Əsas Səhifə > Şou-biznes > “Müğənni olmasaydım, məni ərə verəcəkdilər”

“Müğənni olmasaydım, məni ərə verəcəkdilər”


2-05-2015, 10:43
“Müğənni olmasaydım, məni ərə verəcəkdilər”
Baş- başa verib birlikdə müsahibə alacağımız qonaqlar barədə fikirləşməyə başladıq. Sənətçi seçimində mübahisələrimiz çox olsa da, nəhayət, bu seçim bir xanımın üzərində dayandı. Beləliklə, “Ulduzlar hər yerdə” layihəmizə start verdik.


“Qafqazinfo”nun bu həftəki müsahib qonağı “lal-dinməz” müğənni Sevda Yəhyayevadır. Müsahibə üçün razılaşdırılmış məkana yola düşdük.

Könül: Ənənəvi sualdan başlayaq. Yaradıcılığınızda hansı yeniliklər var?

Sevda: İki-üç mahnı var ki, aranjemandadır. Heç kimlə duet oxumayan, sevilən sənətçimizlə duet oxuyacam. Adını açıqlamaq istəmirəm, sürpriz olsun. Avqustda Yaşıl teatrda solo konsertim olacaq. Konsertə ciddi hazırlaşıram. Bir aydır ki, Teymur Əmrah mənimlə çalışır. Həm köhnə mahnılar öyrədir, həm də televiziya konsertinə hazırlaşıram.

Elvin: Bu ilki konsertinizi digərlərindən nə fərqləndirəcək?

Sevda: İnsan hər zaman çalışır ki, yenilik etsin, daha yaxşı iş görmək istəyir. Bütün mahnıları canlı ifa edəcəm. Öz mahnılarımla yanaşı klassik mahnılara da yer ayıracam.

Könül: Konsertdə duet ortaqlarınız olacaqmı?

Sevda: Duet ifa edə bilərəm, amma çalışacam yalnız özüm oxuyum. Adını çəkmədiyim müğənni ilə duetimizi səsləndirmək istəyərəm.

Elvin: Duet ortağınız gənc nəsildir, yoxsa? Düşünürəm ki, Teymur Əmrahla duet oxuyacaqsınız.

Sevda: (red- Sevdanın üzü qızarmağa başladı)Duet ortağım haqda danışmaq istəmirəm. Düşər-düşməzi olar. Birdən alınmaz.

Elvin: Müğənnilikdən başqa gün ərzində hansı işlərlə məşğul olursunuz?

Sevda: Hər gün 2-dən 6-a qədər Teymur müəllimlə məşq edirəm. Daha sonra isə şou proqramlara gedirəm. İngilis və fransız dilini öyrənmək istəyirəm. Dili hansısa xarici prodüser və ya prodüserlə əlaqə qurmaq üçün öyrənmək istəmirəm. Xaricə Azərbaycan günləri və ya bayramlarla əlaqədar gedəndə dil lazım olur. Beynəlxalq dildir, öyrənmək lazımdır.

Könül: Sevda 10 ildir ki, şou-biznesdədir. Amma bu illər ərzində heç dəyişməyib. Hər zaman sakit və utancaqdır.

Sevda: (Sevdanın suallara cavab verən zaman hey saçları ilə oynaması diqqətimizdən yayınmayır) Sakit və utancaqlıq mənim xasiyyətimdir. Həyatda həyasız, efirdə sakit qız deyiləm. məni tanıyan insanlar bilir ki, mən sakit insanam. Başqa cür özümü təsəvür edə bilmirəm.

Könül: Sakit Sevdanı hansı hərəkət özündən çıxara bilər?

Sevda: (Gülür) Özümdən çıxdığım anlar da olur, emosianal davrana bilirəm. dəli olub özümdən çıxdığım vaxtlar olub. Məni tanıyanlar bilir. Sakit insan olsam da, əsəbləşəndə özüm özümü tanımıram.

Elvin: (Əsəbi halda) Könül imkan ver mən də sual verim. Sevda, sizi qalmaqala çəkmək üçün söz atanların qarşısında necə sakit qala bilirsiz?

Sevda: Səbrli insanam. İctimaiyyət qarşısında qalmaqal yaratmağı sevmirəm. Problemimi həmin insanla üzbəüz həll edirəm, bununla özümü reklam etmək istəmirəm. Gördüyüm işlərlə gündəmdə olmağa çalışmışam. Mənə söz atanlar da, qalmaqala çəkənlər də olub. Amma cavab verməmişəm. (Sevda köməkçisinin üzünə baxır) Əsəbimi isə özümkülərdən çıxıram. Camaat qarşısında qalmaqal yaşamaq istəmirəm.

Elvin: Qalmaqaldan uzaq olmağa çalışırsınız. Bu tamaşaçılarınızı itirmək qorxusundan irəli gəlir?

(Red- boğazımız təmiz quruyub. Sevda durub bizə qulluq etməyə çalışır, çay süzür, stolun səliqəli olmağı üçün nəzarət edir).

