Əsas Səhifə > Şou-biznes > "Azərbaycan Respublikasının Kino Agentliyi Mədəniyyət nazirinin qərarının əksinə addım atır"

"Azərbaycan Respublikasının Kino Agentliyi Mədəniyyət nazirinin qərarının əksinə addım atır"


15-02-2024, 13:15
"Azərbaycan Respublikasının Kino Agentliyi Mədəniyyət nazirinin qərarının əksinə addım atır"
"Azərbaycan Respublikası Mədəniyyət nazirliyi tərəfindən 2021-ci ildə elan olunmuş və nəticələri 2022-ci ilin aprel ayında açıqlanmış "Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin şərtləri hələdə yerinə yetirilmir".
Problemlə əlaqədar qalib layihələrin rəhbərləri mətbuat orqanlarına müraciət edərək, bu yöndə növbəti geniş açıqlamanı veriblər. Həmin müraciəti təqdim edirik:

"Nəticələrin elan olunmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq qalib layihələrə nəzərdə tutulan pul mükafatı ödənilməmişdir. Halbuki, hələ 2022-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qalib layihələrin maliyyələşdirilməsi üçün dövlət satınalmasına razılıq verilib.

Bununla bağlı layihə müəllifləri, prodüser və rejissorlar keçən müddət ərzində dəfələrlə nazirliyə müraciət etsələr də heç bir əsaslı cavab alınmamışdır. Əvəzində isə Nazirlik nümayəndələri tərəfindən hər dəfə layihənin yaxın zamanda yekunlaşdırılacağı ilə bağlı yerinə yetirilməyən vədlər verilmişdir.

İki həftə öncə Mədəniyyət naziri cənab Adil Kərimli qalib layihə müəlliflərindən rejissor Tahir Tahiroviçi qəbul edib. Görüşün yekununda cənab Nazir məsələnin bir neçə gün ərzində həll olunacağını bildirib və bununla bağlı Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) sədri Orxan Fikrətoğluna tapşırıq verib.

Təəssüf hissi ilə bildiririk ki, bu günə kimi heç bir adekvat addım hiss olunmur və hərəkətsizlik davam etməkdədir. ARKA və onun rəhbəri Orxan Fikrətoğlu iki il öncə Nazirlik tərəfindən keçirilmiş müsabiqəni tanımaq istəmir və nazirin qərarının əksinə addım atır. Bütün bu baş verənləri aylarla müsabiqəyə hazırlaşan, iştirak edən bütün yaradıcı şəxslərə və prodüserlərə, eyni zamanda, böyük əziyyət çəkərək münsiflər heyəti (Oleq Səfərəliyev, Mehriban Ələkbərzadə, Şamil Süleymanov, Asif Rüstəmov, Nadir Əliyev, Hacı Səfərov) qismində layihələri qiymətləndirən və hələ də gördükləri iş qarşılığında qonorarları ödənməyən peşəkarlara qarşı hörmətsizlik kimi qəbul edirik.

ARKA rəhbərliyinin yekunlaşmaqda olan prosesi məqsədli şəkildə uzatmaq cəhdini böyük məyusluqla qarşılayırıq. İşin yubadılmasına səbəb olan hərəkətsizliyi anlaşılmaz qəbul edərək məsələnin hüquqi müstəvidə həlli üçün müvafiq instansiyalara müraciəti məqsədəuyğun hesab edirik" - deyə, müraciətdə qeyd olunub.

P.S. Məlumat üçün qeyd edək ki, layihə rəhbərlərinin müraciəti əsasında Bizimyol info xəbər portalı olaraq problemlə əlaqədar ARKA-nın rəhbəri Orxan Fikrətoğluna həftələr öncədən sorğu göndərmiş olsaq da, sorğuya heç bir reaksiya verilməyib, suallarımız hələ də cavabsız qalıb. Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəf mövqeyini bildirdikdə, portalımızda dərcinə hazırıq.

Mətin Şükürlü, Bizimyol.info

Geri qayıt