Əsas Səhifə > Şou-biznes > “Bu yaşıma kimi teatra getməmişəm”

“Bu yaşıma kimi teatra getməmişəm”


28-10-2015, 09:03
“Bu yaşıma kimi teatra getməmişəm”
Əvvəllər sənətindən, kimliyindən asılı olmayaraq insanlar asudə vaxtını xoş keçirmək üçün teatra üz tutardılar. Ancaq indi insanlardan teatra nə vaxt getdiyini soruşanda, dərin fikrə qərq olurlar. Elə bil onlara deyirsən ki, oksidləşmiş reduksiya reaksiyasında ion balansını hesabla.

Tanınmışlar Axar.az-a sonuncu dəfə teatra nə vaxt getməsi və hansı tamaşaya baxması barədə danışıblar.

Firuzə İbadova: “Yalan danışmayacağam. 20 ildir ki, teatra getmirəm. Sizə bir söz deyim, inanın teatrı o qədər çox sevirəm ki, dəhşət. Sadəcə yorğun oluram, toylar, konsertlər… Vaxt tapa bilmirəm. Ancaq evdə ər çörəyi yeyən, evdar xanımlardan olsaydım, elə gündə teatra gedərdim”.

İlqar Muradov: “2-3 ay bundan öncə Mehriban Ələkbərzadənin “Qacar” tamaşasında olmuşam. Təəssüf, tamaşalara getməyə çox vaxtım olmur”.

Aşıq Telli: “Yalan danışa bilmərəm. Bu yaşıma kimi teatra getməmişəm. Məleykə Əsədova da neçə dəfə dəvət edib, amma vaxt tapa bilməmişəm, gedim izləyim. Teatra gedəndə adamın ağlamağı gəlir. Çünki həqiqətən çox gözəl tamaşalar olur. Getsək, yaxşı olar”.

Pişik Günel: “2 il öncə teatra getmişəm, indi vaxt olmur. “Ana qaz” idi deysən, ya “Qaz anası” dəqiq bilmirəm. Çox dramatik tamaşa idi, hansı teatrda idi, vallah, o da yadımda deyil”.

Abbas Bağırov: “10 il bundan əvvəl Rus Dram Teatrında olmuşam. Dəvət eləmişdilər, getdim. Tamaşanın adı da heç yadımda deyil”.

Cavanşir Məmmədov: “Mən belə suallara cavab vermirəm. Çünki teatra gedib-getməmək mənim şəxsi işimdir. Getsəm də, getməsəm də, bunun heç kəsə isti-soyuğu yoxdu, siz mənim sənətimdən sual verin”.

Nüşabə Ələsgərli: “Sözün düzü, özüm bilet alıb, teatra getmirəm. Tamaşalar axşam başlayır, mənim də axşam toylarım olur. Cəmi bircə dəfə Məleykə Əsədova dəvət eləmişdi, getmişdim. Təxminən bir il olar ki, “Karliça Tüdor” tamaşasını izləmişəm, vəssalam. Bəyənmişdim”.

Zöhrə Abdullayeva: “Yox, teatra son illər getməmişəm. Bilirsiniz, indi teatra o maraq qalmayıb. Mən teatr sevən olmuşam, amma əvvəllər... Hanı Səməndər Rzayev, Nəcibə Məlikova, Ələsgər Ələkbərov, Hökümə Qurbanova?! O cür sənətkarlardan sonra teatr sanki ləzzətini itirib. Sonuncu dahi sənətkarımız Fuad Poladovdu, Allah ona can sağlıq versin. Son zamanlar hər kəs komediya janrına üstünlük verir, dram aktyorları yox olub sanki. Yoxdur o boylu-buxunlu, istedadlı, can qoyan sənətkarlarmız! Təəssüf edirəm, həqiqətən”.

Geri qayıt