Əsas Səhifə > Şou-biznes > "Bu gün anamın adı çəkilmir..."

"Bu gün anamın adı çəkilmir..."


13-06-2024, 10:43
"Bu gün anamın adı çəkilmir..."
“Mənim anamın Azərbaycan incəsənətinə töhfələri az olmayıb. İstər “Lalə qızlar” ansamblında, istərsə də xanəndəlik sahəsindəki uğurlu fəaliyyəti onu xalqın sevimlisinə çevirdi. Amma nədənsə bu gün adı heç bir yerdə çəkilmir. Anam müğənnilikdən əlavə həm də pedaqoji fəaliyyətlə məşğul olub. O “Leyli və Məcnun” əsərini inglis dilində tərcümə edib və sonra onu ifa edib. Hər zaman sənəti ilə yaşayırdı, şadlanırdı.. Sənəti onun xoşbəxt qadın olmağına mane oldu. Hər şeydən əl çəkdi, özünü unutdu, təkcə sənətini uca tutdu. Amma anamın bu gün adını heç çəkən yoxdur”

Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Elmira Əliyevanın oğlu Elbrus Əliyev deyib. O daha sonra əlavə edib.
“Anam tez-tez xəstəxanaya gedirdi. Müalicə alıb, həftələrlə orada yatırdı. Deyirdi ki, həkimlər başıma dolanır, mənə yaxşı qulluq edirlər. Anamdan xahiş edirdilər ki, mahnı oxusun. Anam oxuyurdu, onlar qulaq asıb alqışlayırdılar. Xəstəxanada çox qala bilmirdi. Deyirdi ki, sən evdəsən, mən burada, darıxmışam sənin üçün. Maddi imkanımız, ailə vəziyyətimiz ağır idi. Məcburiyyətdən anamı xəstə halıyla evdə təkbaşına qoyub iş arxasınca gedirdim. Məcbur idim. Evdə oturanda heç kim gətirib insana çörək pulu vermir. Bir pişiyimiz var. Onu anamın yanında qoyub işə gedirdim. Gəlib görürdüm ki, pişik səhərə qədər anamın yanından əl çəkməyib. Anam dünyasını dəyişəndən sonra pişik bir müddət çarpayısının üstündən durmadı” deyə o bildirib.

Elbrus Əliyev deyir ki, anasının arzularının heç biri həyata keçmədi.
“Mənə deyirdi ki, yaşım 80-ni adlayıb, mənim yaşımdakıların artıq nəvəsi var. Çox istəyirdi ki, ailə həyatı qurum. Amma bu məndən asılı deyildi. Evsizlik, şəraitsizlik məni bu yoldan çəkindirirdi. Qismət belə oldu ki, nə mənim toyumu gördü, nə də ki, nəvəsini. Düzdür, bu günə qədər də evlənməmişəm. Qapımızı açanlar da az idi. Anam dünyasını dəyişəndən sonra bir sənət yoldaşı da gəlmədi. Bir dəfə də başsağlığı vermədilər. Bu gündən hamı üçün var. Yenə də düşünürəm ki, bəlkə məni tanımırdılar. Amma ən azından soruşub, araşdırıb gəlib tapa bilərdilər. Vaxtilə anama da mane olanlar var idi. Ona görə də nə fəxri ad ala bildi, nə də ki, gözəl həyat sürdü” deyə sənətkarın oğlu bildirib.

Geri qayıt