Əsas Səhifə > Şou-biznes > Aktrisa Səbinə Hacıyeva: "Sərbəstliyimi əlimdən alan yoxdur"

Aktrisa Səbinə Hacıyeva: "Sərbəstliyimi əlimdən alan yoxdur"


27-02-2015, 10:10
Aktrisa Səbinə Hacıyeva: "Sərbəstliyimi əlimdən alan yoxdur"
Dia.Az Pantomima Teatrının aktrisası Səbinə Hacıyevanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Səbinə xanım, neçə yaşınızdan etibarən “səhnənin ortası”na düşdünüz?

- Universitetdə oxuya-oxuya teatrda işləməyə başladım. Hələ onda on yeddi yaşım var idi. Bəxtiyar Xanızadənin yanına gəldim. O, məni teatr truppasına qəbul etdi. Amma kollektivdə çalışan digər əməkdaşlar Bəxtiyar müəllimin məni teatra qəbul etməsini bir az təəccüblə qarşıladılar.

- Niyə?

- Çox kilolu idim. Onlar mənim kök olduğum halda pantomima kimi bir yerdə çalışacağıma inanmırdılar bəlkə də. Çünki elə bədən forması ilə çeviklik və plastikanı istənilən kimi yerinə yetirmək bir az çətin idi.

- Amma siz bacardınız...

- Bəli, zaman keçdikcə mən özümü təsdiq etməyə başladım. Bəxtiyar müəllimin ümidlərini doğrultdum. Müəyyən müddətdən sonra əvvəlki Səbinədən əsər-əlamət yox idi (çəki baxımından).

- Pantomima Teatrı sizin çalışdığınız ilk iş yeridir... Sonuncu ola bilər?

- Bu teatr mənim üçün doğmadır. Özümü burada tapmışam. Çox güman ki, karyeramı burada bitirəcəyəm, təqaüdə çıxana qədər burada işləyəcəyəm.

- Pantomima Teatrı digər teatrlardan müəyyən mənada fərqlənir. Yəni ki, səhnədə aktyorlar səsdən daha çox, hərəkətlər və mimikalar vasitəsilə danışırlar. Bunu etmək nə dərəcədə asandır?

- Bizim teatrda səsli tamaşalar da olur. Ancaq düz qeyd edirsiniz, səsdən, sözdən daha çox, hərəkətlərə üstünlük verilir. Bu proses məndə kifayət qədər yaxşı alınır. Fikrimi, hissimi tamaşaçıya lazımınca çatdırmağı bacarıram.

- Bu vaxta qədər səhnədən tamaşaçıya çatdırmaq istədiyiniz, amma çatdıra bilmədiyiniz bir fikir olub?

- Belə bir hal baş verməyib. Düzünü desəm, mənim tanımadığım insanlara ərk edib nəyisə çatdırmaq istəməyim bir az düz çıxmaz.

- Belə çıxır ki, yolda qarşınıza etik qaydaları pozan bir insan çıxsa, ona öz etirazınızı bildirməzsiniz?

- Məncə, buna ixtiyarım çatmır. İnsanlar hər mənada sərbəstdirlər.

- Siz də sərbəstsiniz?

- Sərbəstliyimi əlimdən alan yoxdur. Mənim içimdə özümə məxsus ayrı bir “dünya” var. Həmin dünyanın “qanunları” ilə yaşayıram.

- Sizin “dünya”nızın sakinləri çoxdur?

- Çox olmasa da, az da deyil (gülür).

- Ailə qurmusunuz?

- Bəli, ailəliyəm. Bir övladım var.

- Onun da incəsənətə meyli var?

- Onun gözəl əl qabiliyyəti var. Çox gözəl rəsmlər çəkməyi bacarır. Amma gələcəkdə rəssamlığı seçib-seçməyəcəyini deyə bilmərəm.

- Dövlət Pantomima Teatrının bölgələrdə inkişafı üçün nə lazımdır? Ümumiyyətlə, bu, mümkündürmü?

- Nəzərə alsaq ki, Pantomima Teatrının binası yalnız Bakıdadır, bəli, bölgələrdə də belə teatr binalarının olması çox gözəl olar. Ancaq bunun təşkili və inkişafı üçün Bəxtiyar Xanızadə kimi müəllimlərin olması əsas şərtdir.

- Bildiyimə görə, siz özünüz də pedaqoq kimi fəaliyyət göstərirsiniz. Tələbələriniz var. Bəxtiyar müəllimin vaxtilə sizə aşıladıqlarını siz də tələbələrinizə lazımınca öyrədə bilirsinizmi?

- Bəli, səhnə plastikası üzrə dərs keçirəm. Bunda heç bir çətinlik çəkmirəm. Əsas odur ki, tələbələrim istedadlı olsunlar. Şükürlər olsun ki, onların hər biri mənim öyrətdiklərimi vaxtında və düzgün qavramağı bacarır.

- Çox maraqlıdır, lal və kar insanlar da sizin kimi tamaşa göstərə bilərlər?

- İstedadları olsa, alınar. Çünki pantomima üçün plastika ən vacib amillərdən biridir.

- Amma ən azından, onlar sizin nə demək istədiyinizi daha yaxşı başa düşə bilərlər...

- Pantomima Teatrı yeganə teatrdır ki, dünyanın istənilən yerindən tamaşaya gəlib baxan əcnəbilər səhnədə nələrin baş verdiyini asanlıqla başa düşə bilirlər. O cümlədən də, danışmaq və eşitmək qabiliyyətini itirən insanlar. Onu da qeyd edim ki, biz belə insanlar üçün bir neçə dəfə tamaşalar göstərmişik.

- Seriallara çəkilmək təklifi sizə də tez-tez gəlir?

- Mən serialdan çox, filmlərə çəkilmişəm. Seriallara təkliflər olur, lakin müəyyən səbəblərə görə çəkilməkdən imtina edirəm. Bu, çox vaxt mənə təklif olunan rolu bəyənməməyimdən irəli gəlir.

- Film demişkən, son zamanlar yaman dəbdə olan “Xoxan” filmində siz də rol aldınız. Kifayət qədər uğurlu alındı deyə bilərik...

- Elədir, mən həmin filmdə bir evin sahibəsini canlandırdım. Obrazı bəyəndiyim üçün tərəddüd etmədən qəbul etdim. Bir də onu deyim ki, filmi çəkən rejissorun “Xoxan”dan əvvəlki işləri mənə yaxşı məlum idi.

- Aktrisa üçün səhnə danışığı və plastikadan savayı, xarici görkəm də müəyyən mənada önəmlidir. Sizdə bu baxımdan nə çatışmır?

- Xarici görkəmimdən və fiziki quruluşumdan çox məmnunam. Deyilənə görə, çox cazibədaram, saçımı açanda lap cəlbedici görünürəm (gülür).

Geri qayıt