şəhərində yerləşən otelini və bir çox digər kommersiya obyektlərini də aşkar görmək olar. Və bütün bunları gördükdən sonra, bu hakimə qarşı irəli sürülən rüşvət tələbi ilə bağlı iddialar artıq elə də əsassız səslənmir. Etiraf etmək lazımdır ki, bütün bu zənginliyə bir hakimin sadəcə aldığı əmək haqqı ilə sahib olduğu heç də inandırıcı deyil.

Digər tərəfdən isə, redaksiyamıza daxil olmuş başqa bir açıqlamada İlqar Murquzovun ailəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rüşvətxorluq və korrupsiya əməllərinə yol verilməsi hallarının əvvəllərdə yer aldığı vurğulanır. Mənbə bildirir ki, bu hakimin atası, mərhum Mustafa Murquzov da bir vaxtlar rüşvət almaqda ittiham olunaraq, bir müddət məhkumluq həyatı yaşamalı olmuşdur...

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

Geri qayıt