Əsas Səhifə > Şou-biznes > "Məni Cavanşir müəllimlə birlikdə dəvət ediblər"

"Məni Cavanşir müəllimlə birlikdə dəvət ediblər"


15-12-2023, 06:22
"Məni Cavanşir müəllimlə birlikdə dəvət ediblər"
Yeni il gecəsi müğənnilər üçün ilin ən məhsuldar, ən gərgin qrafikli iş günü hesab oluna bilər. Çünki elə müğənni var ki, bir gecədə dörd, beş, hətta daha çox məkanda səhnəyə çıxır. Bununla bağlı, əməkdar artist Firuzə İbadovaya da sual ünvanladıq. O isə sualımıza belə cavab verdi:

“Dekabrın 31-i biz Dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd edirik. Həmin günü həm də qardaşımın doğum günüdür. Biz onu heç bir doğum günündə tək qoymamışıq. Dəvət aldığım yerlərə canla-başla gedib iştirak edəcəyik, ifalarımız olacaq. Məni Cavanşir müəllimlə birlikdə dəvət ediblər.”

Müğənnilərin səhnə çıxışları üçün özlərinin təyin etdikləri fantastik qiymətləri söyləyəndə isə o, təmkinini pozmadan dedi:

“Mən heç zaman qonorar söhbəti etməmişəm. Mənim sənətim üçün bu ayıb bir şeydir. Mən hər zaman xalqın içində, onların sevincinə şərik olmaq istəmişəm ki, o sevincdən mənə də pay düşsün. Yeni il bayramı üçün üç məkana dəvət almışıq, cibimizə nə qoysalar Allah min bərəkət versin. Allah xalqımıza ruzi, nemət, can sağlığı versin. Biz ustadlarımızdan belə görmüşdük ki, sənətə heç zaman qiymət qoyulmur. O zamanlar belə tədbirlər olmurdu, illər ötdükcə zamanla ayaqlaşmaq lazımdır. Təki dəyişən hər şey yaxşılığa doğru dəyişsin.”

Əməkdar artist Firuzə İbadova son günlər səhhətində yaranan problemə də aydınlıq gətirdi;

“Elə bil pandemiyadan sonra insanların yanından yel əsən kimi xəstələnirlər. Şükür, yavaş-yavaş yaxşılaşıram. Bir balaca nasazlamışam, amma bunun oxumağıma heç bir təsiri yoxdur. Çünki, mahnı oxuyanda elə bil sağalıram.”

O sonda bütün həmvətənlərini qarşıdan gələn bayram münasibətilə təbrik etdi, bu ili özü üçün məhsuldar il hesab etdiyini vurğuladı.

“Mən bütün soydaşlarımızı təbrik edirəm, illəri uğurlu gəlsin. Bu il Ulu öndərin 100 illiyi ilə əlaqədar həm ölkəmizdə, həm də ölkədən kənarda çoxlu tədbirlərlə, konsert proqramları ilə çıxışlar etdik. İlimiz çox məhsuldar, maraqlı keçdi. 2024-cü il də gözəlliklərlə gəlsin.”

Mənbə: Moderator.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Geri qayıt