Əsas Səhifə > Şou-biznes > ““Bəyaz gecələr” albomunu yazanda böyük məbləğdə borca girdim”

““Bəyaz gecələr” albomunu yazanda böyük məbləğdə borca girdim”


26-05-2014, 09:04
““Bəyaz gecələr” albomunu yazanda böyük məbləğdə borca girdim”
Musiqi donmuş təbə ilham verən, yorğun ruha isə qida bəxş edəndir. O, insan şüurundan çox qəlblərə, duyğulara təsir edir. Onu bizə çatdıran gözəl ürəyi olan, xoş avazı olan sənətkarlarımızdır. Əziz oxucularımız, bu gün də gözəl səsi və sənəti ilə özünü xalqına, xalqını isə dünyaya tanıtdıran hörmətli müğənnimiz Səyyad Əlizadədir.

- Sizin yaradıcılıq mərkəzinizə daxil olarkən qapının yuxarısından asılmış üç rəngli bayrağımız, Qurani-Kərim və qədim musiqi alətlərimizdən – saz, tar, kaman və qaval oldu. Bu dizaynın xüsusi mənası varmı?

- Onu da qeyd eləyim ki, “Bəyaz gecələr” yaradıcılıq mərkəzi 2002-ci ildən fəaliyyət göstərir. Həmişə arzum o olub ki, öz yaradıcılıq mərkəzim olsun və mən öz musiqimizə burda xidmət eləyim.

- Sizin xidmətləriniz nədən ibarətdir və nə kimi işlər görürsünüz?

- Biz burda çox işlər görmüşük. Məsələn, öz keyfiyyətini itirmiş köhnə musiqi əsərlərimizi, mahnılarımızı və Qurani-Kərimin səsli kitab variantını işləmişik. Bu o deməkdir ki, kimin kitab oxumağa zamanı və ya vaxtı olmasa, həmin diski qoyub Qurani-Kərimin səsli versiyasına qulaq asa bilər. İndiki zamanda buna gənclərin də çox ehtiyacı var və mən düşünürəm ki, gənclərimizin mənəvi dünyasına çox yüksək təsir ola bilər. Qurani-Kərimin səsli variantını dörd ilə işləyib başa vurmuşuq.

- Bura hər cür insan gəlir. Görəsən, onlar Qurani-Kərimin altından keçəndə hansı hissləri keçirdirlər?

- Bura ən çox yaradıcı insanlar gəlir. Yəqin ki, bunun da onlara böyük təsiri olur. Çox güman ki, bu insanların içində vicdan əzabı çəkənlər də var. Hər kəsin öz daxili aləmi var. Mən musiqimizi sevdiyim kimi xalqımı da sevirəm. Azərbaycan xalqı dünyanın ən yüksək mənəvi zənginliyinə məxsus olan bir xalqdır. Sadəcə, biz bir-birimizin qədrini bilmirik.

- Niyə?

- Məsələn, radiolarımızdan götürək. Radiolarımızda Azərbaycan müğənnilərinin mahnılarını səsləndirmək üçün ödəniş eləmək lazımdır. Amma dünyanın bütün zənciləri, ingilisləri, fransızlarını gecə-gündüz oxudurlar. Onlardan niyə ödəniş almırlar? Bütün bunlar mənə çox pis təsir edir. Özümüz-özümüzə hörmət qoymuruqsa, qıraq bizə necə hörmət qoyacaq?

- Sehrli xalatımız olmasa da, bəlkə xatirələrdə keçmişə qayıdaq?

- Mən Füzuli rayonunun Şıxbaba kəndində anadan olmuşam, Əşrəf kişi və Maya xanımın ailəsində. Ailədə 2 bacım, 4 qardaşım var. Mən ailənin 3-cü övladıyam. Hələ məktəbə getmədən radioda eşitdiyim mahnıları özüm üçün oxuyurdum. 1-ci sinfə gedəndə nəğmə dərsində müəllim gördü ki, yaxşı oxuyuram, gözəl səsim var. Məni məktəbdə olan ansambla apardılar. Musiqi rəhbəri qulaq asdı və bəyəndi. Bundan sonra mən nəinki məktəbdə, rayon tədbirlərində də çıxış edirdim.

