Əsas Səhifə > Şou-biznes > "Efirə geyindiyim qısa paltarı adi həyatda geyinmərəm"
"Efirə geyindiyim qısa paltarı adi həyatda geyinmərəm"12-05-2014, 09:27 |
DİA.AZ tanınmış teleaparıcı Aynur Fətullayevanın Milli.Az-a müsahibəsini təqdim edir: - Aynur xanım, işinizdə hansı yeniliklər var? - Hal-hazırda “TRT AVAZ” kanalı ilə ortaq yayıma başlamışıq. Daha doğrusu, belə bir layihəmiz var idi, lakin uzun müddət idi ki, fasilə verilmişdi. Şükür Allaha, rəhbərlik tərəfindən yenidən bərpa olundu. - Uzun illərdir ki, “Yeni gün” proqramında çalışırsınız. Başqa ampluada bir veriliş aparmaq fikriniz yoxdur? - İlk dəfə “Qaraj” verilişini aparmışam. Lakin düz buyurursunuz, artıq xeyli müddətdir ki, səhər proqramının aparıcılığını edirəm. Bilirsiniz, mən bir şeyə çox çətinliklə öyrəşən, bağlanan insanam. Bağlandımsa, ondan uzaqlaşmaq mənim üçün çox çətin olur. Ona görə də düşünürəm ki, hələ öz yerimdə qalsam, yaxşıdır (gülür). - Ümumiyyətlə, haçansa televiziyadan birdəfəlik getməyi düşünürsünüz? - Xeyr, belə bir fikrim yoxdur. Teleaparıcı olmaq mənim uşaqlıq arzum olub. Bunun üçün illərlə əziyyət çəkmişəm və şükürlər olsun ki, bəhrəsini də gördüm. Peşəmdən çox məmnunam. - Başqa bir gəlir yeriniz var? - Dövlət tədbirlərinə dəvətlər alıram. Başqa bir qazanc yerim yoxdur. - Toylarda aparıcılıq etməmisiniz? - Xeyr, etməmişəm. Çünki özümü o sahədə görmürəm. - Xarici teleşirkətlərdən iş təklifi almısınız? - Elə də ciddi bir təklif olmayıb, amma sosial şəbəkələrdə ara-sıra belə təkliflər gəlib. Lakin qəbul etməmişəm. - Niyə? - Bilmirəm, bəlkə də, mühit baxımından uyğun görmürəm. Həm də artıq iş yerimə, çalışdığım kollektivə çox öyrəşmişəm. Bayaq da dediyim kimi, öyrəşdiyim yerdən uzaqlaşmaq mənim üçün çox çətindir. - İndi nəyə vaxt sərf edə bilmirsiniz? - İnanın mənə, istirahətə, dincəlməyə çox böyük ehtiyacım var. Artıq neçə müddətdir ki, fasiləsiz olaraq işləyirəm. Səbirsizliklə məzuniyyətə çıxacağım günü gözləyirəm (gülür). - İndiki aparıcı həmkarlarınızdan sizi fərqləndirən cəhət hansıdır? - Özümü tərifləmək istəmirəm. Amma bir çox aparıcının nitqi, danışığı məni qane etmir. - Sizə baxıb aparıcılıq eşqinə düşənlər olub? - Bəli, kifayət qədər olub. Verilişimizdə qonaq qismində çıxış edən gənc qızlar mənə tez-tez yaxınlaşıb deyirlər ki, biz də sizin kimi aparıcı olmaq istəyirik. - İstədiyiniz geyimi rahatlıqla geyinə bilərsiniz? - Geyimin tərzi və yeri var. Məsələn, mən efirə geyindiyim qısa paltarı adi həyatda geyinmərəm. Çünki hamı tərəfdən eyni cür qəbul olunmaya bilər. Efir isə gözəlliyi və səliqəliliyi sevir, tələb edir. - Bəs adi həyatda hansı geyim tərzinə üstünlük verirsiniz? - Efirdənkənar çox sadə geyinirəm. Makiyajdan nadir hallarda istifadə edirəm. - Belə çıxır ki, məşhur olmaq sizi bir o qədər də narahat etmir. Yəni ki, kütlə arasında rahat və sərbəst hərəkət edə bilirsiniz... - Bəli, sözün düzü, mən bir o qədər də məşhurluq həvəsində deyiləm. Məni yolda görüb tanısalar da, tanımasalar da mənim üçün fərq etmir. Onu da deyim ki, məni simamdan çox, səsimdən tanıyırlar. Yeri gəlmişkən, bu yaxınlarda rəfiqəmlə dükana girmişdik. Səsimi çıxaran kimi satıcı məni tanıdı və uzun-uzadı tərifləməyə başladı. Hətta aldığımız çantanın qiymətində də bizə xeyli endirim etdi (gülür). - Simanızda dəyişiklik etmək istəyərsiniz? - Xeyr, heç vaxt belə bir fikrim olmayıb. - Efirdə çıxılmaz vəziyyətə düşdüyünüz anlar olub? - Elə bu yaxınlarda çox möhkəm soyuqlamışdım. Xəstə-xəstə efirə çıxmışdım. Verilişin sonuna yaxın məni çox pis öskürək tutdu. Nə edəcəyimi bilmədim. Özümü birtəhər olsa da, saxladım. Şükür ki, vəziyyətdən çıxdım. Geri qayıt |