Sevda: Elə bir qorxum yoxdur. Düşünürəm ki, hirsli olub nəsə deyərəm, məni səhv başa düşərlər, fikrimi düzgün çatdıra bilmirəm. öz tamaşaçıma özümdən çox hörmət edirəm, onlar mənim güzgümdür.

Elvin: Mən çılğın insanam, sakit insanla yolla gedə bilmirəm.

Sevda: (Gülür). Sakit olmadığını görürəm.

Elvin: Siz sakit insansız, Tolik çılğındır. Necə yola gedirdiniz?

Sevda: Tolik oddur, mən suyam. İkimizdə od olsaydıq, dava-dalaşla ayrılardıq. Güzəştə getməyi bacarmaq lazımdır. Ona görə də Toliklə iki ilə yaxın işlədik, Tolik emosional olsa da, yaxşı insandır. Dostcasına ayrıldıq.

Elvin: Tolik həm sizinlə, həm də Eltonla çalışırdı. Bu sizdə qısqanclıq yaratmırdı?

Sevda: Tolik mənə deyəndə ki, Eltonla da çalışmaq istəyirəm razılaşdım. Məndə qısqanclıq hissi yoxdur.

(Söhbətimizi davam etmək üçün həyətə çıxdıq)

Könül: Ətrafınızdakı insanları hansı xüsusiyyətlərinə görə seçirsiniz:

Elvin: Ətrafınızdakı insanları seçmə şansınız varmı?

Sevda: Ətrafımdakı insanları seçə bilmirəm, yanıldığım anlar da olur. İndi isə yanımda məni sevən dəstək olan insanlardı.

Könül: İstəmədiyiniz insanları necə ətrafınızdan uzaqlaşdırırsınız?

Sevda: Qəşəng sualdır. Mən heç kimi uzaqlaşdırmıram. Özləri artıq olduqlarını görüb gedirlər.

Elvin: Heç get dediyiniz olub?

Sevda: Yox gəl dediyim olub(gülür).

(Könül söz oyunu oynamağa başladı)

Könül: Gəl dediyiniz gəlib?

Sevda: Əlbəttə, gəlib.

Könül: Sevda hər zaman özəl həyatını gizlədib. Nə vaxta qədər bu gizliliyi qoruyacaqsınız?

Sevda: (red- bir az hirsləndi) Özəl həyatım haqda danışmayacam. Heç vaxt heç vaxt demirəm, amma şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Hər insan kimi mənim də şəxsi həyatım var. Amma ictimaiyyətə açıqlama vermək istəmirəm.

Könül: Sevda xoşbəxtdirmi?

Sevda: Şükür Allaha ki, xoşbəxtəm.

Elvin: (Gülür) Könül…Mövzunu dəyişək. Bilirsiniz ki, bu il Parlament seçkiləri gəlir. Elza Seyidcahan da deputatlığa namizəd olacağını bildirib.

Sevda: (Təccüblə)Elza xanım? Mən Elza Seyidcahana səs verəcəm. seçkilərdə iştirak etmirəm, amma prezident seçkilərində həmişə iştirak etmişəm.

Elvin: Elza xanımın namizədliyinə münasibətiniz necədir?

(Elvin qalmaqal axtarır, dava yaratmaq istəyir)

Sevda: Bu haqda heç nə deyə bilərəm, yolu açıq olsun. Elza xanım çox ağıllı, gözəl qadındır, yaxşı bəstəkardır. Ona səs verərəm.

Könül: Manatın düşməsi sizə necə təsir etdi?

Sevda: Dolların qalxması, manatın düşməsi mənə təsir etmədi. Böyük pullarla işim yoxdur. Sadə vətəndaşlara necə təsir etdisə, mənə də elə təsir etdi.

Elvin: Nə vaxtsa, bizneslə məşğul olmaq fikriniz var?

Sevda: Elə bir fikrim yoxur. Müğənnilikdən başqa əlimdən heç nə gəlmir. Mən müğənni olmasaydım, məni ərə verəcəkdilər. İfaçılığa başlamasaydım, iki-üç uşaq anası idim. Səsim olduğu üçün ailəm mənə dəstək oldu (gülür).

Elvin: Şou-biznes kənardan çox maraqlı görünsə də, içərisində çox oyunlar gedir. Şou-biznesə qatıldığınız üçün peşman olmadınız?

Sevda: Müğənnilərin həyatı kənardan dəbdəbəli görünür. Mən bu sənətə gələndə çətin yola addım atdığımı bilirdim. Bu işi sevməlisən ki, çətinliklər qarşısında dözə biləsən. Sevdiyim işdir, uşaqlıq arzum olub.

(Söhbətimizi həyətdə olan ağ oturacaqda oturmaqla davam etdik)

Könül: Həmkarlarınızın çoxu özünü aparıcı kimi sınayır. Sevdanın aparıcılıq iddiası yoxdur?

Sevda: Aparıcılıq iddiam var. Bir neçə il öncə televiziyalarımızdan təklif olmuşdu, amma özümü hazır hiss etmirdim. Mənim sahəmə uyğun maraqlı konsept olsa, aparıcılıq edərəm.