- Siz düşünürdünüzmü ki, məhz müğənni olacaqsınız?

- Xeyr, düşünməmişdim. Çünki bu sənətə əlçatmaz baxırdım.

- Bildiyimə görə, siz həm də mühəndissiniz?

- Bəli, mən orta məktəbi bitirən kimi İnşaat Mühəndislər İnstitutuna daxil olmuşam. Lakin oxuduğum müddətdə musiqidən ayrılmamışam. Bu institutda oxuya-oxuya həm Azərbaycanda, həm də Azərbaycandan kənar ölkələrdə mötəbər müsabiqələrin laureatı olmuşam. Gördüyünüz bu mükafat və diplomlarımı həmin yarışlarda qazanmışam. 150-dən çox mükafatım var.

- Bəs İncəsənət institutuna nə zaman daxil oldunuz?

- Mən “Oxu tar” müsabiqəsinin qalibi olandan sonra korifey sənətkarımız Süleyman Ələkbərov məni çağırtdırdı Konservatoriyaya, mənimlə xeyli söhbət etdikdən sonra dedi ki, oğul, sən mütləq musiqi təhsili almalısan. 1988-ci ildə İncəsənət institutuna daxil oldum, vokal üzrə. 1990-cı ildə də vokal dərsini bitirdim.

- İlk dəfə səhnəyə və televiziyaya nə vaxt çıxmısınız?

- Səhnəyə ilk dəfə 6 yaşımda 1-ci sinifdə oxuyanda “Yenilməz batalyon”da faytonçunun mahnısıyla, efirə isə I kursda “Xoş gördük, tələbə” verilişində bu mahnıyla çıxdım (zümzümə edərək oxudu).

- Sizcə sənətimiz uçurumun astanasında deyil ki?

- Uçurumun astanasında deyə bilmərəm, amma o xaos var ki, onu da yaradan bizim radio və televiziyalarımızdır. Nə gəldi, efirə verirlər. Qabaqlar belə şeylər yox idi. İnsanlıqda belə bir aksiom var – pisi yaxşıdan tez qəbul edirlər. Əlbəttə, efirdə görəcəklər ki, bir xalq artisti səhnəyə göbəyi açıq geyinib çıxır, gənc qızlarımız da deyəcəklər ki, deməli, biz də belə edə bilərik. Beləliklə də mənəviyyatımız başlayır pozulmağa.

- Sizcə belə insanlarla mübarizə aparmaq olmazmı?

- Mən mübarizəmi həmişə aparıram. Ancaq tək əldən səs çıxmaz. Artıq 2 ildir bu verilişlərdən ibrət dərəsi götürərək gözəl bir layihə üzərində çalışıram və ümidvaram ki, bu yaxınlarda televiziya kanallarında öz əksini tapacaq.

- Yeni layihəniz nədən ibarətdir?

- Layihəm həm maarifləndirici, həm də gənc nəslin tərbiyəsinə müsbət təsir eləyən bir layihə olacaq. Belə deyək ki, tərəqqinin tərənnümü. Oğlum Atabəy həmişə mənə deyir ki, ata, nə yaxşı ki, biz Azərbaycanda yaşayırıq. Sual verəndə ki, nəyə görə belə düşünürsən, deyir ki, axı başqa ölkələrdə adamları öldürürlər, evlərini partladırlar, küçələrdə ac qalırlar. Amma bizdə elə şeylər yoxdur. Baxın ki, uşaq öz ağlıyla buna qiymət verir, amma efirlərimiz öz verilişlərində xalqı ağlar günə salır.

- Neçə övladınız var?

- İki övladım var – qızım Şəhla, oğlum Atabəy.

- Səyyad müəllim həyatda bir dəfə də olsun yalan danışıb?

- Danışmışam. Amma mənim yalanlarım müqəddəs yalanlar olub.

