Əsas Səhifə > Şou-biznes > "O biri həyatımda yapon olmuşam"

"O biri həyatımda yapon olmuşam"


2-05-2014, 09:00
"O biri həyatımda yapon olmuşam"
Azərbaycan televiziya məkanının tanınmış xanım aparıcılarından olan Samirə Mustafayeva “Formaggio”nun qonağı olub. Samirə Mustafayeva sağlam qidalanmağa diqqət edir. Hətta müsahibəyə gələndə belə, çantasında alma olması gözümüzdən yayınmadı.

DİA.AZ aparıcının həmin müsahibəsini təqdim edir:


- Restoran və kafelərə tez-tezmi gedirsiniz?

- Bəli. Son iki ili axşam evdə yemək yediyimi xatırlamıram. Bu, dəbdəbəli həyat tərzinin göstəricisi deyil. Sadəcə, dostlarımızdan “birlik” əmələ gətirmişik. Demək olar ki, hər axşam hamı bir zənglə bir yerə yığışır. Paytaxtda getmədiyimiz kafe və restoran qalmayıb. Ən yaxşısından tutmuş, hətta məkan olaraq ən pis olanına kimi gedib sınamışıq. Belə qərara gəlmişik ki, məkan vacib deyil. Yeməklər dadlı və gözəl olmalıdır. Bu da orada işləyən peşəkar aşpazdan asılıdır. Yaxınlarda bir restoranda olduq. Getməzdən əvvəl düşünürdüm ki, ora qadınlar üçün deyil. Gedəndən sonra, fikrim tamamilə dəyişdi. Orada necə dadlı kabablar hazırlayırlar. Mən hələ elə ləzzətli kabab yeməmişdim: növbənövdür. Amma xidmət baxımından otel restoranlarını heç nə əvəz edə bilməz. Oranın aşpazından tutmuş ofisiantına kimi, hamı püxtələşib. Bunun üçün də çox vaxt xüsusi geyim hazırlayıram. Axşam geyimlərimi dəyişik seçirəm. Məkandan asılı olaraq, təbii ki geyim də dəyişir. Son vaxtlar səhər yeməkərini sevirəm. Ləziz səhər yeməkləri daha çox Marriott otelindədir. Axşam çay, kofe içmək üçün Hiltona gedirik. Bu yaxınlarda Elevenə getmək istədik, yadımıza düşdü ki, sport geyimdəyik və bizi ora buraxmayacaqlar (gülür).

- Ən son sınadığınız restoran hansı olub və təəssüratlarınız.

- Bir türk tanışımız var, Malakan bağında yerləşən Beer Hall restoranının sahibidir. Həmin restoranın formatını çox maraqlı edib. Deməli, restoran insanların çox olduğu yerdədir. Həmin insanların yemək üçün müraciət edəcəkləri yer Beer Hall olsun deyə, qiymətləri çox münasib edib. Oranı işlədən şəxs, bunu necə etdiyini də başa saldı. Deyir ki, biz yeməklərin keyfiyyətini ən yüksək səviyyədə edirik. Məsələn, yaxşı balıq veririk, yanında da qarnir. Amma çəkisindən bir balaca azaldıb, qiyməti münasib edirik. Beləcə, bir yeməyin qiyməti 6-7 manat olur. Restorana adam cəlb etmək üçün müxtəlif üsullara əl atırlar: pulsuz kofe verirlər. Biz bu yaxınlarda o restoranda olduq. Həmin türk Azərbaycanda qeyri-peşəkar ofisiantlardan narazılıq edirdi. Razıyam onunla. Sizə bir nümunə deyim. Yoldaşımla bir restoranda oturmuşuq, mənim sifarişim gəlib, şirəm gəlib. Mən yeməyimi bitirmişəm, amma yoldaşımın sifarişi hələ də gəlməyib. Bu da qeyri-peşəkar xidmətdən xəbər verir. Bizdə əvvəlcə məktəb olmalıdır, ondan sonra xidmət də formalaşacaq. Bir şeyi qeyd edim ki, mən restorana çatan kimi alma ilə zəncəfilin qarışdırılmış şirəsini sifariş edirəm. Bunu da Kempinskinin restoranında öyrənmişəm. Ora bir məşhur siyasətçi gəlibmiş. Bu şirədən istəyib. Və zəncəfilli alma şirəsi Kempinskinin menyusuna daxil edilib.

“Öz restoranımı açmaq istəyirəm”

- Belə nəticəyə gəldim ki, restoranların necə fəaliyyət göstərdiyi ilə maraqlanırsınız. Özünüzün kafe və ya restoranınızı açmaq istərdinizmi?

