Əsas Səhifə > Şou-biznes > " Əsas fəxri ad almaq deyil..."

" Əsas fəxri ad almaq deyil..."


6-12-2023, 06:07
" Əsas fəxri ad almaq deyil..."
Akademik Milli Dram teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova Moderator.az-ın suallarını cavablandırıb.

-Mehriban xanım, bu günlərdə filmə çəkilmək üçün Türkiyəyə yola düşmüşdünüz. Çəkilişlər bitdi yoxsa hələ də davam edir?

-Bildiyiniz kimi qardaş ölkə Türkiyədə film çəkilişi ilə bağlı baş rola dəvət almışdım. Çəkilişlər Türkiyənin İstanbul şəhərində və müxtəlif bölgələrində oldu. Filmin adı "Simuzər" dir. Mən orada Simuzər obrazını oynayıram. Həmin rolla bağlı İstanbulda özəl rəqs dərsləri aldım. Simuzər Azərbaycandan Türkiyə getmiş qadındır. Və bir qızı var. Türkiyədə işləyərək ailəsinə, qızına hər ay maddi dəstək göndərir. Ancaq filmin sonunda onun çəkdiyi əziyyətləri ailəsi və qızı yerə vururlar. Çox acınacaqlı taleyi var. Orada bütün kollektiv məni yaxşı qarşıladı. Özümü vətənimdəki kimi hiss elədim. Rejissorumuz Cansu xanım dedi ki, sizin kimi istedadlı sənətkar ilə çalışdığım üçün qürur duyuram. Film hazır olduqdan sonra xarici ölkələrin festivallarında nümayiş olunacaq.

-Həmkarınız, aktrisa Hicran Nəsirova verilişlərdə ekspert qismində çıxış edən sənətçiləri qınayıb. Sizin buna münasibətiniz necədir?

-Hər kəsin öz yanaşması var. Hicran xanım da belə düşünür. Hörmətlə yanaşmaq lazımdır.

-Sosial şəbəkədə paylaşım edərək məşhur “Harry Potter” filmindəki qəhrəmanlardan birini oynadığınızı bildirmisiniz. Bu tamaşadır yoxsa?

-Bəli. Bu yaxınlarda “Harry Potter” filmindəki Minerva Makqonaq obrazını canlandırdım. Obraz Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqisi zalında keçiriləcək şou üçündür. Tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sosial şəbəkələrdə yazılanları oxuyuram. Hər kəs deyir ki, düzgün seçim ediblər.

-Sizin nəsil sənətçilər hələ də öyrəndiyinizi dediyiniz halda, gənclərdə sanki belə bir rahatlıq var ki, hər şeyi bilirik, heç nəyə ehtiyacımız yoxdur..

-İndiki gənclərin bəziləri "eqo" xəstəliyinə tutulub. Bu səbəbdən kimdənsə nəsə öyrənməyi özlərinə sığışdırmırlar. Peşəsindən asılı olmayaraq, hər insan xidmət etdiyi sahədə özünü inkişaf etdirməlidir. Bütün yeniliklərə açıq olmalıdır. Bu özünü bəyənmişlik ilə bağlıdır. İnsan ucaldıqca sadə olmalıdır.

-Sizi çox tanıyır, bəlkə də uşaqdan-böyüyə hamı. Gəlin etiraf edək ki, bəzi sənətçilər var, onları tamaşaçılar 1-2 dəfə instaqramda şəkil paylaşanda, yaxud hansısa mövzu ilə gündəmə gələndə tanıyıb. Amma bəxtləri gətirib, “xalq artisti” fəxri adını daşıyır, o xalqın tanımadığı sənətçilər...

-Əsas fəxri ad almaq deyil. Əsas olan həmin adlara layiq olub xalq tərəfindən sevilməkdir. Ad sistemi olmayan ölkələrdə elə məşhurlar var ki, fəxri adları olmasa da xalq tərəfindən, hətta bütün dünyada sevilirlər. Məsələn Beyonce, Cennifer Lopez və digərləri. Mən xalqın sevgisinə daha çox önəm verirəm. Çünki öldükdən sonra “Allah rəhmət eləsin” sözünü qazana bilmək əsasdır. Əgər sağlığında yaxşı insan olmamısansa adın, titullların olsun nə fayda?!

-Teatrşünas İsrafil İsrafilov bu günlərdə “bizim dünyaya çıxarılası tamaşamız yoxdur. Özümüz özümüzü alqışlayıb, gül veririk” deməsi aləmi əməlli-başlı qarışdırdı. Sizcə həqiqətənmi belədir?

-İsrafil müəllimi “Manqurt” və “Şükriyyə” tamaşalarına dəvət edirəm. Gəlib baxsın görsün ki, necə tamaşalarımız var. Şəxsən mən Mehriban Xanlarova "Manqurt" tamaşası ilə dəfələrlə ölkəmizi Beynəlxalq festivalda təmsil etmişəm. 2018-ci ildə "Manqurt" tamaşasında ifa etdiyim Nayman Ana obrazına görə, Bişkekdə keçirilən Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş "Aytmatov və teatr" festivalında "Ən yaxşı qadın rolu" nominasiyasının qalibi oldum və ölkəmizə qalibiyyət gətirdim.

-Həyatınızda nəyi dəyişmək istərdiniz?

-Nəyisə dəyişə bilmək üçün güclü maddiyyat olmalıdır. Ancaq şükür bu günə. Mən Allahımdan çox razıyam. Hər zaman həyatda alnıaçıq şəkildə yaşamağa üstünlük vermişəm. Heç vaxt razı olmaram ki, kiminsə yanında gözü kölgəli olum. Mən inanıram ki, 100 illər keçsədə şəxsi həyatımda mərdlik içində yaşamağım bir çoxlarına örnək olacaq.
Geri qayıt