Əsas Səhifə > Şou-biznes > Aktrisa Zemfira Əbdülsəmədova: "Açıq-saçıq bir səhnə olan kimi..."

Aktrisa Zemfira Əbdülsəmədova: "Açıq-saçıq bir səhnə olan kimi..."


13-02-2015, 09:29
Aktrisa Zemfira Əbdülsəmədova: "Açıq-saçıq bir səhnə olan kimi..."
Dia.Az aktrisa Zemfira Əbdülsəmədovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Zemfira xanım, təcrübəli bir aktrisa kimi sizin fikriniz oxucu üçün çox maraqlıdır. Son zamanlar Azərbaycanda bir çox seriallar çəkilməyə başladı. Siz də həmin seriallarda rol aldınız. Ümumilikdə necə qənaətə gəlmək olar? Nə çatır, nə çatmır?

- Sözün düzü, mən bu məsələyə birtərəfli yanaşmaq istəmirəm. Şəxsən mən indiyə qədər qeyri-peşəkar rejissorların ekranlaşdırdıqları heç bir seriala çəkilməmişəm. Ancaq ümumilikdə çatışmayan şeylər çoxdur. Bütün bunların kökündə maddiyyat dayanır. Güclü avadanlıqlar almağa pul çatmır. Ona görə də seriallarımızın çoxu texniki baxımdan zəif alınır. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən isə rejissorların da baxış tərzi, qabiliyyəti və s. seriala təsir edir. Onlardan çox şey asılıdır. Yükün çox hissəsi rejissorun üzərində olur.

- Bu problemlərə, yəqin ki, aktyorların düzgün seçilməməsini də əlavə etmək olar...

- Bəli, bu da çox önəmlidir. Biz gördüyümüz işin müqabilində qonorar tələb edirik. Bu da qeyri-peşəkar rejissorlara sərf etmir. Ona görə də peşəkar olmayan aktrisaları seriallara çəkirlər. Çünki pulsuz, efirdə görünmək xatirinə çəkilmək istəyən aktrisalar az deyil.

- Onların da sayı günü-gündən artmaqdadır. Bu hal sizin kimi aktrisaların “arxa plan”da qalmasına gətirib çıxartmır ki?

- Qətiyyən. Bizim üçün səhnə, sənət həmişə var olub, olacaq da. Axı mən özüm heç o özünü “rejissor” adlandıranların seriallarında çəkilmirəm. Odur ki, ürəkləri kimi istəyirsə, onları da çəksinlər (gülür).

- Bəlkə də bizim serialların çoxu buna görə baxımsız olur.

- Bəli, əlbəttə. Xalqın gözü tərəzidir axı. Tamaşaçı qeyri-peşəkarlığı dərhal hiss edir. Tanışlığa, qohumluğa, xarici görünüşə görə və s. hər yoldan ötəni seriala çəkməklə deyil ki...

- Amma həmin gənclər çox vaxt narazılıq edirlər ki, bizdən yaşca böyük aktrisalar bizim yolumuzu kəsir və bizə irəli getməyə mane olurlar. Bu barədə nə deyə bilərsiniz?

- Başqalarını deyə bilmərəm, amma mən şəxsən belə olmamışam. Əksinə, istedadlı gənclərin irəli getməsi üçün əlimdən gələ köməkliyi göstərmişəm. Buna hər zaman hazıram.

- Zemfira xanım, bir neçə il bundan öncə Azərbaycanda bir o qədər də serial çəkilmirdi. Amma ekranlaşdırılan bəzi bədii filmlərdə üstüörtülü olsa da, açıq-saçıq səhnələr görmək mümkündür. O zaman belə səhnələrə tamaşaçı bir o qədər də sərt reaksiya vermirdi. İndi isə adi bir səhnədən belə qıcıqlanır və onu böyük bir skandala çevirirlər. Bunu nə ilə əlaqələndirirsiniz?

- O zamanlarda kütləvi informasiya vasitələri o qədər də çox deyildi, sosial şəbəkələr yox idi. Ona görə də belə məsələlər fəal şəkildə müzakirə olunmurdu. İndi isə informasiya mübadiləsi çox geniş yayılıb, ona görə də açıq-saçıq bir səhnə olan kimi onu müzakirəyə qoyurlar.

- Texniki baxımdan alınmadığı üçün, yoxsa mentalitetə zidd olduğu üçün tənqid atəşinə tuş gəlir belə səhnələr?

- Bizim tamaşaçının bunu həzm etməsi üçün ən azı beş-on il lazımdır. Texniki baxımdan alınmamasının da kökündə məhz bu dayanır. Çünki aktyor və aktrisalar sanki utana-utana, çəkinə-çəkinə oynayırlar. Sabah tənqid olunacaqlarından qorxurlar. Məhz ona görə də belə səhnələrə çəkilmək üçün xaricdən aktyorlar dəvət olunurlar. Onlar belə rolların öhdəsindən rahatlıqla gələ bilirlər.

- Siz əvvəllər belə səhnələrə çəkilmək üçün dəvət almısınız?

- Heç vaxt almamışam.

- Həmin ərəfələrdə təklif olsa idi, çəkilərdiniz?

- Xeyr, çəkilməzdim. Heç indi də çəkilmərəm. Mənim vaxtım ötüb (gülür).

- Hal-hazırda özfəaliyyətiniz nədən ibarətdir?

- İndi İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğulam. Tələbələrimlə birlikdə tamaşalar hazırlayırıq. Bundan başqa, Gənc Tamaşaçılar Teatrında iş fəaliyyətim davam edir. Dublyajlara gedirəm.

- Serial baxımından vəziyyət necədir bəs?

- İki təklif var. Onu dəyərləndirirəm. İnşallah, yaxşı olacağını düşünürəm.

Geri qayıt