Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı teleaparıcı: "Onları bir yerdə tutdum..."

Azərbaycanlı teleaparıcı: "Onları bir yerdə tutdum..."


6-01-2015, 09:24
Azərbaycanlı teleaparıcı: "Onları bir yerdə tutdum..."
Dia.az teleaparıcı Lətafət Ələkbərovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Lətafət xanım, hər bir məşhur insan olduğu yerə çatana qədər bir çox çətinliklərdən keçib. Bunu etiraf edənlər az deyil. Bəs siz necə, hansısa çətinliklərdən keçmisinizmi?

- Çox. Maddi imkanımız bir o qədər də yaxşı olmayıb. Bu imkansızlıq məni universitetə qəbul olduğum ildən işləməyə vadar etdi. Həm işləyirdim, həm də dərslərimi oxuyurdum. Sözün düzü, maddiyyatdan savayı, işləməyə çox həvəsim var idi. O ki qaldı keçdiyim çətinliklərə, təsəvvür edin, elə vaxtlarım olub ki, evdən çıxmağa yol pulu tapmamışam. Hətta rəfiqələrimlə yoldan keçəndə dönərin qoxusu burnumuza dəyib, amma almağa imkanım olmayıb.

- Amma zaman keçdi və həmin Lətafəti indi çoxları tanıyırlar. Yolda görəndə barmaqla göstərilənlərdəndir. Bu məşhurluq sizi hansı cəhətdən dəyişdi?

- Əslində, xarakter baxımından dəyişiklik olmayıb. Həminki saf və sadə Lətafətəm. Keçmiş günlərimi heç vaxt unutmuram, hər zaman gözümün önündən keçirdirəm. Amma sözün düzü, bir az ayılmışam elə bil. İnsanlara güvənim əvvəlki kimi deyil. İndi sərhəd qoymağa başlamışam. Çünki zamanında mənim sadəliyim və səmimiliyimdən çox istifadə etdilər.

- Necə?

- Gah haqqımda danışdılar, gah mənə böhtan atmaq istədilər, gah məndən pul alıb qaytarmadılar və s. Bu “gah”ları saymaqla bitməz...

- Siz də uğursuz ailə həyatı yaşayanlardan oldunuz. Ailənizin dağılmağına səbəb nə oldu?

- Xəyanət... O mənə xəyanət etdi.

- Gözünüzlə gördünüz?

- Bəli, onları bir yerdə tutdum. Evə qayıdıb yoldaşımın çamadanlarını qapının ağzına qoydum.

- Sonradan "bu qərarı verməkdə, bəlkə də tələsdim" deyə heç düşündünüzmü?

- Əslində, verdiyim qərarı düzgün sayıram. Amma bəlkə də uşağıma görə bir az səbr edib göz yuma bilərdim. Ancaq düşünürəm ki, vaxtında ayrılmasaydım, indi daha pis ola bilərdi.

- Artıq üstündən neçə il keçib. Hələ də ailə qurmamısınız. İkinci dəfə ərə getmək fikriniz yoxdur?

- Boşanandan sonra ciddi anlamda ünsiyyətdə olduğum insanlar oldu. Amma sonradan gördüm ki, heç biri tam mən istəyən kimi deyilmiş. Amma gələcəkdə ailə qurub-qurmayacağımı indidən deyə bilmərəm.

- İnidiyə qədər hazırladığınız verilişlərdə alınmayan nə olub?

- Bu yaxınlarda çox hörmət etdiyim Murad Dadaşovu verilişimə qonaq çağırmışdım. Çəkdiyimiz veriliş ad günü ərəfəsində efirə getməli idi. Lakin arxivə nəzarət edən işçinin səhvi və məsuliyyətsizliyi ucbatından veriliş tamamilə silindi və bütün cəhdlərimizə baxmayaraq tapılmadı. Çox pis oldum, günlərlə özümə gələ bilmədim. Murad Dadaşova zəng etməyə üzüm gəlmədi, mesaj yazıb üzrxahlıq etdim.

- Bəs çəkiliş zamanı ən yaddaqalan hadisə hansı olub?

- Belə hadisələr çox olub. Amma maraqlı bir məqamı deyim. Verilişlərimdən birinin qonağı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov idi. Çəkiliş gününə qədər onunla ünsiyyətim olmamışdı. Bircə onu bilirdim ki, çox ciddi bir insandır. Çəkiliş zamanı bir sözü səhv dedim, ikimiz də güldük. Mən dayandım, amma Qurban müəllimi saxlamaq olmadı (gülür).

- Uşaq vaxtı da belə sarışın olmusunuz?

- Bəli, sapsarı olmuşam (gülür).

- Uşaqlıqdan bəri simanızda hansı dəyişikliklər etmisiniz?

- Burnumu plastik əməliyyat etdirmişəm.

- Sizi gözəl aparıcılarımızın siyahısına tərəddüdsüz əlavə etmək olar. Həm də cazibədar... Bu cazibəni yaradan bir çox amillər var. Məsələn, geyim tərziniz də bu məsələdə öz sözünü deyir. Bildiyim qədər, açıq-saçıq geyimlərdən komplekssiz istifadə edən xanımlardansınız...

- Elədir, geyim barədə bir kompleksim yoxdur. Qısa ətəklərdən, yaxud da açıq libaslardan istifadə edirəm. Ancaq zaman və məkan məsələsini nəzərə alaraq. Həddindən artıq açıq geyimlərə bir o qədər də üstünlük vermirəm.

- Maraqlıdır, dediyiniz açıq geyimlərdə küçədə gedərkən arxanızca düşənlər, ya da söz atanlar olur, yoxsa sizi tanıyıb ehtiyat edirlər?

- Bunun tanınmaqla bir əlaqəsi yoxdur. Arxamca baxanlar da olur, söz atanlar da (gülür).

- Reaksiyanız maraqlıdır.

- Heç bir reaksiya vermədən öz yoluma davam edirəm.

- Əslində siz...

- Əslində mən çox istərdim ki, insanlar bir-birlərini çox gözəl başa düşsünlər, sağlam ünsiyyət qursunlar və səmimiyyətdən, xoş münasibətdən heç kim sui-istifadə etməsin. Məncə, toplum olaraq bizim ən böyük problemlərimizdən biri də insanların bir-birini düzgün anlamaması və dəyərləndirə bilməməsidir.

Geri qayıt