- Səyyad müəllim kiminsə qəlbinə hicran dağı çəkibmi?

- Rəhmətlik atam bizi həmişə qapalı böyüdüb. Bizə həmişə deyərdi, çalışın sevməyin. Gərək sevəsən ki, hicran dağı çəkəsən. Allaha şükür ki, mən sevdiyim qızla ailə qurmuşam. Amma məni sevənlər olub. Biri var Səyyadı vaxtında sevsinlər, biri də var Səyyad Əlizadə olandan sonra sevsinlər. Bəli, bir həkim xanım var idi. Neçə illər məni sevdi, sevgisinə cavab tapmadı. Mənə zəng edərək bu sözləri dedi. Siz mənə ürəkağrısı tapdırdınız. Niyə aldatmalıydım? Mən ailəli adam idim. Məsələn, sizi birinci dəfədir görürəm, siz də mənə doğmasınız. Uzaq olsun, sizə başqa bir fikirlə baxa bilərəmmi? Əgər istəyirsən hörmətli olasan, gərək əsl kişi kimi olasan. Əlbəttə, mən də çox şeylər görmüşəm.

- Jurnalistlərlə dostluq edirsinizmi?

-100-dən 5-ni seçirəm, qalanları isə özü jurnalistdir, əməli başqa şeydir.

- Sevən ürək nə zamansa unutmağı bacarırmı?

- Mən xaraktercə çətin adamam. Sevdiyim adama bir anda nifrət edə bilərəm. Çünki sevəndə qəlbdən sevirəm. Qarşımda hansısa haqsızlıq və xəyanət görərəmsə, bir andaca nifrət edər və unudaram.

- Depressiyaya düşmüsünüz?

- Düşmüşəm, bizim bir oğul övladımız əlimizdən gedəndə çox pis depressiyaya düşdüm. Bu olub 2006-cı ildə.

- İndiki şou-biznesdə olan ikiüzlülük, xəyanətkarlıq və qalmaqallara münasibətiniz?

- Mənim onlara yazığım gəlir. Belə “müğənnicik”lərin çoxu o qədər səviyyəsiz, o qədər savadsızdır ki, onlara nəinki qulaq asmaq, heç baxmaq da istəmirsən. Bunlar xalqda bir ikrah hissi oyadırlar. Mən ona can atıram ki, adım şou biznesdə yox, sənət aləmində olsun. Belə “müğənnicik”ləri efirə buraxmaq özü də bir cinayətdir.

- Həyatda nəyəsə risk etmisiniz?

- Eləmişəm. Məsələn, “Bəyaz gecələr” albomunu yazanda böyük məbləğdə borca girdim. Bu risk mənim sənətim üçün idi. Gördüyünüz bu yaradıcılıq mərkəzinə çəkdiyim xərcə böyük bir villa tikdirə bilərdim. İllərdir ailəmlə birgə 4 otaqlı mənzildə yaşayıram.

- Səyyad müəllim, sizcə fəxri adın vaxtı gəlib çatıbmı?

- Mənə ad verilsə də, verilməsə də, dövlətimi də, dövlətçiliyimi də sevirəm və sadiq bir vətəndaşam. Kaş mənim xalqıma, dövlətimə olan sevgimin bir qismi müxtəlif yollarla ad alan əməkdar və xalq artistinin birində olaydı.

- Ən böyük arzunuz?

- Azərbaycanın ərazi bütövlüyü.

- “Oxu Məni”yə arzularınız?

- “Oxu Məni” 20 ilə yaxındır Azərbaycan mətbuatında öz dəsti-xəttini tapıb. Sizin qəzetlə bağlı xoş xatirələrim çoxdur. Bir sirr də açım ki, 2003-cü ildə sizin baş redaktorun toyunda çıxış etmişəm. Qəzetiniz uzun ömürlü olsun. Hər zaman hamının maraq dairəsində olsun. Bütün yaradıcılıq heyətinizə, o cümlədən də sizə uğurlar arzulayıram.

Geri qayıt