Könül: Bir çox sənətçilər də verilişlərdən narazılıq edir. Düşünürlər ki, verilişlərdə aparıcılar tərəfindən alçaldırılırlar. Belə hallarla qarşılaşmısınız?

Sevda: Belə hallarla qarşılaşmamışam, özümü rahat hiss etdiyim verilişə gedirəm. qalmaqal olan proqramlara getmirəm, getdiyim verilişlərdə də hörmətlə qarşılanıram.

Könül: Təsəvvür edin ki, verilişə qonaqsınız. Aparıcı geyiminizi bəyənmir, ifanızı tənqid edir, deyir ki, sən oxuya bilmirsən. Necə reaksiya göstərərdiniz?

Sevda: Şükür Allaha ki, belə hallarla qarşılaşmamışam. Ya ağlayaram, ya da üzünə baxaram. Üzərimə çox gəlsə, cavab verərəm, bilmirəm necə davranaram.

Elvin: Sulugözsüz?

Sevda: (Gözləri dolmağa başlayır)Çox həssasam. Hər an ağlaya bilərəm.

Könül: Formada qalmaq üçün nə edirsiniz?

Sevda: Hər şey yeyirəm. Bu aralar 3-4 kilo almışam. İki ildir ki, 5 kilo arıqlamaq istəyirəm, amma bu sözdə qalır.

(Elvin yenə söhbəti dəyişmək istəyir. Onun qadın, geyim suallarından xoşu gəlmir)

Elvin: Mədəniyyət naziri olsaydınız, hansı işlər görərdiz?

Sevda: Mən nazir olmaq istəmirəm, müğənni olaraq qalsam, yaxşıdır. Nazir olsaydım, Bədii Şura yaradardım. O zamann mahnıların çoxu Bədii Şuradan keçmirdi. Indi kim nə gəldi oxuyur, tamaşaçının zövqü korlanıb.

Elvin: Üzeyir Mehdizadə Bədii Şuradan keçərdi?

Sevda: (bir neçə dəqiqə susur) Bilmirəm. bilirsiniz ki, keçməyəcək, məndən niyə soruşursunuz?

Elvin: Xalq artisti Aygün Kazımova onunla duet oxuyub.

Sevda: Yaxşı edib. Mənə nə?(Gülür)

Könül: Gəlin, geyimlərinizdən danışaq.

Elvin: Könül yenə qadınsal suallarına başladı.

Sevda: Modanı izləyirəm. Lakin özümə yaraşanı geyinirəm. Mənə yaraşan mənim üçün dəbdir. Geyimlərin qiymətinə baxmıram. Çox ucuz geyim mənim əynimdə bahalı və dəbli görünə bilər. Qazancımın 45 faizini geyimlərə xərcləyirəm.

Könül: Xarici ölkələrdə sənətçilər geyimlərini xeyriyyə məqsədi ilə satışa çıxardırlar. Bizdə də Gülay Zeynallı belə bir addım atdı. Geyimlərini sosial şəbəkədə satışa çıxartdı.

Sevda: Satıldımı? Bizdə o paltarları kimdir alan? Deyirlər ki, ver pulsuz geyinək. bu bizdə gülməlidir. Konsertdə geyindiyim paltarları satmaram, hədiyyə etmərəm. İstəyirəm ki, qocalanda baxıb gəncliyimi xatırlayım.

Elvin: (Qorxa-qorxa)Düşünürəm ki, siz nömrə bir olmaqda iddialı deyilsiniz.

Sevda: Hər tamaşaçı üçün üçün müğənnisi bir nömrədir. Komanda deyil ki, müğənniləri nömrəliyəsən. Bu günkü günümdən razıyam. Bir müğənni olaraq hədəflərim var. Məqsədimə çatmaq üçün başımı aşağı salıb çalışıram.

Könül: Sevdanın hansı çatışmayan cəhətləri var?

Sevda: Çox utancağam. Bu xasiyyətimi tərgidə bilmirəm, tanımadığım məclisə düşəndə bir müddət sıxılıram, özümə gələ bilmirəm. kənardan isə elə bilirlər ki, soyuqqanlı və özümdən razıyam. Tanımadığım adamla münasibət qura bilmirəm.

(Artıq hava qaralmağa başladı, biz qapalı məkana doğru addımlamağa başladıq).

Elvin: Xəbər saytlarını oxuyursuz?

Sevda: Əlbəttə, oxuyuram. Düzünü deyim ki, ancaq şou xəbərlərini oxuyuram. Maraqlı başlıqlar məni cəlb edir. Bilirəm ki, xəbər qədər maraqlı başlıq da çox vacibdir. Hansısa sayta müsahibə, açıqlama verəndə sayta girib axtarıram. Çalışıram ki, saytda gedən şərhləri oxumayım (bizim sayta söz atır).

Könül “Masazıra gedirəm, evimiz uzaqdır”,- deyib suallarını bitirdi. Mən də “xanım böyük qüvvədir”-deyərək müsahibəmizi yekunlaşdırdıq.

Geri qayıt