Əsas Səhifə > Şou-biznes > "Bəzən jurnalistlər müğənnilərin dediklərini düzgün formada yazmırlar"

"Bəzən jurnalistlər müğənnilərin dediklərini düzgün formada yazmırlar"


4-12-2015, 09:01
"Bəzən jurnalistlər müğənnilərin dediklərini düzgün formada yazmırlar"
Bəzən jurnalistlərlə sənət adamları arasında konflikt yaranır. Jurnalistlərin verdiyi xəbərlər böyük səs-küyə səbəb olur. Axar.az bu mövzu çərçivəsində jurnalistlərə belə bir sual ünvanlayıb:

“Jurnalistika fəaliyyətiniz müddətində hansı yazınız sənətçilər tərəfindən hədə ilə qarşılanıb və hansı sənətçi sizi məhkəməyə verəcəyini deyib?”

Ölkə.az-ın müxbiri İntiqam Valehoğlu belə bir hadisə ilə bir dəfə üzləşdiyini bildirib:

“12 ildir jurnalistikadayam. Bu müddətdə cəmi bir dəfə məhkəməyə verilmişəm. Bu haqda ətraflı danışmağa lüzum yoxdur. Çünki o zaman bu söhbət çox böyüdü. Əməkdar artist Mətanət İsgəndərlinin məni məhkəməyə verməsini nəzərdə tuturam. Sonda bir sıra ziyalıların və media nümayəndələrinin tövsiyəsi ilə barışıq oldu.
Hədə-qorxular da olub. Amma onlardan bəziləri ilə sonradan dostlaşmışıq. Məsələn, bir dəfə əməkdar artist Cavanşir Məmmədovla bağlı yazdığım yazı xoşuna gəlməmişdi. Buna görə məni çox hədələdi. Həm də açıq hədələr – belə elətdirərəm, elə elətdirərəm. Sonra durdu gəldi redaksiyaya. Oturduq, danışdıq və məsələni yoluna qoyduq. Hazırda Cavanşir Məmmədov ünsiyyətim yaxşı olan azsaylı sənətçilərdəndir”.

Big.az-ın baş redaktoru Əfruzə Ağayeva belə hadisələrlə tez-tez qarşılaşdığını deyib:

“Hələ ki, məhkəməyə verən olmayıb, amma hədələr çox olub. Önəmsəməmişəm, çünki əlimdə mənbə olmadan heç bir xəbəri yazmamışam. Əməkdar artist Elza Seyidcahan, müğənni Səidə Dadaşova və başqa müğənnilərin hədələri olub, ancaq sonra anlaşmışıq”.

Axşam.az-ın əməkdaşı Sərvər Mehdiyev bu kimi hadisələrin baş verməsində jurnalistlərin də rolunun olduğunu vurğulayıb:

“Bu, jurnalistin özündən də asılıdır. Əgər müğənni dediyi nəyisə təkzib edirsə, jurnalistin buna qarşı sübutu olmalıdır. Bəzən jurnalistlər müğənnilərin dediklərini düzgün formada yazmırlar, təhrif edirlər və haqsız duruma düşürlər. Mənim başıma belə bir şey gəlməyib, çünki deyiləni olduğu kimi yazıram və mübahisəli açıqlamalarda səsyazmadan istifadə edirəm. Ümid edirəm ki, bundan sonra anlaşılmazlıq olmaz”.

Geccə.az-ın baş redaktoru Zəminə Rüstəmova incikliyə yol verməməyə çalışdığını bildirib:

“Məhkəmə olmayıb, adi inciklik olub. Yadıma gəlir, mən “Ayna” qəzetində işləyən zaman Aygün xanım İlhamə Quliyeva haqda müsahibə vermişdi. Buna görə də İlhamə Quliyeva məndən incimişdi. Çünki Aygün xanımla İlhamə Quliyeva küsülü idi. Orada şəxsi yanaşmaydı, jurnalist müdaxiləsi deyildi. Sadəcə, yüngül bir inciklik idi, keçdi getdi. Mənümumiyyətlə qərəzli, mənbəyi olmayan informasiyalar yazmıram ki, məhkəməyə gətirib çıxarsın. Birinci öz qələmimə hörmət edirəm və eyni zamanda haqqında yazdığım insanlara hörmət edirəm ki, şəxsiyyətlərinə toxunmayım”.

Geri qayıt