Əsas Səhifə > Şou-biznes > “Knopka” basanlardan xalqa nə xeyir olacaq...?!

“Knopka” basanlardan xalqa nə xeyir olacaq...?!


13-08-2024, 11:24
“Knopka” basanlardan xalqa nə xeyir olacaq...?!
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər. Onların arasında Əməkdar artist Elza Seyidcahan da var.

Qeyd edək ki, seçkilərlə bağlı E.Seyidcahan daha əvvəl saytımıza açıqlamasında özünəməxsus və qəribə fikirlər səsləndirmişdi:
“Parlament seçkilərinə namizədliyimi vermişəm, özü də göyün yeddinci qatından. Siz bunu dediyim kimi yazın, camaat nə demək istədiyimi başa düşəcək”.

Sənət adamlarının namizədliyi ilə bağlı Bakupost.az –a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov danışıb.
Onun sözlərinə görə, hər kəs öz işi ilə məşğul olmalıdır:
“Ulu Öndər Heydər Əliyevin zamanında onun həm vəkili, həm də təşəbbüs qrupunun üzvü olmuşam. Əlimi "Qurani-Kərimə" basıb deyirəm ki, şəxsən mənə 2-3 dəfə vəzifə təklif etdilər. Hətta çox yüksək vəzifəli biri məni çağırıb dedi ki, sənin başın xarabdır?! Get, otur yüksək bir vəzifədə, parlamentdə... Dedim, yox. Ancaq xalq, vətən, dövlət haqqında düşünürdüm. İqtisadiyyatı, siyasəti, qanunu bilmirəm, gedib parlamentdə nə edəcəkdim? Mən kino, sənət adamıyam”.
Xalq artisti bildirib ki, bu gün parlamentdə, dövlət strukturlarında öz yerində olmayan adamlar çoxdur:
“Bunlar niyə oraya maraq göstərirlər? Çünki oradan dolanışıq mənbəyi kimi sui-istifadə edəcəklər. Bu gün bizim təfəkkürümüzdə belə yanaşma var. Ya dövlət vəzifəsində olmalısan, ya da əlin parlamentdə, kiminsə ətəyində olmalıdır. Sən parlamentdə nə edəcəksən? Siyasəti, iqtisadiyyatı, beynəlxalq hüququ bilməlisən ki, ermənilərə qarşı mübarizə aparasan. Parlamentdə “knopka” basanlardan xalqa nə xeyir olacaq ki?! Gedib, hər kəs peşəsi ilə məşğul olsun. Kənar adamların maddi marağını başa düşürəm. Amma müqəddəs 3 dəyər var. Xalq, vətən, və müstəqil dövlətimiz. Ermənilərə bir adam çıxıb cavab vermir. Bizim tariximizi, mahnılarımızı oğurlayırlar. Heç kim, nə akademiyamız, nə tarixçilərimiz, nə folklor işçiləri, nə blogerlər danışmır. Bunlar artıq tariximizi, mənəviyyatımızı işğal edirlər”.

Geri qayıt