Əsas Səhifə > Şou-biznes > "Özüm bir uşaqlıq görməmişəm, yetimçiliklə böyümüşəm"

"Özüm bir uşaqlıq görməmişəm, yetimçiliklə böyümüşəm"


27-01-2024, 10:48
"Özüm bir uşaqlıq görməmişəm, yetimçiliklə böyümüşəm"
“O vaxt rəhmətlik Hüseynağa Atakişiyev məni Gənclər Teatrına qəbul etmişdi. Verilişlərə obraz lazım olanda gəlib-gedirdim. Hiss edirdim ki, redaksiyanın qonorar verməyə pulu yoxdur. Heç nə tələb etmirdim, obrazları böyük məhəbbətlə oynayırdım. 15 il fəaliyyətim davam etdi. Həmin ərəfədə mən “Şirinbacı” nənə, “Göygöz kosa”, və s. rollar oynadım. “Uşaq verilişlərinə yeniliyi kim gətirdi? Əlbəttə ki, mən. Mən öz ağlımın, beynimin təxəyyülü ilə texnologiyanın olmayan vaxtında uşaqları maarifləndirdib, nağıllara, şeirlərə məhəbbətlərini artırdım. “Sim-Sim Lələ” obrazı ağlıma gəldi. İndi də onun çörəyini yeyirəm. Onun papağından tutmuş geyimlərini, sehrli durbinini özüm fikirləşmişdim. Redaksiya qəbul etdi, nağıllar yazıldı. Hər verilişin axırında “göydən üç alma düşdü” deyirdim, uşaqları sevindirirdim”

Bunu Moderator.az-a açıqlamasında bir zamanlar ən məşhur uşaq verilişi, “Sehrli güzgü” proqramının “Sim-Sim Lələ”-si, tanınmış aktyor Adışirin Bağırov deyib. O daha sonra əlavə edib.

“Özüm uşaqlıq görməmişəm, uşaq həyatı yaşamamışam. Valideyn olmayan yerdə uşaq necə sevinib, şadlana bilər?. 6 yaşım olanda hamı mənə deyirdi ki, “Qocalanda sənə necə müraciət edəcəklər? Adışirin baba?”. Adımı hallandırıb gülürdülər. İndi mənim adımı “Sim-Sim Lələ” əvəz edir. Bəzən onu yadıma salıram, deyirəm ki, Allahın işinə bax da. Hələ yadıma gəlmir ki, o verilişi biz studiyada çəkək. Uşaqlar işıqlardan, kameralardan qorxurdu. Dişimizlə, dırnağımızla uşaqları parkda, zooparkda çəkirdik. Çox vaxt uşaqları özüm seçirdim. Çalışırdım ki, uşaqları həmişə maarifləndirim. Analar, nənələr mənə deyirdilər ki, uşaqlarımızı sizin verilişinizlə böyüdürük. Mən də çalışırdım ki, eyni uşaqlar çəkilməsin. Texnologiya inkişaf etdikcə artıq hiss edirdim ki, sehrdən danışmaq olmur, uşaqlar da zatən inanmazdılar. AZTV-də struktur dəyişikliyi oldu, redaksiyalar bağlandı. Obraz kimi mən və digər həmkarlarım kənarda qaldıq. İnciyib, küsmədim. Kimi qınaya bilərdim?! Bunu texnologiyanın inkişafı ilə əlaqələndirirəm. Başqa kanallar da dəvət etmədilər. Çünki mən AZTV-nin aktyoru idim. Deyirdilər ki, “sizi dəvət etsək deyəcəklər ki, AZTV-nin obrazıdır”. Sözün düzü özüm də sonralar can atmadım. Hətta o vaxt Gənclər teatrında çalışanda Hüseynağa Atakişiyev qarşıma şərt qoyub dedi ki, “ya televiziyanı seç, ya da teatrı”. Gözümü qırpmadan, düşünmədən televiziyanı seçdim. Teatrdan çox asanlıqla çıxdım. O vaxt məni haralara dəvət etmirdilər ki.. Əbülfəz Elçibəyin olduğu toylarda da çıxış edirdim. Zeynəb Xanlarova bir dəfə Aztv-nin koridorunda məni saxlayıb dedi ki, “fikirləşmə ki, deputatam, amma verilişlərinə baxıram”. Əlimi sıxıb, təşəkkür etdi. Bu mənim üçün unudulmaz bir görüş idi. Gözümdə şöhrət, pul qazanmaq yox idi. Olsaydı indi bəlkə də villalarda yaşayırdım” deyə məşhur aktyor bildirib.