- Bu, mənim arzumdur. İdeyalarım da var. Bilirəm ki, restoran və kafelər günün saatlarına görə fəaliyyətləri üzrə bölünürlər. Məsələn, səhər yeməyi üçün, şam yeməyi üçün müraciət edilən restoranlar var. Mən günorta yeməkləri verilən restoran arzulayıram. Burada ancaq sağlam qidalar verilsin. Məsələn, kimsə qrip olubsa, restorana gəlib, bol istiotlu mərci şorbası deyil, milli yeməklərimizdən sifariş etsin. Bizim Naxçıvan əriştəmiz var, ama bunu yemək üçün mən mütləq o bölgədən olan birindən xahiş etməliyəm ki, mənim üçün hazırlasın. Çox istərdim ki, bu xörəyi menyuya daxil edim. Soyuqdəymə üçün çox effektli şorbadır. Əvəlikli yeməklər restoranlarımızda tapılmır. Mən menyuda bunu da görmək istəyirəm. Orada pəhriz yeməkləri və açıq mətbəx olsun. Mətbəxi o qədər təmiz olsun ki, müştərinin oranı görməsindən çəkinməyim. Əvvəlcədən rezerv olanda, həmin şəxslər gələnə kimi sifariş etdiyi yeməklər hazır olsun. Menyuda yeməklərin kaloriləri mütləq yazılacaq. Yəni, konkret müştəriləri olan restoran olacaq.

- Pəhriz saxlayırsınız?

- 2 həftəyə yaxındır ki, rejimlə qidalanıram. Yayın gəlişi artıq həyəcan siqnalının çalınması deməkdir. Gün ərzində 2 litrdən artıq su içirəm. Bu mənim həyat tərzimdir. Mən suların markalarını dadlarından müəyyən edə bilirəm. Əvvəllər Slavyankanı sevirdim, indi isə Erikli içirəm. Sirab çox dadlı sudur. Bir butulka su götürürəm, içinə zəncəfil doğrayıram. Limonu dilimləyib, atıram ora və gün ərzində içirəm. Ziyanlı vərdişlərim də var. Kofeni sevməyim bunlardan biridir.

“Orqanizmin çörəyi tanımır”

- Gün ərzində nə qədər kofe içirsiniz?

- Əsasən, səhərlər kofeyə üstünlük verirəm. Yağsız süd alıram və hər gün içirəm. Hətta bir dəfə vaxtım yox idi, marketdən tələm – tələsik süd aldım və başıma çəkdim. Bu, məndə toxluq hissi yaradır. Ümumiyyətlə, ağartı məhsullarını çox yeyirəm.

- 7 ildir ki, çörəkdən imtina etmisiniz.

- Bəli, qızım dünyaya gələndən sonra 90 kilo idim. Özümdən, orqanizmimdən, yeməkdən iyrənirdim. Hətta vəziyyət o yerə çatmışdı ki, uşağa süd verə bilmirdim. Hamilə olanda çox yeyirdim deyə, kökəlmişdim. Özü də ifrat dərəcədə çox yeyirdim. İstəyirdim ki, körpəm bətnimdə normal qidalansın. Gilası o qədər çox sevirdim ki, yolda gedə-gedə alırdım, yuyurdum və yeyirdim. 7 ildir ki, çörək, lavaş yemirəm. Orqanizmim artıq çörəyi tanımır. Kartof yemirəm, ətin sadəcə, dadına baxıram. Mən bir də hamilə olsam o qədər sağlam qidalanaram ki... Bilərəm ki, dünyaya gətirdiyim uşağa vitamin deposu ötürmüşəm. Bizim orqanizmimiz zibil vedrəsi deyil. Nə gəldi yemək olmaz. Qidalanma mədəniyyəti olmalıdır. Yemək qəbul edərkən hətta gözəl geyinmək lazımdır.

- Vegeterian qidalanmağa münasibətiniz.

- Qırmızı əti menyumdan çıxarmışam. Ağ ətə üstünlük verirəm. Amma kənd toyuğu xoşlamıram. Məncə, broyler daha dadlıdır. Vegeterianlar üçün menyunu ilk dəfə Hiltonda gördüm. Dediyim kafedə də bu növ qidalara yer ayırmaq istəyirəm.

“580 manat hesab ödəmişik”

- Vurğuladınız ki, otel restoranlarını sevirsiniz. Orada qiymətlər digərlərindən daha yüksək olur. Ödədiyiniz ən yüksək hesab nə qədər olub?

- Bir dəfə rəfiqələrimlə yapon restoranı “Mado”ya suşi yeməyə getmişdik. Şorbalar içdik, krevetlərin, suşilərin dadına baxdıq və 4 qız üçün 580 manat hesab gəldi. Yaxşıdır ki, Amerikada yaşayan rəfiqəmin üzərində American Express kartı vardı. Biz nəzərimizdə 300 manat tutmuşduq, amma 4 qız üçün fantastik hesab gəldi. Bu arada, qeyd edim ki, mənə elə gəlir ki, mən o biri həyatımda yapon olmuşam. Çünki dəniz məhsullarını, əsas da okean balıqlarını daha çox sevirəm.

- Həmin “birlik”də olan dostlarınız həmkarlarınızdırlarmı?

- Bizim kollektivdə ən müxtəlif sahələri - hüquq-mühafizə orqanlarını, incəsənət, biznes, media sahəsini təmsil edən şəxslər var.

- Hansı regiondansınız?

- Anam Bakıdandır, Atam Neftçaladan. Mən özüm daha çox Bakı mədəniyyətini götürmüşəm.

