Əsas Səhifə > Şou-biznes > "Boşanmamışam, ayrılmaq ağlımızdan keçməyib"

"Boşanmamışam, ayrılmaq ağlımızdan keçməyib"


20-01-2016, 10:17
"Boşanmamışam, ayrılmaq ağlımızdan keçməyib"
Xalq artistləri Gülyaz və Gülyanaq bacıları valideynləri üçün yubiley keçirməyə hazırlaşırlar.

Dia.az-ın məlumatına görə, bu barədə Gülyanaq Məmmədova musavat.com saytının suallarını cavablandırarkən deyib:

“Valideynlərimin yubileyini qohumlar arasında qeyd etmək fikrimiz var. Qohumlarımızı bir araya toplayıram ki, valideynlərim üçün xoş gün olsun. Valideynlərim 55 ildir ki, birlikdə ömür sürüblər. Atamın 80, anamın 70 yaşı var. İstəmirəm ki, bu məsələ şişirdilsin. Hələ qonaqları dəvət etməmişik Sənət dostlarım, dost tanış çoxdur. Gizli etmək istəyirdik. Böhrandır, bu cür məclislər insanları qıcıqlandıra bilər”.

- Maddi böhran sizə necə təsir edib?

- Müğənnilərin gəlir mənbəyi toylar, mərasimlərdir. Böhrandır, insanlar qənaət rejiminə keçib. Heç kim toy etmək istəmir. Mən də xərclərimi azaltmışam. Sənət adamıyam, baxımlı olmalıyam, qarderobumu təzələməliyəm. Artıq xərclərdən çəkinirəm.

- Bir çox insanların kompleksləri olur. Gülyanaq xanımın kompleksi var?

- Heç nəyə kompleksim yoxdur. Əvvəllər var idi, profilimi axtarırdım, şəkil çəkdirən də deyirdim ki, yaxından çəkin. İndi düşünürəm ki, nə varsa, odur. Bu yaşdan sonra nəyisə kompleks etmək yersizdir. Hər şeyin təbii halı yaxşıdır. İnsanın üzü arıq, burnu əyri ola bilər. Allah nə veribsə, odur.

- Dünyanın məşhur ulduzları səs, saç, ayaq kimi nahiyələrini sığortaladır. 2014-cü ildə xalq artisti Aygün Kazımova səsini sığortalatdırdığını demişdi. Sizin sığorta etdirmək fikriniz var?

- Bizə səsi Allah verib, qorumaq da borcumuzdur. Bu səs bizi xalqa sevdirib. Lakin daim səsimin qeydinə qalıram. Çox təəssüf edirəm ki, toylarda səsimi yoruram. Maddi imkanım yaxşı olsa, toylara getmərəm. Fəxriyyə adlı həkimimiz var, ona çox minnətdarıq. Səsimizi qorumağa bizə kömək olur. Səsimiz sığortalansa, daha yaxşı olar.

- Bəzi hallarda bacılar bir-birinə paxıllıq edir. Nə vaxtsa Gülyaz xanıma həsəd aparmısınız?

- İnsanların yaxşı xüsusiyyətlərinə həsəd aparmaq olar. Paxıllıq pis şeydir. Mən də bacıma gözəl insan olduğu üçün həsəd aparıram. İnsan başqalarının nailiyyətlərinə sevinməlidir. Biz çox mehriban bacılarıq, bir-birimizin uğuruna sevinirik. Hər ailədə söz-söhbət olur. Mübahisə etsək də, heç vaxt küsülü qalmamışıq.

- Bir müddət öncə həyat yoldaşınızdan boşanacağınız haqda xəbərlər yayılmışdı. Bu cür xəbərlər sizə necə təsir edir?

- Bilmirəm ki, boşanacağımız haqda xəbərləri kim yayır. Bu cür xəbərlərə əvvəllər əsəbləşirdim, indi gülüb keçirəm. Verilişlərin anonslarında boşanacağımız haqda xəbərlər elan olunur. İnsanların hamısı verilişlərə baxmır. Anonsa baxanlar isə çoxdur. Verilişə baxmayan insanlar boşanmadığımı bilmir. Boşanmamışam, ailəmiz bir dəfə də zədə almayıb. Ailə qurduqdan sonra ayrılmaq ağlımızdan keçməyib. Çox gözəl ailəm, yoldaşım, uşaqlarım var. Həyat yoldaşımdan çox razıyam. Hər xırda söz-söhbətə görə ailəni dağıtmaq olmaz. İnsan çalışmalıdır ki, ailəsini qorusun. Hər şey insanın özündən asılıdır. Sənət ailəyə maneə törətmir. Sənətə görə ailəni dağıtmaq olmaz.

Geri qayıt