Adışirin Bağırov bildirib ki, uzun illər sonra AZTV-də çalışmağına səbəb bir jurnalistin onun haqda yazdığı yazı olub.

“Moderator.az saytının bir jurnalisti var. O xoşlamır adını çəkim, ona görə də çəkmirəm. Ömrümün sonuna qədər ona minnətdaram, borcluyam. O şəxs məni yerdən göylərə qaldırdı. Heç kim məni itirib-axtarmırdı, yaddan çıxmışdım. Bir gün zəng edib mənimlə danışdı. Özümə də təəccüblü gəldi ki, necə onun yadına düşmüşəm?! Çünki bu mənə uzun illər sonra olan jurnalist zəngi idi. Moderator.az üçün mənimlə müsahibə etdi. Həmin müsahibədən sonra məni AZTV dəvət etdi. Hər zaman onun üçün dualar edirəm. Hal-hazırda AZTV-də çalışıram, bütün tədbirlərində varam. Çağırılan yerə gedirəm. Yeni ildə şaxta baba, Novruz bayramında Kosa oluram. Zəngilanın Ağalı kəndində 3 saatlıq canlı yayımda kosa obrazı ilə çıxış etdim. Xalq artisti Ramiz Həsənoğlunun bir layihəsində də yer almışam. Soruşmamışam ki, məni nəyə çəkirsən? Amma şəxsən özü ilə söhbətimiz olub. Nə rol versə oynayacam. 64 yaşım var. Həyatımdan narazı deyiləm. Özüm də ssenarilər qələmə alıram. Seriallara dəvət almıram. Yalan deyə bilmərəm. Heç əvvəllər də dəvət etmirdilər, indi də. Orada maliyyə problemi var. Bilirəm ki, pul vermirlər. Bir rejissor deməyib ki, gəl filmimə çəkil. Çünki sponsorlar tərəzinin gözünü əyib. Hər kəs öz ətrafını çağırır. Bir etirazım var ki, aparıcılar efirdə toy mövzularından danışmasınlar, xalqı maarifləndirsinlər. Toya apardıqları müğənniləri verilişlərinə çağırırlar. Deyirlər ki, “mən Moskvada, Sibirdə toyda oldum”. Aparıcısan, aparıcılığını et də. Müğənnilər övladlarını vurub qoltuqlarına bu kanaldan o kanala, o kanaldan da bu kanala gedirlər. Bəs Masallının Çaxırlı kəndində yaşayan uşaq necə ruhlansın? Necə maariflənsin?! Acgözlüyün yüksək səviyyəsidir. Onlara sənətkar demək olmaz. Bunu deməkdə məqsədim odur ki, 1988-ci ildə “Bakı Payızı” müsabiqəsində 3 yaşlı uşağı səhnəyə çıxartdım. 2500 insanın qarşısına. İndi o məşhur müğənnidir, Namiq Qasımov. Bu gün də sənətlə məşğuldur. Bir adam bizi bir yerə çağırmır ki. Adışirin bunu o vaxt görüb, 3 yaşlı istedadı səhnəyə çıxardı!” deyə sənətkar bildirib.

Adışirin Bağırov bildirib ki, bu günki uşaqları təəccübləndirmək mümkün deyil.

“Texnologiyanın bu qədər yüksək inkişaf etdiyi bir vaxtda sözün düzü özüm də can atmıram ki, uşaq verilişlərini təkrar efirə qaytaraq. O səviyyəni qoruyub saxlaya bilməyəcəyik. Bu mümkün deyil. Çünki hər uşağın əlində telefon var, istədiyi çizgi filmini, nağılları izləyə bilir. O vaxt axşam 8-in yarısını səbirsizliklə gözləyirdilər ki, çizgi filminə baxsınlar. Bu gün uşaqlara kitabları sevdirmək lazımdır. Öz adət ən-ənələrimizi uşaqlara öyrətməliyik” deyə sənətkar bildirib.

Geri qayıt