- Bakı məbəxinin ən dadlı yeməyi hansıdır?

- Düşbərə. Beer Hallda qızardılmış düşbərə verirlər. Bu, mənim xoşuma gəlmir. Düşbərəni niyə qızartmalıdırlar ki? Qutabı sevirəm, amma yemirəm. Anamın hazırladığı bir yemək var: düyünü süzür və qatıq süzməsi ilə qarışdırır. Çox dadlıdır, quymaq da həmçinin. Bu sadaladıqlarım mənə evimizi xatırladır.

“Restoranlara görüntü üçün gedirəm”

- Dünyanın ən dadlı bişirən aşpazı kimdir?

- Mən 2 il əvvələ kimi Şərq mətbəxini xoşlayırdım. Ərəb yeməklərini, acılı, istiotlu türk yeməkləri, sousu bol olan xörəkləri sevirdim. Son vaxtlar isə yapon mətbəxinə meyillənmişəm. Balıq məhsullarını ən dadlı bişirən aşpazı tapmaq istəyərdim. Bilirsiniz, mən restoranlara görüntü üçün gedirəm. Çünki onsuz da oturduğum yerdə özümə lazım olanını sifariş edirəm. Fərqli nə isə dadmıram. Orqanizmimi belə tərbiyə edirəm.

- Şokolad əksər qadının imtina edə bilmədiyi şirniyyatdır, sizdə necə?

- Şokoladsız yaşaya bilmərəm. Amma onu da az yeyirəm. Tam çeynəmirəm, turş konfet kimi ağzımda saxlayıram ki, beynim doysun. Mürəbbələri də xoşlayıram. Amma mütəxəssislər mürəbbədənsə, şokolad yeməyi məsləhət görürlər. Çünki meyvələr şəkərlə qaynayanda, bütün şirinliyi özünə çəkirlər. Bunun da kalorisi yüksək olur.

- Sizcə, şokoladın insan əhvalını qaldırması psixoloji amildir, yoxsa ?

- Bütün şirniyyatlar insana yaxşı təsir edir. İnsan yedikcə, yemək istəyir. Düşünürəm ki, psixoloji durumdan əlavə, onların tərkibində hansısa amillər var ki, insanda xoşbəxtlik hormonunu yüksəldir.

“Çox işləyəndə yemək yadıma düşmür”
- Depressiyaya düşəndə çox yeyirsiniz?

- Hə. Əsəbi olanda ağzım mütləq işləməlidir. Amma çox işləyəndə yemək yadıma düşmür. Bundan zövq alıram.

- Efiriniz gec bitir. Sonra da dostlarınızla görüşürsünüz. Bəs ev işləri ilə kim məşğul olur?

- Anam bütün günü bizdədir. Qaynanamla birlikdə qalıram. Onlar məni elə öyrədiblər ki, evdə iş görmürəm. Amma dadlı bişirirəm. Şorbaları xüsusilə. Qızım üçün “Akvarium” adlı şorba hazırlayıram, vitamin deposudur. Orada bütün ərzaqlar eyni ölçüdə olmalıdır ki, gözəl görünsün.

- Özünüzün icad etdiyiniz resept varmı?

- Zoğal turşusu salatı icad etmişəm. Pomidor, xiyar, bir az soğan doğrayıram, bir qaşıq zoğal turşusu vururam və müxtəlif göyərtilərdən istifadə edirəm. Çox dadlı olur. Hər gün qara çörək otu yağı içirəm. Çox acıdır, amma səhərlər gözümü yumuram, uduram. Xeyirli olduğunu bilirəm. Dərdlərə dərmandır.

“Mənim iştaham beynimlə əlaqəlidir”

- Fast-food yeyirsiniz?

- Qətiyyən. 2-3 ildir ki, ancaq sağlam qidalanıram. Mənim iştaham beynimlə əlaqəlidir. Əgər beynim bir şeyin zərərli olduğunu düşünürsə, iştaham o qidanı çəkmir.

- Övladınızın qidalanması ilə kim məşğul olur?

- Anam. Qızım ət və kababları sevir. Kartof qızartmasından acığı gəlir. Kolbasanı çox xoşlayır. Amma bunu onun rasionundan çıxarmaq istəyirəm. Məktəbdə sağlam qidalanması üçün çantasına meyvə və süd qoyuram. (bu məqamda Samirə xanımın qızı söhbətə müdaxilə edir: - Bəs niyə dünən qoymamışdın? – (gülür) Yadımdan çıxmışdı, qızım. )

- Əlavə etmək istədiyiniz nəsə varmı?

- Bilirsiniz, mən rus tərbiyəsi görmüşəm. Bizim dayəmiz rus idi – Nadejda İvanovna. Həmişə kilkə kotleti hazırlayardı. Anamın bişirdiyi kotletləri yemirdim. Bəlkə də balığa olan sevgim oradan gəlir. O kotletin iyi indiyə kimi burnumdadır. Mən o mədəniyyəti görmüşəm deyə, bəlkə də indi ona qayıdıram...

Geri qayıt